Hacı Ələmdar ciddi adam deyil- Mövqe

Marks deyirdi ki, din xalq üçün  tiryəkdi. “Kapital”ın müəllifi bu fikri hansı məqsədlə deyib, nəyə əsaslanıb söyləyib bu başqa məsələdi, onunla işim yoxdu. Amma bu gün alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi dirilib Azərbaycana gəlsəydi  deyərdi ki, din Azərbaycan xalqı üçün hoqqabazlıqdı.

Marks deyirdi ki, din xalq üçün  tiryəkdi. "Kapital"ın müəllifi bu fikri hansı məqsədlə deyib, nəyə əsaslanıb söyləyib bu başqa məsələdi, onunla işim yoxdu. Amma bu gün alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi dirilib Azərbaycana gəlsəydi  deyərdi ki, din Azərbaycan xalqı üçün hoqqabazlıqdı.

Ölkənin bu günkü dini mənzərəsi onu diqtə edir ki, doğrudan da İslam dininə qulluq edənlər, özlərini mömin, dindar adlandıranların çoxu təkcə hoqqabazıq etmirlər, həm də milləti ələ salırlar. Yalnız özləri gülünc vəziyyətə düşmür,  millətin də əsəblərində oynayırlar. Biri deyir Zeynəbin itiyəm, o biri söyləyir ki, Fatimənin pişiyiyəm (Məhəmməd peyğəmbərin  övladları nəzərdə tutulur). Bu adamlar nə yeyirlər, nə içirlər, hansı hava ilə nəfəs alırlar? İslam budumu? Quran bu fikirlərimi diqtə edir? Həzrəti Məhəmməd  qızları ilə bağlı belə söyləməyimi  tövsiyə edib? Bu suallara cavab olaraq bir kitablıq cavab yazmaq olar, amma nə faydası? Özlərini it-pişik adlandıranlar qətiyyən qanmayacaqlar.

Bu yandan da  Mingəçevirdəki Heydər məscidininin axundu Hacı Ələmdar  bir neçə gün əvvəl hoqqabazlıq edərək gül vurub: "İmam Hüseyn ana südü yemədiyi üçün peyğəmbər onu  qidalandırıb. Qidalandırmaq üçün baş barmağını İmam Hüseynin ağzına salardı və beləliklə onu əmizdirərdi. Başqa hədislərə görə isə öz dilini İmam Hüseynin ağzına salaraq qidalandırıb". Sadəcə dəhşət! Sadəcə insanın  matı-qutu quruyur ki, Allah adından danışan birisi onun elçisinin ünvanına belə hədyan yağdırır. Üstəlik də söylədiklərinə haqq qazandıraraq  bu fikirlərin hədislərdə yer aldığını iddia edir.

Hədis nədi? Peyğəmbərin öz zamanında söylədikləri, səhabələri ilə söhbətləri, 23 il ərzində ona nazil olan Quran ayələrinin insanlar arasında yayılması ilə bağlı davranışlarına, ətrafindakılara qarşı münasibətinə, eləcə də həyatdakı yaşam tərzinə yönəlik başına gələn hadisələrdi.  Əbubəkr, Osman, Ömər, Əli kimi şəxsiyyətlərlə qarşılıqlı söhbətlər, onlarla birbaşa dostluğuna dair faktlar, həmçinin də adlarını çəkdiyim bu şəxslərin ailədə, cəmiyyətdə, idarəçilikdə nümunəvi hərəkətlərinə aid faktların sevənlərinin arasında danışılmasıdı. İslamın daha geniş ərazidə yayılıb formalaşmasında apardıqları mübarizənin ədalətli formalarını özündə əks etdirən halların və sair bu kimi  bənzər olayların dildən-dilə düşərək indiyə kimi xatırlanmasıdı. Amma qruplara, məzhəblərə, sektalara bölünən insanlar fərqli ibadətləri, imanları ilə bərabər, fərqli də hədislər danışırlar ki, bunun da yuxarıda sadaladığım şəxsiyyətlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də bu gün Allaha, Məhəmməd peyğəmbərə, Qurana iman edənlərin sayı azdır.

Doğrudur, bəzi hədislər ibrətamiz və nəsihətamizliyi ilə insanların tərbiyəsində, imanlı olmasında rol oynayır. Bu da o hədislərdir ki, birbaşa peyğəmbərə, Qurana aiddir. Əgər həmin hədisdə deyilənlər Quranda yazılanlara uyğundursa qəbul etmək olar, əks halda hamısı uydurmadır. Məsələ bundadır ki, peyğəmbərimizin və sonrakı dörd xəlifənin zamanında hədislər yazılı olmayıb. Sonralar İslamla məşğul olanlar hərəsi özü bildiyi kimi hədis yazıblar ki, bununla da dində parçalanma baş verib.

Bütün hallarda hədis Quran ayəsi deyil. Quranda Həzrəti Məhəmməd haqqında deyilir: " Allahın Rəsulu ən gözəl nümunədi sizin üçün" (Dəstələr surəsi, ayə 21).  Peyğəmbər Allah tərəfindən gözəl əxlaq sahibi olaraq nümunə  göstərilirsə, əcaba Hacı Ələmdar  nədən insanların heysiyyatına toxunur, dininə, imanına kölgə salır? Bəlkə Hacı Ələmdar kafirdi? Kafir təkcə Allahı inkar edən deyil ki? Allahın  rəsuluna böhtan atan, haqqında əxlaqa sığmayan söz danışan da kafirdi. Beləsi haqqında Quran belə söyləyir: "O kəslər ki, özləri kafirlik eləyiblər, başqalarını da ayırıblar Allah  yolundan, peyğəmbərin əleyhinə çıxıblar, onlar bir zərər verə bilməzlər Allaha" (Məhəmməd surəsi, ayə 32). Təbii ki, Mingəçevir məscidinin axundu  Allaha zərər verə bilməz, amma insanlara zərər verir. Zərərli sözləri, əxlaqsız fikirləri ilə onu dinləyənlərin  dininə, imanına zərbə vurur.

Bu adam bir  müddət əvvəl də "Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman dostuna  versin" deyə gülünc fikir söyləmişdi. Əgər o zaman Qafqaz Müsəlmanları İdarəsi axundun ağzından vursaydı, bu gün Hacı Ələmdar daha betər  fikirlər səsləndirməzdi. Görünür Qafqaz Müsəlmanları İdarəsində Hacı Ələmdarın sözləri ciddiyə alınmayıb, ya da axundu ciddi adam hesab etməyiblər. Halbuki  "axund" kəlməsi özündə çox böyük əxlaqi dəyərləri ehtiva edir.  Mingəçevir məscidinin axundu peyğəmbərin ünvanına söylədiyi natəmiz sözlərilə bu adın və icra etdiyi vəzifənin üstünə çirkab atıb. Ki... bu da onun  gerçəkdən də ciddi adam olmadığına  dəlalət edir. Üstəlik də bu, onun dindən, imandan uzaq birinə bənzədiyini,  Qurandan xəbərsiz olduğunu sübut edir. Belə bir adamın Azərbaycan xalqının öndəri olan Heydər Əliyevin adını daşıyan məscidə rəhbərlik etməsi anormallıqdı.

Deyilənə görə bu adam İranda dini təhsil alıb. Amma görünən o ki, aldığı təhsil rüsvayçılıqdan başqa  bir işə yaramır, dini savadı yetərli deyil.  Belə qeyri-ciddi və mükəmməl dini savadı olmayan birisinə axund  rütbəsini kim verib? Allah evində Allah, peyğəmbər haqqında danışmağa mükəmməl dini savadı olan, ağlı, zəkası ilə seçilən, əxlaqı ilə nümunə olan, mərifəti və xeyirxahlığı ilə hörmət qazanan, elm və maarif  tərəfdarı olan birisi təyin olunmalıdı. Milləti cəhalətə, mövhumata, xurafata səsləyən hacı ələmdarlar həm özünü  rüsvay edir, həm də Qafqaz Müsəlmanları İdarəsinin adını ləkələyərək nüfuzuna kölgə salırlar.

Hələ 100 il əvvəl Azərbaycanın ictimai fikir tarixində  satirik şeirləri ilə iz qoyan Əliqulu Qəmküsar  şeirlərinin çoxunda  mövhumata, xurafata,  gerilik və cəhalətə qarşı çıxaraq  savadsız axund və mollaları kəskin tənqid edirdi. Şairin bu misraları isə sanki, Hacı Ələmdar haqqında yazılıb:

İnsaf elə bu qədər yalan, macəra demə,

Peyğəmbərə, imama bu növ iftira demə.

Minbərdə hər cəfəng sözə qıl həya, demə,

Hər bir yalanı həzrətə bilmə rəva, demə.

Ey milləti cəhalətə vadar edən, axund,

Hər dürlü fərqü içre giriftar edən axund.

Allah bu milləti  hər cür hoqqabazdan qorusun.

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31