Söz və mətbuat azadlığına dövlət qayğısı müstəqil medianın inkişafına təkan verib
Dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Konkret misallara istinad etsək deyə bilərik ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əməli işlər görülüb.
24 Noyabr 2017 15:48 SosialDövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Konkret misallara istinad etsək deyə bilərik ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əməli işlər görülüb. Üstəlik media təmsilçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə analoqu olmayan layihələr həyata keçirilməkdədir. Qətiyyətlə demək olar ki, Azərbaycanda jurnalistlər üçün fərdi yazı müsabiqələrinin keçirilməsi, eləcə də media təmsilçilərinin mənzillə təmin olunması dünya ölkələri üçün bir örnək kimi dəyərləndirilə bilər. Məlumat üçün qeyd edək ki, ölkədə medianın sərbəst fəaliyyətini tənzimləməkdən ötrü beynəlxalq standartlara cavab verən "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun qəbul edilib. Lakin Azərbaycan hökuməti bununla kifayətlənməyərək söz və məlumat, fikir azadlığının təmin olunmasından ötrü müxtəlif normativ hüquqi aktlar qəbul edib. Azərbaycan Avratlantik məkana inteqrasiya olunduqdan sonra söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə də qoşulub. Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Bu fərman Azərbaycanda mətbuatın sürətli inkişafına ciddi təkan verdi və cəmiyyət həyatında KİV-in səmərəli rolunun artırılması sahəsində böyük rol oynadı. Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Etiraf edilməlidir ki, sadalanan nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması tarixi reallıqdır.Yeri gəlmişkən qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması sahəsində xeyli işlər görüb. Ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, milli qanunların beynəlxalq sənədlərə uyğunlaşdırılması isə mətbuatın sərbəst fəaliyyətinə əlavə töhvə oldu. Belə ki, Azərbaycanın 2001-ci ilin yanvarında tam hüquqlu üzv kimi Avropa Şurasına qəbulu milli mətbuatımızın inkişafı istiqamətində növbəti əhəmiyyətli addım oldu. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunda edilən əlavə və dəyişikliklər kütləvi informasiya vasitələrinin təsis olunması və onlardan istifadə imkanlarını qat-qat asanlaşdırdı, bu sahədəki vəziyyəti tam azad və sərbəst etdi. Bu dəyişikliklərdən sonra Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. İnkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə uyğun olaraq Azərbaycanda da KİV-in qeydiyyatı ilə bağlı icazə sistemi aradan götürüldü. Yeni qəzet açmaq niyyətində olan hər bir hüquqi və fiziki şəxsə müvafiq dövlət orqanlarını xəbərdar etmək şərtilə icazə verildi. Mətbuat faktiki olaraq dövlət nəzarətindən çıxdı. Azərbaycanda KİV-in qanunvericilikdə qadağan olunmayan istənilən mənbə tərəfindən maliyyələşdirilməsinə imkan verildi. Eyni zamanda mətbu orqanlarda və elektron KİV-lərdə reklama qoyulan məhdudiyyətlər aradan qaldırıldı.Qanunvericilikdə aparılmış düzəlişlər əsasında məhkəmələr jurnalistləri informasiya mənbələrini açmağa ancaq üç halda, insanların səhhətinin qorunması, ağır cinayətlərin qarşısının alınması və ağır cinayət törətmiş şəxslərin onlar tərəfindən müdafiəsi hallarında məcbur edə bilərlər. Qanuna edilən düzəlişlərə əsasən həmçinin müvafiq icra hakimiyyətinin KİV-in fəaliyyətini dayandırması və müvafiq orqanlar tərəfindən jurnalistlərin akkreditasiyadan məhrum edilməsinə dair normaların ləğvi, jurnalistlərin hüquq və öhdəliklərinə aid maddələrin qanunvericilikdən çıxarılması daxildir.
Azərbaycanda söz və mətbuat azadlğının təmin olunmasında görülən işlərin dünya ölkələrinə örnək ola biləcəyi fikri təsadüfən səsləndirilməyib. İsrarla demək olar ki, Azərbaycanda mətbuata göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində müşahidə olunmayıb. Məsələn, indiyə qədər heç bir ölkədə rast gəlinməyib ki, dövlət qəzetlərin borcunu dövlət bürcəsi hesabına silsin. Azərbaycanda isə mətbuatının maddi-texniki vəziyyətinin yaxışılaşdırılmasının və problemlərinin həllinə yönəlmiş tədbirlərin davamı kimi dövlət başıçısının 2006-cı il 8 fevral tarixdə imzaladığı fərmanla qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 398 min manat borcu dövlət büdcəsi hesabına ödənilmişdir. Təkcə bu fakt ölkədə mətbuata olan münasibətin və plüralizmin təntənəsi kimi qəbil edilməlidir.
Xatırladaq ki, bu gün də mətbuata dövlətin diqqət və qayğısı yetərincədir. Daha doğrusu, mətbuatın inkişafı üçün hər cür şəraitin yaradılması dövlətin əsas prioritetlərindən hesab edilir. Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi siyasət, dövlət rəhbərinin hətta bəzən söz azadlığından siyasi, yaxud şəxsi məqsədlərlə istifadə etməyə çalışan jurnalistlərə münasibəti humanizm çalarları ilə zəngindir.
Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmıb və hazırda da bu siyasət davam etdirməkdədir. Belə ki, ölkə başçısı 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəd oldu. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına hərtərəfli dəstək verən dövlət başçısı qarşıya qoyduğu məqsədin "dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi" olduğunu bildirmişdir. Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond bu gün də səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir. Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardıb. Son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi bir sıra ölkələrlə müqayisədə birinci sıraya çıxa bilib. Buna isə Azərbaycan dövləti və prezidenti İlham Əliyevin söz və fikir azadlığına diqqət və qayğısının nəticəsində nail olunub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir