Hovuzuna qəpik atmadığımız Alanyaya təkrar getmək şansı

Mayın 15-dən etibarən Bakıdan Alanyaya həftədə 3 dəfə təyyarə uçacaq.

Yəqin ki, bu sətirləri oxuyan hər kəs Alanyanın harada olduğunu bilir. Yox, əgər bilməyənlər varsa, bu Alanyanı Şimali Qafqazda mövcud olmuş (hazırda təxminən İnquşetiyanın ərazisi) qədim Alaniya dövləti ilə qarışdıranlar ola bilərsə, bəri başdan deyək ki, söhbət Türkiyənin kurort şəhərindən gedir.

Ömründə bir dəfə Amerikaya gedən, qayıdandan sonra 10 il boyunca tez-tez cümlələrini "mən axırıncı dəfə Amerikada olanda" deyə başlayan tanınmış həmvətənimizin sözü olmasın, mən axırıncı dəfə (həm də birinci dəfə) il yarım əvvəl Alanyada olanda bu şəhərdən, onun dənizindən çox xoşum gəldi.

Gözəl yerdir. Dəniz qırağına çıxırsan, elə bilirsən, Maldiv adalarındasan. Düzdür, Maldivdə olmamışam, amma orada bal ayında olan, xoşbəxt günlərini klipləşdirən sevgili cütlüklərin sosial şəbəkədə yaydığı videolarda oranın nə cür yer olduğunu görmüşəm.

Bundan başqa, Alanyanın özü həm təbiəti, həm də cəmiyyəti etibarı ilə Avropanın ən bərk gedən şəhərlərini  xatırladır. Biz orda olan vaxt şəhərdə holland, alman, serb, rus, danimarkalı, çex ingilis, fransız yerli türklərdən çox kimi görünürdü. Soruşdum, dedilər ki, gerçəkdən də yay mövsümündə bu şəhərə on minlərlə sarışın, ağbəniz əcnəbi gəlir. Heç demə, onların çoxunun orda mülkləri var, ilin yarısını öz ölkələrində, yarısını Alanyada yaşayırlar. Hətta elə kvartallar var ki, əcnəbilər il on iki ay burada yaşayır, öz ölkələrinə qayıtmırlar.

Gecə saat 1-2-dir, amma şəhərin mərkəzində on minlərlə adam olur. Çayxanalar, kafelər, sahildə dayanmış yaxta-restoranlar istirahət edənlərlə dolub-daşır. Alanya bulvarında 300 yerlik çayxanalar gördüm. Əlbəttə, bu təxmini saydır, çayxanada yerlərin sayı 290 da ola bilər, 310 da.

Bircə pis hal o oldu ki, Alanyada qəpik atmağa hovuz görmədim. Qaydadır axı, bir şəhərə yenidən gəlmək istəyirsənsə, onun mərkəzindəki hovuza qəpik atırsan. Elə şəhərlər (Roma, Vaçiqnton, Paris və s.) var ki, hovuzdan yığdığı qəpiklərin hesabına bələdiyyədə yeddi-səkkiz ştat saxlayır. Əgər Alanyada elə bir hovuz olsaydı, tətil yoldaşım Əlinin və alanyalı qardaşımız Kamilin cibindəki quruşların hamısını alıb hovuza tökəcəkdim. Ona görə ki, bu qəpiklər Alanyaya bir daha qatyıtmaq işinə kömək eləsin.

İndi iş belə gətirib ki, yenidən Alanyaya getmək arzum daha asanlıqla həyata keçə bilər. Çünki birinci cümlədə ərz etdiyim kimi, Bakıdan Alanyaya həftədə üç dəfə təyyarə uçacaq - özü də bu, aşağı məsrəfli uçuş olacaq.

Bir var, burdan uçasan İstanbula, Ankaraya və ya Antalyaya, sonra ordan da Alanyaya yollanasan - bu nə qədər vaxt itkisidir, üstəlik, iki təyyarə dəyişməyin pul-parası da, təbii ki, çox olur. Bir də var, Binədə oturasan təyyarəyə, iki saatdan sonra düşəsən, daha dəqiqi, enəsən Alanyanın aeroportuna. 4-5 saat zaman qazanarsan, nə qədər olmasa da, 200-300 manat da pul.

Bu savab işin təşəbbüskarı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludur. Mövlud bəy əslən alanyalıdır, ata evi ordadır,  qardaşları da orada yaşayır. Nazir istəyib ki, onun nazirliyindən eloğluları da bir fayda görsün. Bizim nazirlər də imkan düşdükcə elə şeylər edirlər. Məsələn, bizimkilər çoxlu istixanalar və ya şadlıq evləri tikdirir, eloğluları da  o obyektlərdə işləyib çörək qazanır.

Çavuşoğlu isə istəyir ki, azərbaycanlı turusitlər dağa-daşa düşməsinlər, ucuz qiymətə Alanyaya uçsunlar və qıraq yerdə xərcləyəcəkləri pul-paranı onun eloğlulalarının işlətdiyi otellərə, restoranlara, ticarət mərkəzlərinə versinlər. Hazırda nazir bir çox başqa ölkələrdən də turist cəlb etmək üçün çalışır.

Bizə nə lazımdır? Bizə o lazımdır ki, yayda heç olmasa bir-iki həftəliyə ucuz qiymətə (5-6 yüz manata) istirahət edək, ayağımızı Ağdənizin duzlu sularına salaq, belimizə Alanya günəşi (saat 12-yə qədər və 4-5-dən sonra) dəysin, bir də gecələr Alanya bulvarındakı bürkülü çayxanada sərin meh uma-uma oturaq və doğma Bakımızdan, onun zəhlətökən küləyindən darıxaq.

Samir SARI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00