Nefçilərin dəhşətli faciəsindən 2 il keçir

Dekabrın 4-də Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş dəhşətli qəzadan 2 il ötür. Xatırladaq ki, 2015-ci il dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb.

Dekabrın 4-də Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş dəhşətli qəzadan 2 il ötür. Xatırladaq ki, 2015-ci il dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdı.Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxılıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdı. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdu.
Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdi. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdi. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdi. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdü. Həmin vaxt yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdu. Daha sonra FHN-in xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxaraq qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyə etmişdi. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdı. Həmçinin, baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00