Nigar Adil yazır - Onlar insan deyil...

Gün ərzində saytlarda hər  sahəyə aid xəbərlər, yazılar yerləşdirilir. Siyasət, sosial, mədəniyyət, kriminal, dünya. Və hər bir sayt verdiyi xəbəri xüsusi, diqqət çəkən başlıqla təqdim etmək istəyir. Anlaşılan və qəbulolunan haldı. Çünki, hər kəs – jurnalist də, redaktor da təqdim olunan xəbərlərdə oxucu sayının yüksək olmasını istəyir, müasir dildə desək İP “ovundayıq”.

Nigar Adil

Onlar insan deyil...

Gün ərzində saytlarda hər  sahəyə aid xəbərlər, yazılar yerləşdirilir. Siyasət, sosial, mədəniyyət, kriminal, dünya. Və hər bir sayt verdiyi xəbəri xüsusi, diqqət çəkən başlıqla təqdim etmək istəyir. Anlaşılan və qəbulolunan haldı. Çünki, hər kəs - jurnalist də, redaktor da təqdim olunan xəbərlərdə oxucu sayının yüksək olmasını istəyir, müasir dildə desək İP "ovundayıq". Və biz təqdim etdiyimiz bu başlıqlarda məşhur olmayan birinə "MƏŞHUR MÜĞƏNNİ"... (aktyor) deyirik, məhkəmə qərarı ilə qatil elan olunmayan birinə "AMANSIZ QATİL"..., dünyanın hansısa bir yerində kiçik, bəlkə də çərşənbə tonqalı boyda olan yanğına, partlayışa "GÖRÜNMƏMİŞ PARTLAYIŞDA İNSANLAR HƏLAK OLDU"... və.s. İki elə bu böyüklükdə olan İP deyilən başbəlasının ucbatından yayımladığımız xəbərləri bu cür təqdim etməkdə özümüzü məcbur hiss edirik, borclu bilirik.

Son aylarda bir də belə AMANSIZ başlıqlar dəb halını alıb: "Azərbaycanda TRANS işıqları söndüyü üçün komendanta bıçaqla hücum etdi", "Azərbaycanlı TRANS məşhur müğənnini parodiya etdi", "Məşhur azərbaycanlı TRANS bu dəfə də Xumar Qədimovanı parodiya etdi", "Azərbaycanlı TRANS bir çox peşə sahiblərini tənqid etdi" və.s

Bu başlıqlardan da göründüyü kimi  biz insana insan olduğu üçün dəyər verə bilmirik. Bizim üçün bütün dəyərləri İP deyilən ölçü müəyyən edir. Dünyanın o biri ucunda hansısa partlayışdan, fəlakətdən həlak olan insanın faciəsini, acısını duymuruq, hiss etmirik. Düşündüyümüz yalnız REYTİNQDİ. Yayımlanan xəbərlərdə oxu sayıdı.

Bizimlə eyni cəmiyyətdə yaşayan, hər gün rastlaşdığımız, cinsi oriyentasiyasına görə hər gün hədəf aldığımız şəxslərin düşdükləri vəziyyəti heç zaman düşünmürük və heç vaxt da düşünməyəcəyik. Bizim üçün onlar insan deyil, onlar sadəcə bizlərə oxu sayı verən, İP qazandıran qüvvələrdi - TRANSlardı.

Özünü bilmiş zənn edənlər insanları iki qrupa ayırır: normal deyib qəbul etdikləri, TRANS deyib hər kəsin gözü qarşısında dışladıqları.Və çox zaman bu bilmişlərin düşündüyü fikirlərə, etdiyi əməllərə görə insan adlandırmaq bəlkə də insan adına olunan ən böyük haqsızlıqdı.

Bu dünyada hər bir canlının - insanın, heyvanın, insan kimi qəbul etmədiyiniz TRANSLARIN, cinsi azlıqların belə sevmək, istədiyi kimi yaşamaq haqqı var. Çünki, bu həyat onundu və ona da, bizə də  - hər birimizə bu imkan yalnız bir dəfə verilir. Sənin, mənim açıq -aydın yaşadığımız hissləri onlar da haqlı olaraq yaşamaq istəyir.

Nəinki cəmiyyət tərəfindən, heç ailələrinin belə qəbul etmədiyi bu insanlara qarşı hamı çin səddi "ucaldır". "Ucaldılan" bu sədd çox zaman intiharlara yol açır. Və ən dəhşətlisi odur ki, bu intiharlarda bizim hər birimiz günahkarıq. Amma biz bunu anlamırıq, dərk etmirik...

Bu səhər yayılan xəbərlərdə heç kim komendatın nə üçün hədəf alındığı ilə maraqlanmır. Əgər, onu bıçaqlamaq istəyən bir TRANSDısa, deməli komendat istənilən bütün hallarda haqlıdı. Bəlkə, o komendat qəsdən həmin ŞƏXSİn işıqlarını söndürüb. Heç bu haqda düşündünüzmü?

Cinsi azlıqlar və translar mənim qəhrəmanım və İP olaraq hədəfim deyil. Onların hər biri mənim üçün İNSANDI, ŞƏXSDİ. Mən kobud, nankor, fürsətcil, hər an zərbə endirməyə hazır olan "insan"dansa, səmimi, hər kəsin yaxşılığını ən azında arzulayan istənilən cinsi azlıqlarla böyük məmnuniyyətlə bir masa arxasında əyləşərəm, dostluq münasibəti yaradaram.

Və ya, əgər komendatı bıçaqlamaq istəyən kişi görünümdə (daxili isə...) biri olsaydı, o zaman həmin şəxs haqlı olardı və bu səhər manjetlərimiz bir ayrı başlıqla İP axtarardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31