Macarıstanda Şimal-Cənub nəqliyyat dəhlizinə həsr olunan kitab çap edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri – “Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi” mövzusundakı kitabı Budapeştdə işıq üzü görüb.
19 Dekabr 2017 16:41 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yeni nəşri - "Cənubi Qafqaz üzərində formalaşan nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsi" mövzusundakı kitabı Budapeştdə işıq üzü görüb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab SAM və Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyi yanında Xarici Əlaqələr və Ticarət İnstitutunun (IFAT) birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Kitabda ilk iki fəsil Macarıstan tərəfdən, digər iki fəsil isə Azərbaycanlı müəlliflər tərəfindən yazılıb. Kitabın elmi redaktoru SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin elmi işçisi, SOAS London Universitetinin İqtisadiyyat üzrə doktorantı Mahir Hümbətovdur.
Kitabda ümumi olaraq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm coğrafi mövqeyə sahib olması və bu mövqedən öz təbii resursları, ticari əlaqələri, investisiya mühiti, idarəetmə qabiliyyəti və s. yollarla səmərəli şəkildə istifadə etməsi bildirilir. Bununla yanaşı, kitabda Avropa ilə Çin arasındakı ticarət əlaqələri, Çindən Avropaya və eyni zamanda, geriyə olan mövcud nəqliyyat dəhlizləri və onların maddi baxımdan sərfəliliyi və təhlükəsizlik baxımından mühümlüyü araşdırılmışdır. Bundan əlavə, Azərbaycanın özünün dəstəklədiyi nəqliyyat dəhlizini rəqabətə davamlı etmək üçün son illərdə həyata keçirdiyi iqtisadi və struktur islahatları, habelə Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar da kitabda yer alan mövzulardandır.