Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, seminar-müşavirəni giriş sözü ilə açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
29 Yanvar 2018 18:13 SosialYanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib. "OLAYLAR"-a Dini Komitədən bildirilib ki, seminar-müşavirəni giriş sözü ilə açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
Azərbaycanda dövlət və din münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S. Heydərov vurğulayıb ki, dövlət başçımız tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə ölkə başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Natiq deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır.
Bəzi dairələr tərəfindən radikal yönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının müvafiq dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alındığını bildirib. DQİDK sədrinin müavini hər kəsi yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə radikal dini təsirlərə məruz qalmamaq üçün daha diqqətli olmağa çağırıb.
Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb. Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Bəhruz Əzizov dindarlara göstərdiyi qayğı üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirib.