Belə-belə işlər... Elçin Hüseynbəyli yazır- Dostumun falçılığı
Baməzə, yəni zarafatcıl dostum yadınızdadır, yəqin? Yadınızdan çıxıbsa heç, yəni sizə bir quş. Amma mən demokratik vərdişlərimə sadiq qalaraq onun bir hekayətini danışmaq istəyirəm.
22 Yanvar 2018 13:03 SosialBelə-belə işlər
Elçin Hüseynbəyli
Dostumun falçılığı
Baməzə, yəni zarafatcıl dostum yadınızdadır, yəqin? Yadınızdan çıxıbsa heç, yəni sizə bir quş. Amma mən demokratik vərdişlərimə sadiq qalaraq onun bir hekayətini danışmaq istəyirəm.
Sizə deməmişəm, axı. Mənim dostum daşdan pul çıxarandır. Ələlxüsus da söhbət yeyib-içməkdən gedirsə. Yəni könlünə vurmaq düşdüsə, nə və kim desən ola bilər: reketdən tutmuş falçıya qədər.
Sizə danışacağım əhvalat da falçılıqla bağlıdır, özü də adi pivəxana söhbətidir.
Aldı görək nə dedi:
-90-cı illər idi, kasıbçılıq, qaramat adamı basır. Çörək növbələri, siqaret dilənmələri və s. Bunlar cəhənnəm, bir təhər yola vermək olar. Amma bunun üçün də pul lazımdır. Neyləməli? Ağlıma bir fikir gəldi: bu millət falçıya, baxıcıya inanandır. Ona görə də bir ofis kirayələdik və başladıq falçılığa. Özümüz də elan yapışdırdıq ki, vəzifəyə getmək istəyənin yolunu, ərə getmək istəyənən bəxtini açırıq. Elan öz işini gördü və bala-bala pul qazanmağa başladıq. Amma elə günlər də olurdu ki, müştəri tapa bilmirdik, pul qazanmaq haqqında baş sındırırdıq. Belə günlərin birində dostumuz yanımıza gəldi. Dost gəlişi toy-bayram olar. Amma heç kimdə pul yoxdu. Ora pul, bura pul. Itirməmişik tapaq, gizləməmişik yerin bilək. Birdən qonaq dostumuz dedi ki, pul məndə. Bəs bacımgilin ailəsində problem var, özləri də cadu-pitiyə inanırlar. Gedim onlara deyim, bir şey hasil olsa, sizə xəbər edərəm. Mən də bərayi-ehtiyat bir "cin məktubu" yazıb ona verdim. Dedim ki, bunu qaz sobasının daxılında gizlədərsən.
Dostum getdi və bir azdan zibillikdən tapdığımız telefon zəng elədi, dedi ki, "avtomat"dan danışıram. Bacımgildən 50 dollar qopara bilmişəm və demişəm ki, bu baxıcı elə qüdrətə malikdir ki, sizə edilən cadunun kökünü həmən tapacaq və probleminiz tamam-kamal həll olunacaq.
Şərikimlə deyilən ünvana yollandıq. Evə girən kimi havanı iyləməyə, künc-bucağa göz gəzdirməyə başladım və bir az duruxandan sonra fikirli-fikirli dedim ki, bu ailədə problem var və həmin problemi sizə yaxın bir qadın yaradıb, sizə cadu-piti elətdirib, cin məktubu yazdırıb və bu evin harasındasa gizlədib, onu tapa bilsək, dərdinizə əncam çəkiləcək. Amma bunun üçün gərək bu böyük seyidin, yəni şərikimin əlini şirin edəsiniz. Dostumun bacısı yüyürüb 50 dolları gətirdi. Çiçəyim elə çırtladı ki, az qaldım, qol götürüb oynayam. Amma özümü o yerə qoymadım və əllərimin köməyilə, yəni "biopolya" vasitəsilə, guya ki, axtarışa başladım və nəhayət, qaz sobasının yanına gəldim, ürəyimdə sevinə-sevinə daxılın qapağını açdım, amma məktub orda yox idi. Özümü tamam itirdim. Neyləyəcəyimi bilmədim, plan pozulmuşdu. Bir də gördüm ki, dostum dodağının altında mızıldana-mızıldana mahnı oxuyur və hərdən belə deyir: "qazın dalındadır...qazın dalındadır..." Məsələni başa düşdüm və sonradan bildim ki, dostum məktubu gizlətmək istəyəndə kimsə içəri girib və o da təntiyib, məktubu qazın dalına qoyub. Əlimi qazın dalına atıb məktubu tapdım və oxumağa başladım. Nə oxuduğumu bilmirəm, çünki məktub ilan-qurbağa hərflərlə yazmışdım, eləcə ağlıma gələni deyirdim, şərədim-bərədum çərənləyirdim, sonra özüm də tərcümə edirdim: şər-xəta bu evdən uzaq olsun, pis dillər bağlansın və s.
Nə başınızı ağrıdım, həmin gün yaxşıca yeyib-içdik. Amma nə deyirsən, dostumun bacısıgildə həmin gündən əmin-əmanlıq oldu...
Sonra da deyirsiniz ki, baxıcıya inanmayın. Yeyib-içən adamın işini Tanrı həmişə rast salır, - dostum gülə-gülə dedi və pivədən bir qurtum alıb, ləzzətlə ağzını marçıldatdı...
Yanvar, 2018