Dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir
Son illər beynılxalq yarış və turnirlərdə bir sıra ölkələrin idmançılarında dopinq aşkar edilməsi bu istiqamətdə mübarizəni daha da aktuallaşdırıb. Dünya idmanına öz adını həkk etməyi bacarmış Azərbaycanda da dopinqə qarşı səmərəli mübarizə aparılır. Nəzərə alsaq ki, dopinqdən daha çox ağır atletika ilə məşğul olan idmançılar iştirak edir, o zaman bu idman növü üzrə tanınmış idmançılarla daha yaxından iş aparmaq zərurətə çevrilir.
26 Yanvar 2018 13:50 SosialRizvan Rəsulov: "Bu halların baş verməməsi istiqamətində ciddi islahatlar aparırıq"
Son illər beynılxalq yarış və turnirlərdə bir sıra ölkələrin idmançılarında dopinq aşkar edilməsi bu istiqamətdə mübarizəni daha da aktuallaşdırıb. Dünya idmanına öz adını həkk etməyi bacarmış Azərbaycanda da dopinqə qarşı səmərəli mübarizə aparılır. Nəzərə alsaq ki, dopinqdən daha çox ağır atletika ilə məşğul olan idmançılar iştirak edir, o zaman bu idman növü üzrə tanınmış idmançılarla daha yaxından iş aparmaq zərurətə çevrilir. Elə Azərbaycan Ağır Atletika Federasiyası da bütün bunları nəzərə alaraq dopinqə qarşı mübarizə istiqamətində səylərini artırıb. Federasiyanın baş katibi Rizvan Rəsulov deyir ki, Olimpiya idman növlərində idmançılar arasında sağlam rəqabətin təmin olunması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) və digər beynəlxalq təşkilatlar tərəfindən aparılan işləri təqdirəlayiq hesab etmək lazımdır. Onun sözlərinə görə, əsas mübarizə vasitələrindən biri də dopinq hadisələrinə qarşı diskvalifikasiya cəzalarıdır. Baş katib qeyd edib ki, Azərbaycan da daxil olmaqla cəza almış digər ölkələrdə də ağır atletikada islahatların aparılmasına ciddi diqqət yetirirlər: "Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) milli federasiyalarla sıx ünsiyyətdə olur, onların qarşısında bir sıra vəzifələr qoyur. Bu gün dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir. AAAF bu işə ciddi münasibətini göstərir. AMADA da qeyd olunan məsələlərdə fəal iştirak edir. Biz bundan irəli gələn, üzərimizə düşən öhdəlikləri yerinə yetirir, ağır atletikanın nəinki gələcəkdə Olimpiya ailəsindən çıxarılmasının qarşısını almaq, əksinə daha nümunəvi idman növü olmasına öz töhfəmizi verməyə çalışır, onun şəffaf inkişafı üçün ciddi addımlar atırıq. AMADA il ərzində yarış və qeyri-yarış şəraitində idmançılardan götürdüyü testləri beynəlxalq laboratoriyalara göndərir. Təbii ki, bu proseslərin nəticəsində bəzi idmançıların verdikləri analizlərdə qadağan olunmuş maddələr tapılır. Təqdirəlayiq hal odur ki, beynəlxalq təşkilatlar ilə yanaşı Milli Agentlik də bu işə məsuliyyətlə yanaşır. Federasiya bu tədbirləri təbii qarşılayır, çünki belə hallarla qarşılaşan tək biz deyilik. Bir atletin yarış və ya qeyri-yarış şəraitində dopinqə düşməsi ciddi məsələdir. Lakin bu hallar bir çox idman növlərində təsadüf olunan hadisələrdir. Qadağan olunmuş preparatlardan istifadə edən idmançı həm özünə, həm təmsil olunduğu federasiyaya və ən əsası ölkəsinə ləkə gətirir. Ancaq biz dopinqlə mübarizə aparırıq və ortaya belə neqativ hallar çıxdıqda onu faciə adlandırmamalıyıq. Bu halların baş verməməsi istiqamətində ciddi islahatlar aparırıq. Lakin bu mübarizə tək federasiyanın işi olmamalıdır. Bununla idman növünün inkişafı ilə məşğul olan bütün idman təşkilatları da yaxından iştirak etməlidirlər. Yaddan çıxartmaq lazım deyil ki, kiçik yaşlarından idmanla məşğul olan idmançılar idman növünün sirlərinə idman məktəblərində və klublarda yiyələnirlər. Bu, ciddi həm fiziki, həm də psixoloji prosesdir". Rizvan Rəsulov deyib ki, dopinqsiz fəaliyyət üçün maksimum səy göstərilir: "Bu proses ağrılıdır, oturuşması üçün vaxt lazımdır. Biz dopinqin kökünü kəsmək istəyirik. Ağır atletikada dopinq olmamalıdır. Biz belə düşünürük. Ancaq əvvəlcə dopinqi bəzi insanların beynindən çıxartmaq lazımdır. "Dopinqsiz uğur qazanmaq mümkün deyil" ifadəsindən kənara çıxa bilməyənlər yetərincədir. Onlar anlamırlar ki, dopinq qəbul etməyin heç bir xeyri yoxdur və onu qəbul edən şəxs əvvəl-axır "ilişəcək", problemlərlə üzləşəcək. Bunu son illərdə verilən diskvalifikasiya qərarları sübut etdi. Bizim üzərimizə düşən iş kompleks tədbirlərin həyata keçirilməsidir". Federasiya baş katibi onu da diqqətə çatdırıb ki, 2017-ci ildə AMADA tərəfindən 50 test götürülüb ki, onlardan 35-i yarışdan kənar, 15-i isə yarış vaxtı həyata keçirilib: 2Bəli, onların içərisində dopinq çıxan nümunələr də var və bunu nə AMADA, nə də biz gizlətməmişik. Ancaq kimsə rəsmi açıqlama verilənə qədər bundan xəbər tutub, ictimaiyyətə KİV vasitəsilə çatdırırsa da, uğursuzluğa düçar olur. Bundan sensasiya yaratmaq, AAAF-ı ləkələmək məqsədi güdmələri təqdiarəlayiq hal deyil. Bunu pisləyirik. Biz bir ailəyik və ailə içərisində problemlərin olması qaçılmazdır. Bunu müəyyən məqsədlər üçün qabartmağı qeyri-ciddi addım sayıram. Bu, həm bəzi jurnalistlərin, həm də o məlumatları ötürənlərin peşəkarlığına şübhə yaradır. Bu proseslərə başqa gözlə baxmaq lazımdır. Federasiya dopinqlə mübarizə aparır və ortadakı nəticələr məhz bu işin, bu mübarizənin nəticəsidir. Biz bu dopinq hallarını tez ortaya çıxarır, həmin günahkar idmançı və ya mütəxəssislləri sıralarımızdan uzaqlaşdırırıq. Kim olur-olsun, fərq etmir. Bizə dopinq qəbul edib nəticə qazanan idmançı lazım deyil. Qarşıdakı yarışlara maneəsiz getmək və təmiz gücümüzü göstərmək istəyirik. Bunu edə biləcəyik, əmin olun. Sadəcə, vaxt lazımdır. Hansısa idmançının dopinqə düşməsi əslində sadə məsələdir. O mənada ki, kimsə qaydanı pozubsa, cəzasını almalıdır. Hər şey bu qədər sadədir. AMADA-nın fəaliyyətini yüksək dəyərləndiririk. Yoxsa bu qədər pozuntular üzə çıxmaz, sonra yığma komandamıza daha böyük problemlər yaranar, federasiya olaraq zərbə altında qala bilərik. Qarşıda görməli olduğumuz çox iş var. Ötən ilin dekabrında IWF-dən bizə məktub daxil olmuş, müəyyən şərtlər irəli sürülmüşdü. Dekabrda Almatıdakı 9 ölkənin cəzalanması ilə bağlı brifinqdə də iştirak etdik, əlavə tələbləri eşitdik, bu haqda ictimaiyyətə geniş açıqlama verdik. Çox ciddi öhdəliklər götürmüşük. İlk olaraq, biz WADA və AMADA üçün şəffaf olmalı, onların dopinq testi məkanından asılı olmayaraq rahat götürmələri üçün ən münbit şəraiti yaratmalıyıq. Əks halda cəza müddətimiz nəinki azalar, daha da artar. Biz çalışırıq ki, dopinq qəbul edən atletləri tez bir zamanda özümüz ortaya çıxaraq, uzaqlaşdıraq. Lakin bunu biz tək edə bilmərik, müvafiq qurumlarla əməkdaşlıq etməliyik və edirik də. Bu gedişat pis mənada şişirdilməməli, əksinə təqdir edilməli, federasiyanın əzmkarlığı kimi qeyd olunmalıdır. Düşünürəm ki, dopinq məsələlərini məqsədli şəkildə şişirtmək, bununla manipulyasiya etmək, federasiyaya, onun işinə qarşı çıxmaq, ləkə yaxmaq sadəcə, ayıbdır. Bunu edənlərə yazıqlar olsun. Çox yazıqlar olsun! Daxildən bizə mane olmaq istəyənlər bu "mübarizə"lərini kənara qoyub idmançıların şəraitinin yaxşılaşdırılmasından, onların inkişafı üçün görülən işlərdən danışmalı, öz yerlərində idmançıların sayını artırmağa, onlarla daha ciddi məşğul olmağa çalışmalı, idmançı yetişdirməyə yönəlmələri daha məqsədəuyğundur".
Füzuli