Aktrisa: “Onları həyat o filmlərə çəkilməyə məcbur edir”

"Mən Azərbaycanda çəkilən ilk serial "Bəyaz həyat"da rol almışam. Hazırda serial təkliflərdən imtina edirəm. Mən keyfiyyətli işləri sevən aktrisalardanam. Bilirsiniz ki, teatrla yanaşı mənim öz işlərim də var. Maykl Cekson, Merlin Monro kimi məşhurları canlandırıram. Gördüyüm işlərə qarşı hər zaman tələbkaram".

Bu sözləri Rus Dram Teatrının aktrisası Naina İbrahimova musavat.com saytının suallarına cavab verərkən deyib.  

Əməkdar artist hazırda çəkilən serialların keyfiyyətsiz olduğunu bildirib: "Əgər serialda 2-3 peşəkar aktyor çəkilirsə, digərlərini qeyri-peşəkardır. Bu zaman isə yaxşı iş ərsəyə gətirmək mümkün deyil. İstəyirəm ki, bizim çəkdiklərimiz də xaricdə istehsal olunan "Muhteşem yüzyıl", "Tüdorlar" və s.  kimi serialların keyfiyyəti ilə eyni olsun. Mən bu səviyyədə olan işləri sevirəm. Qeyd etdiyim seriallarda rejissor işi, ssenari, kostyum seçimi ən üst səviyyədədir. Bizdə heç kostyum üzrə rəssam da yoxdur. Aktyorlar gündəlik geyimləri ilə çəkilirlər.

Misal üçün, keçən il məşhur bir şirkət mənə Merlin Monro obrazında reklama çəkilməyi təklif etdi. Onlara o dəqiqə razılıq verdim. Çünki o obraz üçün geyimim olduğunu bildikləri halda mənim üçün yeni libas hazırlatdılar".

- Son zamanlar çəkilən filmlər kommersiya filmləridir, sənətçilər də bu filmlərə üstünlük verir. Sənət adamlarının bəzisi isə çox zaman sənətin ikinci plana keçməsindən narazılıq edir.

- Ola bilər ki, onları həyat məcbur edir. Sağ qalmaq və ailəsini dolandırmaq məcburiyyətindədir. Ya da ki, onların sənəti yoxdur. Bu məsələyə müxtəlif tərəflərdən baxmaq olar. Amma incəsənət insanı sənəti və tamaşaçısı üçün yaşamalıdır.

- Həmkarlarınız arasında baş verən qalmaqallara münasibətiniz necədir?

- Fikrimcə, belə hallar olmamalıdır. Teatra gəldikdə isə mübahisələr hər yerdə baş verir. Bu mövzular daxildən çölə çıxmamalıdır. Təəssüflər olsun ki, şou-biznesdə belə deyil. Hazırda qalmaqallar bir az səngiyib. Ümumiyyətlə isə bu sahəni təmsil edənlər hər zaman skandalları seviblər. Məni nə qədər qalmaqal, mübahisələrə çəkmək istəsələr də alınmayıb. Bunlar mənim səviyyəmə uyğun deyil. Niyə iki incəsənət nümayəndəsi bir-biri ilə dava etməlidir? Onlar bu dünyaya başqa cür baxmalıdır. Dünyaya niyə gəldikləri barədə düşünməlidirlər. Sənətçilər yaradıcılıqları ilə məşğul olsalar daha yaxşıdır. Boş reklamdan əl çəksinlər. Söyüş, təhqir və davaları ictimailəşdirmək olmaz.

- Naina xanım, 2018-ci illə bağlı planlarınız nələrdir?

- Rus Dram Teatrının bir neçə layihəsi var. Eyni zamanda da müxtəlif fotolayihə hazırlamaq fikrindəyəm. Bundan başqa şeirlər səsləndirib onlara videoçarxlar çəkdirəcəyəm. Bu şeirlər həm xarici həm də yerli şairlərindən olacaq. Ümumiyyətlə, planlar çoxdur, əsas odur ki, həyata keçsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00