“Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?”

Uzun müddətdən bəri barəsində söhbətlər aparılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi nəhayət ki, parlamentin müzakirəsinə çıxarılıb. Lakin sənədin Milli Məclisin Əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi birmənalı qarşılanmayıb. Belə ki, millət vəkilləri sözügedən qanunun təkmilləşdirməyə ehtiyac olduğu qənaətinə gəliblər. MM-in Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.

Deputat: "Bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır"
 

Uzun müddətdən bəri barəsində söhbətlər aparılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi nəhayət ki, parlamentin müzakirəsinə çıxarılıb. Lakin sənədin Milli Məclisin Əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi birmənalı qarşılanmayıb. Belə ki, millət vəkilləri sözügedən qanunun təkmilləşdirməyə ehtiyac olduğu qənaətinə gəliblər. MM-in Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək. Onun sözlərinə görə, qanunun 10-cu (Əlilliyi olan şəxslərin reablitasiyası və abilitasiyası) maddəsinin 6-cı bəndinə əsasən, əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. O, qeyd edib ki, qanun layihəsində məlum kateqoriyadan olan şəxslərin növbədənkənar mənzillərlə təmin edilməsi də öz əksini tapıb. Onu da qeyd edək ki, qanun layihəsində əlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir. Yəni, qanun layihəsinin 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Bəs qanun layihəsində millət vəkillərini narazı salan məqamlar hansılardır? Millət vəkili, adıçəkilən komitənin üzvü Musa Quliyev yeni qanun layihəsindən xəbərsiz olduğunu, ilkin tanışlıqdan sonra isə sənəddən narazı qaldığını deyib: "Köhnə-mövcud qanun daha işlək, daha praktik və daha mütərəqqi idi. Belə bir qanun layihəsinə heç bir ehtiyac yox idi. Bu sənəd bu şəkildə qəbul olunarsa, çox ciddi problemlər yaranacaq. Əlillərin yeganə ümid yeri dövlətdir. Onların dövlətdən savayı ümid yeri hara ola bilər ki? Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur, filandır...Maliyyə tutumlu məhz bu sənəd olmalıdır da? Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?" O, eyni zamanda, əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret olmadığını deyib: "Qanun layihəsində göstərilir ki, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir və tənzimlənəcək. Amma axşam həmin Məcəlləyə baxdım, orada belə bir şey görmədim...Axı, bu, necə ola bilər?!"
Millət vəkili Araz Əlizadə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinin qəbulunun tərəfdarı olsa, amma sənədin işləyə bilməməsindən ehtiyatlandığını bildirib. Millət vəkili deyib ki, ən ideal qanun olsa belə, o, işlək olmasa, heç bir əhəmiyyəti olmayacaq: "Mən belər sənədin qəbulunun əleyhinə deyiləm. Hesab edirəm ki, belə bir sənədə ehtiyac var. Amma əsas məsələ onun icrası, işləkliyidir. Ən ideal qanun qəbul etsək belə, o, işləməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq. Ona görə də mənim açığı deyim ki, bu sənədin işləməsinə inamım çox azdır. Axı, indiki əlil təqaüdləri, əlil müavinətləri ilə bu qanunun işləkliyini necə təmin etmək olar və ya olacaq?! Mən buna şəxsən şübhə ilə yanaşıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31