“Tolerantlıq Azərbaycanın genetik kodundadır”

Ölkəmiz dünyada tolerantlıq modelinə çevrilib. Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir. AzNews.az xəbər verir ki, bu fikirləri açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

Ölkəmiz dünyada tolerantlıq modelinə çevrilib. Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir. Bu fikirləri açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

İsrail ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən müdafiə naziri dostluq münasibətlərinin daha da möhkəmləndiyini və səmərə verdiyini vurğulayıb. Azərbaycanın dinlərarası və millətlərarası tolerantlıqda müsəlman ölkələrinə, eləcə də Qərbə nümunə olduğunu vurğulayan İsrailin müdafiə naziri ölkəmizdə heç bir zaman antisemitizmin müşahidə olunmadığını deyib:

"Min illərdir ki, yəhudilər Azərbaycanda yaşayırlar və hər zaman özlərini təhlükəsiz, dostluq münasibətinin hökm sürdüyü etibarlı mühitdə hiss ediblər. Yüzlərlə yəhudi İkinci Dünya Müharibəsi ərəfəsində Azərbaycanda özlərinə sığınacaq tapıb. Bununla da onlar ölüm təhlükəsindən qurtarıblar və ölkəniz onlar üçün ikinci ev olub. Sirr deyil ki, Holokost bizim üçün çox həssas mövzudur və tariximizin ən çətin, qaranlıq dövründə bizə göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan xalqına dərindən minnətdarıq".

Azərbaycanın tolerantlıq nümunəsi kimi dünyada yeganə bir dövlət olduğu haqqında fikirlər ilk dəfə deyil ki, beynəlxalq diplomatiya təmsilçisinin dilindən eşidilir. İndi bütün dünya, mürəkkəb siyasi proseslərin kəsişməsində yerləşən bir dövlətin belə bir çətin işin öhdəsindən gəldiyini etiraf etməkdən çəkinmir. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini daim nümayiş etdirib. Tolerantlıq milli və ictimai təhlükəsizliyinin təminatı olmaqla yanaşı, həmçinin xalqımızın genetik yaddaşında kök salmış bir dəyərdir.

Hazırda ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Əsrlər boyu da bu, belə olub, indi də belədir. Ölkə ərazisində insanların dini inanclarına hörmət əlaməti olaraq, məscidlər, sinaqoqlar, kilsələr inşa edilir. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Azərbaycanda heç kəsi dininə, inancına görə sorğu-suala çəkmir, təhdid etmirlər.

Azərbaycanda multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsini təşkil etməklə, onunla paralel inkişaf edir, daha da böyüyür. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili "Multikulturalizm İli" elan etməsi də ölkəmizin bu dəyərlərə necə hörmət bəslədiyinin əyani təzahürüdür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran AzNews.az-aaçıqlamasında qeyd etdi, Israilin müdafiə naziri Aviqdor Liberman tarixi bilgilərə malik bir insan olduğundan, ölkəmizdə başqa dinə sitayiş edənlərlə yanaşı, yəhudilərə də müsbət münasibətdən xəbərdardır. Çünki yəhudilərin Azərbaycan torpaqlarında kök salması, artıq minilliklərə söykənir və bugünədək bu mövzuda zaman heç nəyi dəyişməyib: "Vaxtilə ABŞ-ın ölkəmizdə fövqəladə səfiri olmuş xanım En Dörsi Azərbaycanın dünyaya təkcə neft-qaz yox, həm də tolerantlıq ixrac etdiyini demişdi. Çünki artıq tolerantlıq Azərbaycanın genetik kodundadır. Biz heç vaxt mövcudiyyətimiz dövründə aborigen olaraq Azərbaycanda yaşayan heç bir millətə üstdən aşağı baxmadıq, ona həqarət etmədik. Biz heç bir millətin dini inanclı insanlarına qarşı təzyiq göstərmədik. Təhdid etmədik, yurd-yuvalarından qovmadıq. Aviqdor Liberman bu sözləri deyərkən tarixi təcrübəni də nümunə gətirib. İsraillilər ölkəmizdə tolerantlıq mühitindən yaxşı xəbərdardırlar. Burdan köçən yəhudilər də ölkələrində bu mövzuda danışır, onların mətbuatı da vaxtaşırı bu mövzuya yer ayırır. Bu gün Azərbaycanda bir kilometrdən az olan radiusda dünyanın 3 səmavi dinin üçünün də ibadətgahı var. Bu qədər yaxınlıqda 3 səmavi dinin birləşməsi dünyada olduqca nadir hadisədir. Dünyanın heç bir yerində 1 km-dən də az radiusda 3 müxtəlif dini ibadətgahın belə bir düzülüşü yoxdur. Bu da bizim xalqımızın başqa bir dindən olan insanlara, inanclılara münasibətinin parlaq bir nümunəsidir".

Qurum rəsmisi bildirir ki, bu münasibəti bütün dünya bilir, görür və bu amil də öz növbəsində Azərbaycanın dünyada siyasi çəkisinin artmasına rəvac verir.  AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31