Türkiyəli deputatlar Milli Məclisdə olublar
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub.
18 Yanvar 2018 15:06 SosialMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub.
Qeyd olunub ki, qardaş ölkələrimiz eyni istiqamətdə, eyni dəyərlər uğrunda fəaliyyət göstərir, bundan sonra da bu, belə davam edəcək. Komitə sədri ulu öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" deyimini bir daha xatırladaraq, Azərbaycanın hər zaman bu fəlsəfə ilə yaşadığını vurğulayıb. Bildirib ki, TBMM nümayəndə heyətinin ölkəmizə bu səfəri böyük əhəmiyyət daşıyır. Üç gündən sonra Azərbaycan tarixində baş vermiş ən qanlı hadisələrdən biri - 20 Yanvar faciəsinin 28 illik ildönümü qeyd ediləcək. Bu qanlı faciə Azərbaycan tarixinin bir şərəf səhifəsidir. Eyni zamanda 2018-ci il Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən məqamlarla zəngindir. Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 100 illiyi də qeyd olunacaq. Səməd Seyidov türk həmkarlarının bu səfərini bu əlamətdar hadisə ilə bağlı mənəvi dəstək kimi dəyərləndirib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Azərbaycana səfərindən məmnunluq duyduqlarını ifadə edib. Bildirib ki, 2018-ci ildə ilk ziyarətləri üçün məxsusi olaraq qardaş Azərbaycanı seçiblər. Çünki, bura üçün önəmli olan hər şey Türkiyə üçün də eyni əhəmiyyəti daşıyır. Qonaq bura gəlməzdən əvvəl "Şəhidlər Xiyabanı"nı ziyarət etdiyini, Azərbaycanın bu qanlı faciədə qurban verdiyi yüzlərlə igid oğul və qızlarını ehtiramla yad etdiyini vurğulayıb. Bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən üçüncü ölkə yoxdur. Xalqlarımızın azadlığı, müstəqilliyi yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi unudulmayacaq. Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb. Problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.