Elçin Hüseynbəyli yazır... Nikbin adamlar sorağında...

Mən onları son zamanlar tez-tez görürəm. Cüt-cüt gəzirlər. Asta yerişlərindən, az qala pıçıltıyla danışmaqlarından anlayıram ki, sülh adamıdırlar, kimsəni incitmək haqqında düşünmürlər, gülərüz və xoşsimadırlar.

Elçin Hüseynbəyli

Nikbin adamlar sorağında...

Mən onları son zamanlar tez-tez görürəm. Cüt-cüt gəzirlər. Asta yerişlərindən, az qala pıçıltıyla danışmaqlarından anlayıram ki, sülh adamıdırlar, kimsəni incitmək haqqında düşünmürlər, gülərüz və xoşsimadırlar.

Təxminən iki il əvvəl onların iksiylə görüşdüm, daha doğrusu, onlar özləri məni yolumdan saxladılar və Tanrıya inanıb-inanmadığımı soruşdular. Mən də müsbət cavab verdim və əlavə elədim ki, onun necə bir varlıq olduğunu bilmirəm, amma bir topa enerji kimi qavrayıram və inanıram ki, mənə gələn impulslar həmin enerji topasından ötürülür. Həmin vaxt mənə bir neçə səhifədən ibarət namnazik broşür verdilər. Orda dünyamız, onun idarə edilməsi barədə bilgilər vardı. Tanıdım onları, yəqin elə siz də tanıyırsınız: Yehova şahidləri. Bir zamanlar onların fəaliyyətini qadağan eləmişdilər. Belə hesab edirdilər ki, missionerlik fəaliyyətilə məşğuldurlar. Amma mən belə deməzdim, çünki onlar heç zaman din barədə söhbət eləmirlər, daha çox ümumbəşəri ideyalardan danışırlar.

Bu yaxınlarda parkda gəzərkən onlardan daha ikisiylə rastlaşdım və ilk sualları belə oldu:

-Sizcə, nə zamansa dünyada sülh bərqərar olacaq?

Mən də cavab verdim ki, hər şey müharibəyə doğru gedir. Fəlakət qapımızı döyür. Ümid Tanrıyadı. Amma insanların da ona inamı azalıb.

-Çoxları belə fikirləşir, -deyə onlardan nisbətən yaşlısı üzündə xoş bir ifadə ilə dedi, - amma görünən bu cürdür. Uca yaradanımız buna heç zaman imkan verməz. Bəs sizcə çıxış yolu varmı?

-Mən belə düşünürəm ki, allah göstərməsin, dünyada hansısa fəlkət insanları hümanizmə çağıra bilər. Çünki insanlar dünyanın faniliyini unudublar. Onlar yenidən əbədiyyətə ümid edirlər və elə hesab edirlər ki, hər şey bu dünyada əbədidir. Tanrının dərgahı yaddan çıxıb. Ona görə də var-dövlətdən bərk-bərk yapışıblar. Müharibələr də, əsasən ona görədir.

Onlar da mənə bir büroşür verdilər. Orda ABŞ-ın sabiq prezidenti Barak Obamanın nə zamansa dünya düzəni barədə dedikləri də yer almışdı və dünyanın harminiyasının pozulmayacağından danışırdı.

Düzünə qalsa, mən də ürəyimin dərinliyində bu cür düşünürəm və hesab edirəm ki, dünyada pis adamlar çox olsa da, onlar zəifdirlər, yaxşılar azdılar, amma güclüdürlər və bəşəriyyət onların çiyinlərində bərqərar olur, inkişaf edir.

Üstündən təxminən bir ay ötəndən sonra onları yenidən gördüm, kimlərisə sorğu-sual edirdilər.

"Nikbin adam tapdınız?" deyə gülə-gülə soruşdum.

Onlar da gülə-gülə "hələ axtarırq" cavabını verdilər.

Allah, amanında, dostlar! Tanrı bizi şərdən orusun!

Yanvar, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31