Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır
Düşmənimiz – qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır... Hədəfimdə "dinsiz dindarlar"dır... On iki yaşlı bir uşaq peyğəmbərlə görüşə getdi. Özünü intihar etməklə! Bir Türk övladımız da belə getdi... Ərəb qardaşımızla görüşə...
5 Dekabr 2017 10:45 SosialDüşmənimiz - qeyri - peşəkarlığımız - İntiqam Soltan yazır...
Hədəfimdə "dinsiz dindarlar"dır...
On iki yaşlı bir uşaq peyğəmbərlə görüşə getdi.
Özünü intihar etməklə!
Bir Türk övladımız da belə getdi... Ərəb qardaşımızla görüşə...
Bir neçə gün əvvəl başqa bir 12 yaşlı Türk balası Amerika Birləşmiş Ştatlarının ən gənc ixtiraçısı adına layiq görülmüşdü... Ona görə ki, o boyda Amerikada o Türk balasından daha ağıllısını tapa bilməmişdilər...
Bizim qeyri peşəkar dindarlar ölkədə gözəgörünməz vətəndaş müharibəsi aparırlar, soyqırımla məşğuldurlar, millətin genefonduna balta çalırlar...
Ümumilikdə isə hansı sahədə olur olsun qeyri-peşəkarlar çox təhlükəli olurlar. İstər xalqa qarşı, istərsə də dövlət üçün...
Fikrimi izah edim;
O gün tanıdığım gənc bir dindarı gördüm... Baxdım ki, gözləri axır... İçkili deyildi... Heç içmir də... Çünki dindardır, namaz qılır ... Deyim ki, "pis uşaq da deyil" desəm, yanılmaram...
Əlimlə işarə ilə soruşdum ki, "sən axı namaz qılırsan, bəs bu narkotika nədi?.."
O də çox səliqəli şəkildə, jestlərlə izah elədi ki, - "İynə araq deyil ki, ...onun namaza heç bir dəxli yoxdur. O, (yəni Allah) "Kitabda" (yəni Quranda) onun (yəni narkotikanın) qadağan olunması ilə bağlı heç nə buyurmayıb..."
Nə cavab verəcəyimi bilmədim...
Yadıma bir olay düşdü...
Ömrümdə bircə dəfə müalicə məqsədi ilə sanatoriyada olmuşam. O da yalnız bir hadisə ilə yaddaşıma hopub.
(Səmimi etiraf edim ki, bu yazdıqlarım yaradıcı adamın təxəyyülünün məhsulu deyil)
Bir səhər sanatoriyanın həyətində səs-küy eşitdim. Aşağı endim. Müvəqqəti sakinlər (müalicə alanlar, dincələnlər) "prosedura" (müalicə məqsədilə həkimin təyin etdiyi hər hansı bir növbəti "vanna", palçıq və s) dayanmışdılar. Aralarında bir yaşlı kişi dayanmadan çığırırdı. "Böyük Vətən Müharibəsi" (?) adlandırılan Rus-Alman müharibəsi veteranı idi deyə hər görəndə atamı xatırlayırdım. Odur ki, fərqli hörmətim vardı ixtiyara...
Yaxınlaşıb qoluna girib kənara çəkdim ki, "Ağsaqqal, niyə əsəbləşmisiniz?"
Qolunu əlimdən çıxarıb geri, camaata tərəf qanrılıb, kütləni göstərib daha uca səslə bağırdı:
- Ə, mən bu eşşəklərə qandıra bilmirəm ki, mən HACIYAM, NÖVBƏSİZ KEÇMƏLİYƏM !!!"
Sakitcə ordan uzaqlaşdım. Amma hələ də bilmirəm ki, hansı "eşşək" (hacının sözü olmasın) o ixtiyar ağsaqqala hacıların "növbədənkənar" deyilən əlahiddə bir statusa malik olduğuna inandırmışdı...
Bir dəfə rayondan şəhərə gələndə bir gəncin yol kənarında dayandığını gördüm. Həmişəki kimi maşını saxlayıb götürdüm.
Oturdu "Allahın salamını" da vermədi. Az keçmiş bayaqdan həmsöhbət imişik kimi danışmağa başladı...
- Bütün kitabları yandıracağıq...
Tanıyanlar bilir ki, ən yaxın dostlarımdan biri mənim təmkinimdir. Odur ki, təmkinlə soruşdum:
- Niyə?
Sanki sürücü bu imiş kimi, gözlərini yoldan çəkmədən:
- Yer üzünə bir kitab gəlib, bir kitab da qalmalıdı...
- Bəs bu qədər yazılan kitablar... Tanrının öz bəndələrinə verdiyi zəkanın məhsulu deyilmi? - deyə soruşdum.
- Yox! Elə onların özlərini də yandıracağıq...
- Bəs inkişaf, sivilizasiya?
- Yer üzündə təkcə quran qalmalıdı, vəssalam! Heç bir inkişafdan söhbət gedə bilməz!
- Niyə durmuşdun yol kənarında? - soruşdum!
- Bir maşın gözləyirdim, şəhərə getmək üçün. Təcili işim var...
- Yaxşı, həmin maşın olmasa idi... Şəhərə neçə günə çatardın?!
- O zaman getməyimin mənası olmurdu...
- Sən gözlədiyin avtomobil elmin inkişafının nəticəsi deyilmi?
- Yox!
- Necə yəni yox!?
- Avtomobili kafirlər icad edib... Ona görə də yandıracağıq hamısını
(Çox qeyri-real görünən dialoqdu. Amma inanın ki, realdır)
Söz tapmadım!
"... Niyə göydən qara daş yağdırıb bunları külə döndərmirsən?!."
"YEDDİ OĞUL İSTƏRƏM" dən dindar qadının fəryadıdı, düşdü yadıma...
Anam da dindar idi. Həmişə də bütün namaz qılanlar kimi üzü qibləyə namaz qılardı... Mən də balaca idim, qiblənin nə olduğunu anlamırdım. Bir az böyüyəndə öyrəndim ki, anamın namaz qalanda, "qiblə" deyib, istiqamətləndiyi tərəfdə Təbriz yerləşir...
Elə o zamandan "qiblə" deyəndə beynimdə Təbriz canlanır. O vaxtdan da mən özümə qiblə seçmişəm, - Təbrizi. Özüm böyüsam də, görünür ağlımın bir hissəsi anamın namaz qıldığı "kəllə otağımızın" üzü Təbrizə tərəf olan ən yaxın olan küncündə qalıb. Odur ki, əlimə imkan düşən kimi üz tuturam qibləyə tərəf... Gedirəm orda əyilirəm Təbrizimin torpağını öpürəm dönürəm geri. Nə rüşvət verib "hacı" titulu almaq üçün diriykən kəfən geyənlərə qoşuluram, nə də qızıl alverinə girişmək fikrinə düşürəm...
Haşiyə: Qaldı ki, namaz qılanların üzü qibləyə durmalarına və səcdə zamanı alınlarını yerə qoymalarının elmi tərəfi məni hər zaman düşündürüb. Axı bilirəm ki, islamda boş-boşuna, elmi əsası olmayan heç nə yoxdur. Odur ki, iki gün öncə o axtarışlarıma son verildi, onun elmi tərəfini tapıb oxudum. Və sualımın cavabını tapdım. Çox maraqlı izahı var... Oxumaq məsləhətdir...
Allah adamları (səmimi qəlbdən tanrı sevərlər) məni bağışlasın... Bəlkə də incidirəm onları bu dediklərimlə...
Amma bacısının toyunu belə gözləməyib intihar edən körpəni buna təhrik edənləri necə adlandırmaq olar. Əgər şarlatan deyilsə, bəs onda kimdirlər bunlar. Özləri dinin, İslamın nə olduğunu dərk etmədikləri halda "din təbliğatçıları" rolunda çıxış edənlər?..
Bu yerdə necə rəhmət oxumayaq M. F. Axundova ki, hələ o zaman deyirdi, "Din tiryəkdir ..."
Bizi bu qənaətə gəlməyə SİZ təhrik edirsiniz!
Dinə yamaq qeyri-peşəkar "dindarlar"!
Haqlı olaraq irad bildirə bilərsiniz ki, ölkədə bütün sahələrdə "qeyri-peşəkarlar ordusu" yaranmaqdadır.
İstər səhiyyədə, istər təhsildə, mədəniyyətdə, siyasətdə, iqtisadiyyatda və s.
Haqlısınız... Amma unutmayın ki, siz ALLAHIN ADINDAN DANIŞANLARSINIZ axı...
Dininiz, imanınız olsun. Tanrı yoluna gəlin, noolar... Bu milləti məhv etməyin.
Xatırlatma:
Unutmayın dünyanın ən böyük bəlalarından biri olan RUS ŞOVİNİZMİ bu milləti məhv edə bilmədi.
Bir gün bu millət yenə özündə o gücü tapacaq, sadaladığım bütün sahələrdən, - məktəblərdən, xəstəxanalardan, müxtəlif kabinetlərdən, teatrlardan, qaranlıq otaqlardan, eləcə də məscidlərdən, mədrəsələrdən bütün qeyri peşəkarları,- xalq, millət, ölkə, dövlət düşmənlərini çıxdaşa çevirəcək, süpürüb tullayacaq...
Çalışın bu gün qarnınızın quluna çevrilib sabah çıxdaş olmayasınız...
İntiqam Soltan