Hərəkətsizlik ürəyin düşmənidir - Həkim məsələti

Çinli xəstələr üzərində aparılmış bir tədqiqata görə, diş əti xəstəliklərinin (periodontitis) intensiv müalicəsi yüksək qan təzyiqini aşağı salır. Müalicədən 6 ay sonra qan təzyiqi 13/10 mmHg qədər düşmüşdür. Diş əti xəstəliklərinin müalicəsi ilə iltihablaşma prosesi əngəllənir və damarın içini döşəyən endotel hüceyrələrinin funksiyası yaxşılaşır.

Amerikan Ürək Cəmiyyəti ilə Lourens Livermor Milli Laboratoriyası yeni dərman kəşflərinin sürətləndirilməsi üçün 10 illik, 2,6 milyard dollar məbləğində biznes müqaviləsi imzalamışdır. Bu pul ilə ürək xəstəlikləri, Alzaymer xəstəliyi, şəkərli diabet və s. xəstəliklərin müalicəsi, yeni dərmanlar, qoruyucu tədbirlər və s. araşdırılacaq.

Ürək çatışmazlığı və digər ürək xəstəlikləri olmayanlarda vegeteryan tərzi qidalanma bu xəstəliklərin əmələ gəlməsini 42% azaldır. Fikir 2003-2013-cü illərdə 15 mindən çox insan üzərində aparılmış müşahidədən sonra yaranmışdır.

Cinsi əlaqənin qəfləti ürək dayanması ilə bir əlaqəsinin olub-olmadığını öyrənmək üçün 4557 qəfləti ürək ölümü hadisəsi araşdırılmışdır. Cinsi əlaqə zamanı qəfləti ürək ölümünün nadir olduğu və ölənlərin 94%-ini kişilərin təşkil etdiyi məlum olmuşdur.

Bir tədqiqatda ayaq damarlarında tromb (qan laxtası) əmələ gələn, ya da ağciyərinə tromb atmış xəstələr arasında "televizora çox baxıram" deyənlərin üstünlük təşkil etdiyi ortaya çıxmışdır. Tədqiqatçılar televizora baxmağın pis şey olmadığını bildirmiş, problemi uzun müddət hərəkətsiz qalmaqla əlaqələndirmişlər.

Avstraliyada əhalinin işci qüvvəsi arasında siqaret çəkmə vərdişinin məhsuldarlığı azaldaraq, 340 milyard ABŞ dollar ziyan vurduğu hesablanmışdır. Tədqiqatçılar siqaret çəkməyin qarşısını almağın niyə vacib olduğunu bir daha göstərmək istəmişlər.

Filadelfiya ştatında qazlı və şəkərli içkilərə tətbiq edilən əlavə vergi qanununun işə yaradığı deyilir. Şəkərli içkilər şişmanlıq, şəkər, təzyiq xəstəliyi əmələ gətirdiyinə görə bu xəstəliklərin qarşısını almaq və əhalinin daha çox su istifadə etməsini yaymaq üçün 01.01.2017 tarixindən bəri belə addım atılıb.

Aparılan müşahidələrə görə 20 yaşından tez ana olan qızların həyatlarının irəli yaşlarında ürək- damar xəstəsi olma ehtimalı artır. Gənc qızlara reproduktiv sahə haqqında təlimlərin verilməsi, gələcəkdə ürək xəstəliyi ehtimalını azaltmaq üçün düzgün həyat tərzini mənimsəmək əsasdır.

Yapon tədqiqatçılar yeməyi yavaş və sürətli yeyənləri müqayisə etmişlər. Sürətli yeyənlərdə "metabolik sindrom" xəstəliyi dah çox görülmüşdür. Metabolik sindrom yüksək təzyiq, şişmanlıq, xolesterol yüksəkliyi və diabetes mellitusdan ibarət xəstəliklər topluluğudur və müxtəlif ürək xəstəliklərinə səbəb olur.

E-siqaretlər haqqında aparılan bir tədqiqatda e-siqaretin tərkibindəki kimyəvi maddələrin siçanlarda ürək vurğularını yavaşlatdığı müşahidə edilmişdir. İnsanlarda e-siqaretlərin aritmiya törədə biləcəyi ehtimal edilir. E-siqaretlərin düşünüldüyü qədər zərərsiz olmadığı, "siqareti tərgidir" sözünün əslində bir yalan olması haqda mübahisələr davam edir.

Danimarkalı tədqiqatçıların apardıqları bir araşdırmada şəkər xəstəliyinin uşaq və gənclərdə qəfləti ürək ölümlərini 7 qat artırdığı sübut edilmişdir. Şəkər xəstəliyinin ürək damarlarını daraltması səbəb kimi göstərilir.

Vüsal Vəliyev, kardioloq
[email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00