Bələdiyyə nümayəndələri Vyanada olublar
Avstriyanın paytaxtı Vyanada Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan “Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı” çərçivəsində tədbir təşkil olunub.
5 Dekabr 2017 12:39 SosialAvstriyanın paytaxtı Vyanada Şərq tərəfdaşlığı ölkələrində uyğun partnyorluq, yaxşı idarəetmə üçün tərəfdaşlıq məsələlərinə həsr olunan "Yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi proqramı" çərçivəsində tədbir təşkil olunub. "OLAYLAR"-ın xəbrinə görə, tədbirdə iştirak edən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov bildirib ki, tədbirdə yerli idarəetmə orqanları işçilərinin ixtisasının artırılması proqamının monitorinqi və qiymətləndirilməsi üzrə təlim keçirilib. 7 sessiyadan ibarət olan təlimin əsas məqsədi Şərq tərəfdaşlığı ölkələrində yerli özünüidarəetmə sahəsində monitorinq və qiymətləndirmə prosesinin müəyyənləşdirilməsi olub. Təlim zamanı partnyor ölkələrdə institusional mühit, təhsil proqramının dizayn və gedişatı, iştirakçıların əlaqələri və gözləntiləri, proqramın şərtləri və keçirilmə yeri barədə geniş məlumat əldə edilib. Bununla yanaşı tədbirdə partnyor ölkələri təmsil edən qrupların iştirakı ilə yerli özünüidarəetmə orqanlarının əsas prioritetləri, ən çox rast gəlinən çətinliklər, büdcənin formalaşdırılmasında daha çox dəstəyə ehtiyac olan məsələlər barədə daxili müzakirələr aparılıb.
Xatırladaq ki, tədbirdə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Bakı şəhəri Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova da iştirak edib və Azərbaycan nümayəndə heyəti digər nümayəndlərlə birgə yerli özünüidarəetmənin institusional əsaslarının gücləndirilməsi istiqamətində görülən işlər haqqında təqdimatlarda yaxından iştirak edib. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.