Deputat: “Ermənistan böyüyünə xəyanət edir”
“Fikrimcə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı Avropa İttifaqı ilə saziş imzalamasının bir çox tərəfləri var. Bu sənədi imzalamaqda Avropa İttifaqının başlıca məqsədi Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq və Yerevanı öz ağasına arxadan zərbə vurmağa hazırlamaqdır”.
30 Noyabr 2017 13:12 Sosial"Fikrimcə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı Avropa İttifaqı ilə saziş imzalamasının bir çox tərəfləri var. Bu sənədi imzalamaqda Avropa İttifaqının başlıca məqsədi Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq və Yerevanı öz ağasına arxadan zərbə vurmağa hazırlamaqdır". Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Rəsmi Yerevanın müstəqil xarici siyasət yürüdə bilmədiyini vurğulayan deputat qeyd edib ki, Rusiyanın Ermənistanın Avropa İttifaqı ilə saziş bağlamasına icazə verməsinin özünəməxsus səbəbləri var. M. Qasımlının sözlərinə görə, Rusiyada bəziləri belə hesab edir ki, Ermənistan Rusiyanın çiyinlərində ağır maliyyə-iqtisadi yük olduğundan, Avropanın pulu ilə Ermənistanı sosial-iqtisadi baxımdan saxlamaq olar, lakin hərbi-siyasi baxımdan Moskvadan asılılıq davam etməlidir.
Deputat bildirib ki, bu icazəni verməklə Rusiyanın "dünya erməniliyinin rəğbətini qazanmaq" kimi uydurma erməni təbliğatına inandığı və Ermənistanın guya müstəqil olduğunu göstərdiyi qənaətinə də gəlmək olar: "Rəsmi Yerevanın davranışı və məqsədləri isə daha hiyləgərdir. Ermənistan bu sənədi imzalamaqla Rusiya və Avropa İttifaqı arasında manevr edir, daxildə ictimai rəydə bu addımını erməni diplomatiyasının "uğuru" kimi təqdim edir, mövcud kriminal rejimin ömrünü uzadır".
M. Qasımlı əlavə edib ki, əslində Ermənistan bu sənədi imzalamaqla Moskvanın maraqlarına zərbə endirir, Qərbin əlində Rusiyaya qarşı bir alətə çevrilir: "Yumşaq desək, Ermənistan böyüyünə xəyanət edir, istənilən an Rusiyanın kürəklərinə bıçaq sancmağa hazırdır. Hesab edirəm ki, Rusiyada bu niyyəti bilən dövlət adamları olmamış deyil". Azadinform.az