Fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün

Günümüzdə Azərbaycan müstəqil siyasət kursu həyata keçirərək öz uğurlu inkişaf yolunu davam etdirir. Artıq ölkəmizin müstəqilliyi onun ilk illərində olduğu kimi yalnız sözdə deyil, eyni zamanda əməldə də öz təsdiqini tapır, sübuta yetirilir. İstər daxili, istər xarici, istərsə də iqtisadi və sosial siyasət sahəsində müstəqil siyasət kursu həyata keçirilir, tətbiq olunur.

Dövlət  hər bir şərait yaradır

Günümüzdə Azərbaycan müstəqil siyasət kursu həyata keçirərək öz uğurlu inkişaf yolunu davam etdirir. Artıq ölkəmizin müstəqilliyi onun ilk illərində olduğu kimi yalnız sözdə deyil, eyni zamanda əməldə də öz təsdiqini tapır, sübuta yetirilir. İstər daxili, istər xarici, istərsə də iqtisadi və sosial siyasət sahəsində müstəqil siyasət kursu həyata keçirilir, tətbiq olunur.

Bu gün Azərbaycanın bütün sferalarda əldə etdiyi nailiyyətlər, uğurlar media sahəsində də özünü göstərir. Nəzərə alsaq ki. müstəqil bir dövlətin əsas göstəricisi, başlıca təqdimatı onun mediasının durumundan, nə qədər azad olub-olmamasından asılıdır, o zaman qətiyyətlə deyə bilərik ki, bu sahədə Azərbaycanda vəziyyət qaneedicidir, müsbət dəyərləndirilməlidir. Bunu təsdiq edən amillər isə kifayət qədərdir. Dövlətin bu sahəyə diqqət və qayğısından, dəstəyindən tutmuş, ölkədə çoxsaylı kütləvi informasiya vasitələri, yazılı və elektron media resurslarına, eləcə də həmin resurslarda azad, müstəqil fikir ifadə etmək imkanına qədər, bütün müsbət tendensiyalar hazırda Azərbaycanda müşahidə edilməkdədir. Bu gün Azərbaycanda fikir. söz, ifadə və məlumat azadlığı, bu sahədə plüralizmin olmadığını iddia etmək, söyləımək isə yalnız və yalnız ölkəmizə qarşı qərəzli mövqedən çıxış etmək kimi dəyərləndirilə bilər.

Bu gün Azərbaycan dövlətinin media, kütləvi informasiya vasitələrinə, onların normal, heç bir problemlə qarşılaşmadan fəaliyyət göstərmələrinə verdiyi önəm, dəstək elə bu sahənin təmsilçiləri tərəfindən də etiraf olunur, təqdir edilir.

7news.az saytının rəhbəri, internet media üzrə ekspert Səbuhi Abbasov deyir ki, Azərbaycanda fikir. söz, ifadə və məlumat azadlığı ən yüksək səviyyədə təmin olunur. Onun sözlərinə görə. bunu şərtləndirən başlıca amil isə dövlətin, xüsusilə dövlət başçısının bu prosesdə maraqlı olmasıdır: "Əgər dövlət ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsinə maraqlı olmasa, o halda ölkədə bu hüquq və azadlıqlardan söhbət gedə bilməz. Azad fikir böğular, ona qarşı ciddi maneələr yaradılar. Necə ki, biz bunun əyani sübutunu işğalçı Ermənistanda görürük. Amma Azərbaycanda mənzərə tamamilə fərqlidir. Dövlət tam mənada azad medianın, fikir, söz, ifadə və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunmasına dəstək nümayiş etdirir. Bir məqama diqqət çəkmək istərdim. Adətən fəaliyyətimizlə bağlı bir sıra beynəlxalq tədbirlərə dəvət alırıq. Təbii ki, media sahəsinin təmsilçisi olduğumuz üçün həmin tədbirlərdə iştirak zamanı səfər etdiyimiz ölkələrin media aləmi də bizim diqqətimizdən yayınmır. Mən tam səmimi və mübaliğəsiz şəkildə deyərdim ki, bu gün Azərbaycanda media, kütləvi informasiya vasitələri sahəsində mövcud olan normal mühit, vəziyyətə dünyanın məhdud sayda ölkələrində rast gəlmək mümkündür. Həmin ölkələrdə belə medianın sərbəstliyi, fikir, söz, ifadə azadlığı Azərbaycanda olduğu qədər deyil". Səbuhi Abbasov qeyd edib ki, günümüzdə Azərbaycanla yüzlərlə yazılı və elektron medianın, kütləvi informasiya vasitələrinin mövcudluğu, fəaliyyət göstərməsi də deyilənləri əyani şəkildə ortaya qoyur, təsdiqləyir: "Hazırda Azərbaycanda elektron media istiqamətində böyük bir sıçrayış hiss edilir. Bu da təbiidir. Çünki zaman keçdikcə çap media öz yerini elektron mediaya verir. İnformasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə elektron medianın rolu daha da artır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanda da bu sahədə müsbət dinamika müşahidə edilir. Yüzlərlə sayt fəaliyyətə başlayıb. Onlar gündəlik cəmiyyəti dorğu-düzgün informasiya ilə təmin edirlər. Dövlət də müasir dövrümüzdə elektron medianın rolu, gücü, onun cəmiyyəti məlumatlandırmaq baxımından əhəmiyyətini nəzərə alaraq artıq saytlara da maddi dəstək olmağı, onlara maddi yardım ayırmağı düşünür. Artıq bir xeyli müddətdir ki, sözügedən məsələ gündəlikdədir, müxtəlif səviyyələrdə müzakirə olunur. Hesab edirəm ki, tezliklə saytlara maddi yardım ayrılması məsələsi öz müsbət həllini tapacaq". Səbuhi Abbasov deyib ki, bu faktın özü də dövlətin azad media, müstəqli mətbuata, söz, fikir, ifadə azadlığına nə qədər dəyər verdiyinin əyani göstəricisidir.

Politoloq Ramiz Alıyev də hesab edir ki, dövlət media, kütləvi informasiya vasitələrinə dəstək vermək, onları maliyyələşdirməklə ölkədə azad söz, fikir, ifadə və məlumat azadlığına maraqlı olduğunu ortaya qoyur: "Sevindirici hal ondan ibarətdir ki, bu proses davamlı xarakter daşıyır. Bir neçə il əvvəl dövlət tərəfindən yazılı mediaya dəstək nümayiş etdirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə qəzetlərin maddi-texniki bazası möhkəmləndirildi. Qeyd etdiyim kimi hazırda da mediaya dövlət dəstəyi davam edir". Ramiz Alıyev deyib ki, 2018-ci ildən etibarən Azərbaycana idxal ediləcək qəzet kağızının görə gömrük rüsumunun azad edilməsi də dövlətin kütləvi informasiya vasitələrinə göstərdiyi diqqətin bir tərəfidir: "Məlumdur ki, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb. Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarım sellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub. Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb". Ramiz Alıyev qeyd edib ki, bütün bu sadalanan amillər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkədə söz və məlumat, ifadə azadlığının ən yüksək səviyyədə təmin olunmasından yanadır və bu istiqamətdə əlindən gələni əsirgəmir: "Düşünürəm ki, bütün bu görülən müsbət işləri görməməzlikdən gəlmək, müntəzəm olaraq Azərbaycana təzyiq göstərmək üçün ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığının pozulduğunu, plüralzimin təmin edilmədiyini iddia etmək ancaq və ancaq Azərbaycana olan qərəzli münasibətdən irəli gələ bilər".

Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev də deyir ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı yüksək səviyyədə təmin olunur. Baş redaktorun sözlərinə görə, ölkədə fikir, söz və məlumat azadlığına dövlət də maraqlıdır və bu məqsədlə dövlət tərəfindən müntəzəm olaraq addımlar atılır: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsindən  tutmuş müntəzəm olaraq kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın ayrılması, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsinə qədər bütün bu addımları dövlətin mediaya, kütləvi informasiya vasitələrinə, bu sahədə çalışan qələm əhlinə diqqət və qayğısı ümumilikdə dövlətin mətbuatın inkişafına maraqlı olduğunun göstəricisidir. Bu gün mediaya yaradılan şəraitə görə deyərdim ki, Azərbaycan nümunəvi ölkələrdən sayıla bilər. Gəlin dünya ölkələrinə, inkişaf etmiş dövlətlərə nəzər yetirək? Hansı ölkədə jurnalistlər üçün dövlət yaşayış binası inşa edib onu pulsuz olaraq jurnalistlərə hədiyyə edir? Təbii ki, heç bir ölkədə". Cavid Şahverdiyev onu da qeyd edir ki, bəzi hallarda həmkarlarımız ölkədə yaradılan fikir, söz, ifadə və məlumat azadlığından sui-istifadə edərək jurnalist prinsiplərindən, etikasından tamamilə uzaqlaşırlar: "Onlar elə zənn edirlər ki, fikir, söz, ifadə və məlumat azadlığı insanları təhqir etmək üçündür. Yəni, hansısa marağa nail olmaq, yaxud maddi gəlir əldə etmək üçün bu və ya digər şəxsi təhqir edə, və ya onun ailə münasibətləri, ailəsində olan problemləri cəmiyyətə çatdıra bilərsən.  Bu tamamilə yalnış bir yanaşmadır. Və hesab edirəm ki, tezliklə fikir, söz, ifadə və məlumat azadlığından sui-istifadə edən bəzi kütləvi informasiya vasitələri, qəzet və jurnallara qarşı müəyyən ölçü götürüləcək. Tətbiq ediləcək bu üsul, forma mediamızın daha da sağlam ruhda fəaliyyət göstərməsini şərtləndirəcək  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31