Paytaxtın məşhur otelində nələr baş verir?

Azərbaycanda bir qayda olaraq xarici şirkət və firmalarda, eləcə də birgə müəssisələrdə çalışan işçilərinin hüquqlarının kobud şəkildə pozulması barədə müntəzəm olaraq fikirlər səsləndirilir, məsələ gündəmə gəlir.

Paytaxtın məşhur otelində nələr baş verir?

Azərbaycanda bir qayda olaraq xarici şirkət və firmalarda, eləcə də birgə müəssisələrdə çalışan işçilərinin hüquqlarının kobud şəkildə pozulması barədə müntəzəm olaraq fikirlər səsləndirilir, məsələ gündəmə gəlir. Bu günlərdə isə Bakının ən möhtəşəm otellərindən biri olan "Hilton Baku" otelində eyni halın baş verməsi barədə məlumat yayılıb. Vaxtı ilə sözügedən oteldə çalışan Samir Zeynalov "Hilton Baku"da müşahidə etdiyi qanunsuzluqlar barədə başda Prezident İlham Əliyev olmaqla bir sıra səlahiyyət sahiblərinə, eləcə də otel rəhbərliyinə orada baş verən qanunsuzluqlarla bağlı məlumatlandırıcı xarakter daşıyan müraciət edib. Müraciətdə Samir Zeynalov qeyd edir ki, 16.03.2015-ci ildən qeyri-qanuni olaraq əmək münasibətlərində olduğu müəssisədə xidmət müqaviləsi ilə müəssisənin iqtisadi və mənəvi nüfuzu adına normadan artıq fayda verməklə məsul olub: "Rəsmi olaraq yuxarıda göstərilən tarixdən etibarən çalışmağıma qədər otelin insan resursları şöbəsinin əməkdaşları tərəfindən müsahibə edilmişəm. Həmin tarixdən etibarən isə otelin mətbəx şöbəsində, həmin şöbənin rəhbərləri Savaş Özkılıç və onun müavini Gökhan Sınmazın tabeçiliyi altında qida mallarının qəbulu, sifarişi, etibarlı mühafizəsi və həmçinin sağlam gigiyenik şəraitdə istifadəyə təqdim edilməsi üzrə "Anbardar" (Storekeeper) vəzifəsini yüksək məsuliyyətlə, hətta rəsmən mənə aid olmayan işləridə yerinə yetirərək bütün kolektivin, ən əsası bu gün nadanlıq etməkdə peşəkar olan Savaş Özkılıçın və Gökhan Sınmazın rəğbətini qazanmağa nail olmuşam. Ağlasığmaz durum idi ki, rəsmən otel üçün ən ciddi və məsuliyyətli iş olan anbardar vəzifəsini icra etməyimə baxmayaraq, xidmət müqaviləsi ilə adım "təmizlikçi" göstərilməklə çalışırdım. Yerinə yetirdiyim məsuldarlıq ehtiva edən keyfiyyətli işlərin müqabilində isə aylıq orta hesabla 466 AZN məvacib alırdım. Mənə həvalə edilən işləri məsuliyyətlə yerinə yetirdikcə mənim iqtidarıma əlavə işlər verilirdi. Mən xaraktercə dərhal haqlı şəkildə heç vaxt öz tələbkarlığımı ortaya qoymamışam. Həmişə işlərimi məsuliyyət və məsuldarlıqla yerinə yetirməklə bərabər səbirli olub, rəhbərlik tərəfindən verilən dəyər üçün gözləmə mövqeyində olmuşam. Dəfələrlə Türkiyə və Birləşmiş Ştatlardan gələn gigiyenik yoxlamalardan müsbət nəticə qazanmağı bacarmışam. Mənim icraatımda olan işlərin çoxluğu baxımdan bu yoxlamalar ərəfəsində fasiləsiz və qarşılıqsız 37, 40 saat işləmişəm. Mənə qarşı göstərilən ədalətsizliklər, bəzən münaqişə ehtiva edən hallarla bərabər mətbəx rəhbərliyi digər işçilərə də qarşı istismarçı, ədalətsiz, qeyri-hüquqi və qeyri-mənəvi mövqedə qərarlaşaraq avtoritar idarəçilik

formalaşdırmış, xüsusən qadınların yanında söyüş hallarını ifadə edən mənəviyyatsız abu-hava yaratmağı bacarmışdı".

Samir Zeynalovun müraciətində yer alan iddialar və ittihamlarla əlaqədar "Hilton Baku" otelinin də mövqeyini öyrənməyi zəruri hesab etdik. Oteldən verilən açıqlamada qeyd edilib ki, "Hilton Baku" mehmanxanası son günlərdə yayılmış və mehmanxananın işçilərinin əsassız işdən azad olunduğunu bəyan edən yalnış məlumatlardan xəbərdardır: "Qeyd etmək istəyirik ki, biz heç bir işçini işdən azad etməmişik. Biz bu günə qədər mətbəx şöbəmiz üçün təmizlikçi vəzifəsinə saatlı işçi təmin edən Nexia podratçı şirkəti ilə müqaviləmizin bir qism xidmətlərini dayandırmışıq. Bu səbəbdən öncədən Nexia şirkəti tərəfindən təmin olunan bu vəzifələr artıq Hilton Baku ilə birbaşa müqaviləli olacaq. Hal-hazırda da bu vəzifələrə işə qəbul elan etmişik və təbii olaraq otelimizdə iş təcrübəsi olan Nexia əməkdaşlarının müraciətlərini də qəbul edirik". Oteldən o da bildirilib ki, müraciət müəllifi Damir Zeynalov Nexia şirkətinin əməkdaşı olub: "Biz təsdiq edə bilərik ki, Samir Zeynalovu Nexia şirkətinin əməkdaşı kimi tanıyırıq. Nexia şirkətinin  bizim mətbəx təmizliyi şöbəmizə işçi qüvvəsi təmin etdiyi müddət çərçivəsində cənab Zeynalov Hilton Baku-da işləyirdi".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31