Şiddət və təhqiri seçən qadınlar- Nigar Adil yazır...

Azərbaycan ailələrinin əksəriyyətinin evlilik həyatı kağız üzərindədi. Və tərəflər bunu uşaqların boynuna qoyaraq çox zaman ömürlərinin sonlarına qədər də belə “yaşayırlar”. Üstəlik bunu da uşaqlara görə, onları düşünərək etdiklərini fəxr və qəhrəmancasına etiraf edirlər. Başlamadan bitən evliliklərini uşağa minnət yeri qoyanlar, əslində uşaqlara cəhənnəmi yaşatdıqlarını hiss etmirlər, yəqin.

Nigar Adil

Şiddət və təhqiri seçən qadınlar

Azərbaycan ailələrinin əksəriyyətinin evlilik həyatı kağız üzərindədi. Və tərəflər bunu uşaqların boynuna qoyaraq çox zaman ömürlərinin sonlarına qədər də belə "yaşayırlar". Üstəlik bunu da uşaqlara görə, onları düşünərək etdiklərini fəxr və qəhrəmancasına etiraf edirlər. Başlamadan bitən evliliklərini uşağa minnət yeri qoyanlar, əslində uşaqlara cəhənnəm yaşatdıqlarını hiss etmirlər, yəqin.

Hər gün iynəli sözlər, şiddət görən uşaq təbii ki, gələcəyə hazır ağır travmalarla addımlayır. Şiddətlə böyüyən uşaq gələcəkdə öz ailə həyatını xəyalında qorxa -qorxa canlandırır və çox zaman da ailədə aldığı travmaların sayəsində ailə qurmaqdan imtina edir. 

Bizim qadınlar övladlarını, valideynlərini itirəndə bunu çox zaman taleyə, qismətə bağlayırlar və çox rahatlıqla da bu yoxluğa alışırlar. Amma boşanma, ayrılma sözlərini nə sözdə, nə də realda qəbul edə bilmirlər. Onlar üçün uşaqlarını gözləri önündə təhqir olunmaq, döyülmək faciə deyil.

Onlar üçün faciə həyat yoldaşlarından ayrıldıqları gündü. Və həmin gün özləri - özlərinə "ölüm hökmü" çıxardırlar. Həyatlarının bitdiyini, daha yaşamağın heç bir mənası olmadığını iri hərflərlə elan edirlər. Demək ki, onlar üçün yaşamaq hər gün incidilməkdi, ağlamaqdı, uşaqlarının gözü önündə təhqir olunmaqdı. Gözləri dönmüş qadınlar çox zaman şiddətsiz də həyatın çox gözəl olduğunu dərk etmirlər.

Bilirsiziniz niyə?

Çünki, həyat yoldaşı adlandırdıqları kişilər onlar üçün pul qabıdı. Onları mənəvi ehtiyaclarını heç bir halda təmin etməyən kişi ilə bir ömür yaşamağa razıdılar. Amma maddi ehtiyaclarını şiddət və təhqirlə təmin edən biri ilə ayrılıb, hüzurlu, xoşbəxt yaşamağa razı deyillər.

Həyatındakı kişinin statusundan asılı olmayaraq, onları pul qabı kimi görən qadınlar tərk edilməyi heç vaxt qəbul etmirlər. Nişanlılıq dönəmi yaşayan cütlüklər ayrıldıqdan sonra qızın və ailəsinin yaşadığı "faciə", ailəsi dağılan bir qadının yaşadığı "faciə" hardasa müəyyən mənada eynidi.

Maddi durumu yaxşı səviyyədə olan birinə qızını məcbur ərə verən valideyin özünün maddiyyatdan yaranan problemlərinin nicat yolunu məhz qızında görür. Həyat yoldaşının təhqirlərinə, şiddətlərinə hər dəfə dözməyi, səbr etməyi məsləhət görən ana və ya atanın səhəri çox zaman övladının intihar xəbəri ilə açılır. Bundan sonra gözlərdən axıdılan yaşların, peşmanlıqların heç bir önəmi və dəyəri olmur...

Biz qadınlarımızı öz qazancalarının dadını hiss etdirmədən onları hazıra nazir öyrədirik. Öz ayaqları üzərində durmağı öyrətməzdən öncə, özgənin - ərin yumruğuna hazırlayırıq. Daha sonra isə ayrılıq, boşanma sözlərini eşidən qadın və yaxın ətrafının ağlına gələn ilk sual: "Bəs onlar indi nə edəcəklər? Necə yaşayacaqlar?"

Bu sualları düşünməməyin bir yolu var sadəcə: qızlarınızı oxutdurmağa və hansısa bir sənətə sahib olmalarına şərait yaradın.

Burada məqsəd boşanmanı təbliğ etmək deyil. Burada məqsəd həyatın şiddətsiz və öz ayaqlarınız üzərində olan zaman daha da gözəl olmasını təbliğ etməkdi. Və ən əsası kişilər pul qabı deyil. İnsani hisslər olan kişi sevilməyə, insani hisslərdən uzaq olanı isə tərkedilməyə layiqdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31