Azərbaycanda hər zaman fikir və söz azadlığına böyük diqqət yetirilib
Azərbaycan özünün demokratik ənənələrə sadiqliyi ilə seçilən ölkələr sırasında əzmlə irəliləyir, addımlayır. Ölkədə demokratik cəmiyyətlərə xas olan bütün hallar, xüsusiyyətlər inkişaf etdirilir, bu sahədə zaman-zaman məqsədyönlü islahatlar həyata keçirilir.
4 Dekabr 2017 15:54 SosialAzərbaycan özünün demokratik ənənələrə sadiqliyi ilə seçilən ölkələr sırasında əzmlə irəliləyir, addımlayır. Ölkədə demokratik cəmiyyətlərə xas olan bütün hallar, xüsusiyyətlər inkişaf etdirilir, bu sahədə zaman-zaman məqsədyönlü islahatlar həyata keçirilir.
Xüsusilə, ölkədə fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində məqsədyönlü addımların atıldığını, islahatlar həyata keçirildiyini söyləyə bilərik. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra əsas prioritetə çevrilən bu məsələ günümüzdə də öz aktuallığını qoruyub saxlayır. Dövlət müntəzəm olaraq fikir, söz, məlumat və ifadə azadlığının daha yüksək səviyyədə təmin olunması istiqamətində çalışır, bu sahəyə diqqət və qayğısını əsirgəmir. İctimai-siyasi fəal Fəzail Quliyev də deyir ki, günümüzdə Azərbaycan mətbuat öz inkişaf dövrünü keçir və bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, əməyi olub. Fəzail Quliyev verdiyi müsahibədə günümüzdə mediamızın durumuna da aydınlıq gətirib.
-Bu sirr deyil ki, ölkəmizdə sağlam, peşəkar, günümüzün tələblərinə cavab verən mətbuatın formalaşmasında ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Hələ Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla yaxından işləyirdi. Bir qayda olaraq cəmiyyəti düşündürən, narahat edən məsələlər, insanların gündəlik rastlaşdığı problemlər, qayğılar Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılır, ictimailəşdirilirdi. İstər o dövrdə işıq üzü görən mətbu orqanlarda, istərsə də televiziyada qaldırılan bu kimi məsələlərə Heydər Əliyev tərəfindən dərhal reaksiya verilər, həmin məsələlərin həlli istiqamətində ümummilli lider qəti və sərt tədbirlər görərdi. O zamanlar işıq üzü görən "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər bu kimi qəzetlərdə bir qayda olaraq məhz cəmiyyəti narahat edən, düşündürən kifayət qədər ciddi tənqidi yazılar dərc olunurdu ki, bu da öz-özlüyündə ittifaq zamanında belə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin edilidyindən xəbər verirdi. O dövrdə ümumiyyətlə, cəmiyyətdəki hər hansı problemi qabartmaq, ictimailəşdirmək doğru hesab edilmirdi. Daha doğrusu keçmiş ittifaq rəhbərliyinin müttəfiq respublikaların rəhbərlərinə ümumi göstərişi və tapşırığı ondan ibarət idi ki, heç bir respublikada kütləvi informasiya vasitələri, qəzet və televiziyalarda problemlər qabardılmasın. Yalnız təbliğat bir istiqamətdə getsin. SSRİ rəhbərliyinin diqqət və qayğısı nəticəsində müttəffiq respublikalarda xoş və firəvan günlər hökm sürür. Ancaq Azərbaycanda bu istisna təşkil edirdi. Yəni, ümummilli lider öz prinsipial mövqeyi və qətiyyəti ilə kütləvi informasiya vasitələrində problemlərin də qabardılmasını məqbul sayırdı.
-Heydər Əliyev özü də hər zaman mətbuata açıq biri idi. Bunun özü də ümummilli liderin fikir, söz, məlumat və ifadə azadlığına verdiyi önəmin göstəricisi deyildimi?
-Tamamilə düz buyurursunuz. Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən mətbuatla sıx işləyib. Ümummilli liderin müntəzəm olaraq dərc edilən müsahibələri bunu deməyə əsas verir. Maraqlıdır ki, o dövrdə təkcə Azərbaycanda deyil, eləcə də digər müttəfiq respublikalarda dərc olunan qəzetlərdə Heydər Əliyevin müsahibələri dərc edilirdi. Bunun isə başlıca səbəblərindən biri qeyd etdiyimiz kimi Heydər Əliyevin mətbuata, mediaya açıq olması idi. Digər müttəfiq respublikaların rəhbərləri mediayadan, kütləvi informasiya vasitələrindən uzaq qaçdıqları, onlarla təmasa maraq göstərmədikləri üçün o dövrdə Azərbaycanın xaric hesab etdiyi digər ittifaq respublikalarının media təmsilçiləri Bakıya gələrək Heydər Əliyevlə müsahibə almağa maraqlı görünürdülər. Bir sözlə Heydər Əliyev sözün əsl mənasında, mətbuata açıq adam idi ki, bu da ümummilli liderin fikir, söz, məlumat və ifadə azadlığına verdiyi önəmin bariz nümunəsi idi. Dövrümüzdə əldə etdiyimiz məlumatlara görə Heydər Əliyevin o dövrdə "Literaturnaya qazeta"da bütün ittifaq respublikalarına səsə sala biləcək müsahibəsi işıq üzü görüb. "Qoy, ədalət zəfər çalsın" başlıqlı həmin müsahibədə Heydər Əliyev keçmiş ittifaq miqyasında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq müharibə elan etmişdi. Həmin dövrdə demək olar ki, ittifaq respublikaları xarici olmaqla bütün dünyaya qapalı olan bir ölkədə hansısa müttəfiq respublika rəhbəri tərəfindən belə bir fikirin səsləndirilməsi, cəmiyyətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması kifayət qədər risqli və qətiyyətli bir addım idi. Məhz ümummilli liderin həmin müsahibədən sonra mətbuatda cəmiyyətin demək olar ki, bütün sahələrini əhatə edən çox geniş müzakirələr aparıldı.
-Həm də həmin dövrdən sonra o zamankı digər məmurlar da bir növ mətbuatla daha yaxından təmasa üstünlük verdi, elə deyilmi?
-Əlbəttə, tamamilə elədir. Təsadüfi deyil ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdə, xüsusilə yuxarıda qeyd etdiyimiz müsahibəsi dərc olunandan sonra hansı vəzifəni tutmasından asılı olmayaraq bütün məmur korpusu mətbuata və mətbuat sahəsində çalışanlara daha açıq olmağa çalışdı. Çünki bunun ilk örnəyini Heydər Əliyev ortaya qoymuşdu. Ümummilli lider Heydər Əliyevin məhz mediaya, mətbuata, kütləvi informasiya vasitələrinə, onların əməkdaşlarına verdiyi dəyərin, qiymətin, diqqət və qayğının nəticəsi idi ki, Azərbaycanda yüzlərlə jurnalist yüksək fəxri adlara layiq görüldü, çoxsaylı insanlar növbədənkənar mənzil və maşın aldı. Ən başlıcası isə Azərbaycan jurnalistlərinin böyük bir nəsli Heydər Əliyev idarəçilik məktəbində yetişərək, püxtələşərək, sözün əsl mənasında, peşəkarlıq zirvəsinə ucaldılar.
-Müstəqillik illərindən sonra Azərbaycan mediası bir qədər də inkişaf etdi, günün tələblərinə uyğun fəaliyyət göstərdi
-Tamamilə doğrudur. Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər gördü. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
-Günümüzdə tam əminliklə deyə bilərikmi ki, Heydər Əliyevin mediaya, kütləvi informasiya vasitələrinə göstərdəyi diqqət və qayğı davam etdirilir?
-Əlbəttə. Hər şey göz önündədir. Bu gün hər kəs qürur hissi ilə deyə bilər ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da artıb. Mətbuat yaradılması istiqamətində olan bürokratik əngəllər aradan qaldırılıb və hazırda istənilən şəxs özünə mətbuat orqan təsis edə bilər. Bu gün media, KİV-lər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Bu məqsədlə Prezident yanında fond yaradılıb, həmin fond tərəfindən ayrı-ayrı mətbu orqanların layihələri maliyyələşdirilir. Eyni zamanda jurnalistlər üçün iki yaşayış binası tikilərək oulsuz şəkildə onların ixtiyarına verilib. Daha bir binanın tikintisi həyata keçirilir. Bütün bunlar, mətbuata göstərilən dövlət qayğısı bu sahəyə olan marağı da artırır və bu gün jurnalist olmaq istəyənlərin sayı durmadan artır. Eyni zamanda ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində də məqsədyönlü addımlar atılır, bu azadlıqlar ən yüksək səviyyədə təmin edilir, qorunur. Günümüzdə ölkəmizdə hər bir vətəndaşın imkanı və hüququ var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın, onu ictimailəşdirsin. Yaxud nəyəsə açıq şəkildə, heç bir maneçilik, əngəl olmadan etiraz etsin. Günümüzdə ölkədə fəaliyyət göstərən radikal siyasi partiyaların belə deyərdim ki, dövlətçilik əleyhinə təşkil etdikləri aksiyalar, mitinqlər barədə kütləvi informasiya vasitələrində məlumat verilir, şərh, təhlil olunur. Həmçinin aksiya iştirakçıları və təşkilatçıları sosial şəbəkələr vasitəsilə hökuməti ən sərt şəkildə tənqid edə bilirlər. Və buna görə onlara heç bir təzyiq göstərilmir. Elə bunun özü də ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunduğundan xəbər verir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir