Müstəqil mətbuatın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında yeni səhifə açıldı Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər davam etməkdədir. Bu sahədə qəbul edilmiş qanunlar, nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.
13 Dekabr 2017 15:31 SosialUlu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında yeni səhifə açıldı
Azərbaycanda həyata keçirilən demokratik islahatlar, insan haqlarının, o cümlədən vətəndaşların söz və fikir azadlıqlarının təmin edilməsinə yönəlmiş ardıcıl tədbirlər davam etməkdədir. Bu sahədə qəbul edilmiş qanunlar, nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Qətiyyətlə demək olar ki, dünyada hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq, ölkəmizdə fikir, ifadə və məlumat azadlıqlarının təmin olunması, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Təkcə bu faktı xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Yaradılmış əlverişli şəraitin əyani ifadəsi olaraq çoxsaylı mətbu nəşrin təsis olunması, müxtəlif məramlı siyasi partiya və qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınması, kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı bir sıra vergi və maliyyə güzəştlərinin müəyyən edilməsi və digər tədbirlər ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən amillərdir. Bu gün dünyada mətbuatın inkişafı ilə bağlı maraqlı tendensiyalar müşahidə olunmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi mediadan da yan keçmədyib. Əgər on illər öncə çap mətbuatı üstünlüyü ələ almışdısa, bu gün əsas güc internet və elektron medianın üzərinə düşür. Son illərin yeni tendensiyası hesab olunan sosial media isə ən yeni növ kimi dünyanı cənginə almaqdadır. Azərbaycan isə dünyada internetin azadlığına görə ön sırada gedən ölkə kimi tanınır. Ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə olması ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də etriraf edilir.
Sosioloq Mehdi Muradov bildirib ki, ölkəmizdə azad mediadan, ümumiyyətlə medianın inkişafından danışanda ilk növbədə ağlımıza Ulu Öndər Heydər Əliyevin ən çətin məqamlarda verdiyi qərarlar yada düşür. Tam məsuliyyətlə və cəsarətlə demək olar ki, Azərbaycanda azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur: "1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Əvvəllər yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi. Bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında" Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi. Bütün bu faktlar Azərbaycanda ənənvi media orqanlarının inkişafı ilə yanaşı, ilk İnternet-media nümunəsinin yaradılması üçün də geniş imkanlar yaradırdı. Demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır. Azad söz, azad mətbuat olmayan ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur". Onun sözlərinə görə, müasir Azərbaycan mətbuatı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya mediasına inteqrə olunma mərhələsindədir. Bu prosesdə əsas iş mətbuatla bağlı qəbul edilən qərarlar, eyni zamanda mətbu orqanlara dövlət tərəfindən verilən maddi və mənəvi dəstək birmənalı şəkildə böyük rol oynayır. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir".
Hüquqşünas Sevda Mirzəyeva bildirib ki, Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması, jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir: "Hazırda medianın əsas problemlərindən biri söz azadlığından sui-istifadə halları ilə bağlıdır. Bu problem də getdikcə azalır. İndi daha çox problem "reket jurnalistika" ilə bağlıdır. Bəzi insanların ayrı-ayrı media qurumları formalaşdıraraq cinayət əməlləri törədilməsi ilə bağlıdır ki, burada mətbuatda söz azadlığından sui-istifadədən daha çox mətbuat və söz azadlığının altında gizlənmək istəyi və niyyəti var. Burada açıq şəkildə görünür ki, bu insan ictimai-siyasi müstəvidə informasiya siyasəti həyata keçirir və yaxud onun məqsədi cinayətkarlıqla məşğul olmaqdır. Əslində jurnalistika reketçiliklə məşğul deyil, reketçiliklə konkret şəxslər məşğul olur və onlar da jurnalistika sözünün arxasında gizlənirlər. Ona görə də belələrinə qarşı hər hansı güzəşt eləmək olmaz. Belələrinə qarşı hüququn dili ilə mübarizə aparmaq lazımdır. Hesab edirəm bu gün bizim ən böyük problemlərimizdən biri də məhz peşəkarlıqla bağlıdır. Bizim azad fəaliyyətimiz üçün ölkədə kifayət qədər münbit şərait yaradılıbdır. Bu mənada ilk növbədə dünyanın "həzm" edəcəyi formada informasiya ixrac etməyi bacarmalıyıq".
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi hər kəsin söz, məlumat, ifadə azadlığını təmin edir: "Prezidentimizin söz, məlumat, ifadə azadlığının təmin edilməsinin əhəmiyyəti ilə bağlı çoxlu sayda çıxışları mövcuddur. Atılan konkret addımlar barədə isə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" və "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamlarının verilməsini misal çəkmək mümkündür. Eyni zamanda 2009-cu ildə "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamını da Prezidentimizin bu barədə atdığı addımlara nümunə kimi göstərmək olar. Plüralizmin təmin olunması istiqamətindəki atılan addımlara gəldikdə isə ölkədəki fərqli inanc sahibli insanlara yaradılan bərabər şərait hər şeyi deyir: "Bəzi kütləvi informasiya vasitələri söz, məlumat azadlığının verdiyi hər cür imkandan maksimum istifadə edərək daxili və xarici məsələlər, siyasi, ictimai, sosial, elmi, dini kimi mövzuya aid əldə edə bildiyi məlumatları yayımlanma formasına uyğun olaraq auditoriyasına çatdıra bilir: "Bəzi kütləvi informasiya vasitələrimiz də var ki, onlarda sovet dövründən qalma müəyyən ənənələri müşahidə etmək olur. Müəyyən mövzularda gərəksiz standartları qorumağa çalışırlar. Mediamızın inkişafı əslində sadəcə söz və məlumat azadlığından yararlanmaqda deyil. Bu əhəmiyyətli bir amil olsa da, bəzən kütləvi informasiya vasitələri hansısa süni normalara tabe olurlar. Mediamızın sürətli inkişafı, media orqanlarımızın dünya media aləmində yer ala bilməsi, informasiya agentliklərimizin dünya agentlikləri arasında tanınması üçün qanunvericilik bazamız mövcuddur. Sadəcə KİV - lərimizin medianın dövlətin gücündəki rolunu doğru dəyərləndirmələri, şəxsi mənafe prinpsiplərindən uzaqlaşaraq ölkənin mənafeyi, dövlətin maraqlarını hesablayaraq daha da böyüməyə çalışmaları lazımdır". Hüquqşünas əlavə edib ki, demokratik cəmiyyətlərdə bir qayda olaraq onu şərtləndirən amillər, başlica prinsiplər yüksək səviyyədə təmin edilir, onların bütün parametrlər üzrə tətbiq edilməsi zərurətə çevrilir. Bu prinsiplər sırasında fikir və söz azadlığı, pluralizm ön planda dayanır. Sirr deyil ki, fikir və söz azadlığı olmayan ölkədə demokratiyadan, demokratik prinsiplərin qorunması, inkişaf etdirilməsindən danışmaq yersizdir. Belə ölkələr bir qayda olaraq antidemokratik ölkə kimi xarakterizə edilir. Ancaq Azərbaycan barədə belə bir fikir səsləndirmək doğru olmaz. Çünki Azərbaycan artıq on illərdir ki, demokratiya yoluna sadiqlik nümayiş etdirərək bu istiqamətdə irəliləyir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir