Bahar Muradova: “Hüquq mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarında islahatlara ehtiyac var”
Milli Məslisin noyabrın 22-də keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. Millət vəkili Musa Qasımlı qeyd edib ki, 2018-ci il üçün dövlət büdcə layihəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür.
22 Noyabr 2017 15:24 SosialMilli Məslisin noyabrın 22-də keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. Millət vəkili Musa Qasımlı qeyd edib ki, 2018-ci il üçün dövlət büdcə layihəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür. Növbəti ildə qeyri-neft sektorunun gəlirlərinin bu illə müqayisədə 20 faiz artması nəzərdə tutulub. Bu, ölkə iqtisadiyyatımızın inkişafının göstəricisidir. Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb: "Bildiyiniz kimi prezidentin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb. Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər". M. Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif edib: "Bildiyiniz kimi bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdən də yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın". Deputat çıxışında 2018-ci ilin büdcəsində ölkəmizdə dəmiryolu sistemində müasirləşmənin aparılması ilə bağlı vəsaitlərin artırılması təklifini də irəli sürüb: "Bildiyiniz kimi Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bir sıra məsələlərin həllinə səbəb olub. Bu baxımdan düşünürəm ki, dəmiryolu sisteminin müasirləşməsi, müvafiq strukturun yaradılması ilə bağlı vəsaitin artırılmasına ehtiyac var". M. Qasımlı şəhid ailələrinin problemlərinə də toxunub: "Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər". Deputat Yevda Abramov deyib ki, dövlət büdcəmizə münasibət dəyişməlidir. O, bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi: "Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Biz bilirik ki, iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsulun qiyməti dövlət tərəfindən tənzimlənir, bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur. İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir". Millət vəkili Azay Quliyev qeyd edib ki, bəzən səfirlərimiz özləri sürücü funksiyasını yerinə yetirirlər. Bu mənada Azərbaycan hökumətini xaricdə təmsil edən qurumlara diqqətinin artırılmasına ehtiyac var. Millət vəkili ən azından hər bir səfirliyə sürücü ştatı ayrılmalı olduğuna diqqət çəkib: "Diplomatik xidmətdə olan vətəndaşlarımızın pensiya təminatında da müəyyən problemlər var. Onların xaricdə işlədikləri zaman aldıqları maaşdan tutulan vəsait pensiya təminatı kimi nəzərə alınmır. Azərbaycanda işlədiyi zaman aldığı maaşın 50 faizi civarında pensiya ayrılır. Düzdür, bu pensiya məsələlərinin müzakirəsi zamanı da gündəmə gələ bilər. Lakin bu gün məsələni burada qaldırmaq istədim". Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 2018-ci ilin büdcəsinin ötən ilin büdcəsindən 20 faiz artırılması iqtisadi yüksəlişdən xəbər verir. Sosial sahələrə ayrılan vəsait artırılıb. Büdcənin 1/3-nin sosial sahələrə ayrılıması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılamasına göstərilən diqqətdir. Təhsil sahəsində 15 faiz artım var. Təhsil sahəsində ciddi islahatlar aparılır. Bu vəsait islahatları sürətləndirəcək. AMEA-nın büdcəsi 5 faiz artıb, bu da elmin inkişafında xüsusi rol oynayacaq. Deputat təəssüflə qeyd edib ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır: "Bu xərclərin azlığı, həkimlərin maaşının aşağı olması, ölkədə yeni inşa edilən müasir avadanlıqlar təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına maneə törədir. Bu il səhiyyə xərcələri ötənilkindən bir qədər azdır. Heç olmasa, əhalinin artımını nəzərə alaraq bu xərcləri artırmaq lazımdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq səhiyyədə problemlər yaranacaq. Bu xərclər hökmən artırılmalıdır". Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. "Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa, eşitmə qabilliyyətini itirə bilərlər . Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır". Komitə sədri bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır: "Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr, orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil". Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır. "Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var". Vitse-spiker Bahar Muradova bildirib ki, ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır. O, qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir. B. Muradova bildirib ki, insan hüquqlarına təsir göstərən bir sıra amillər birbaşa və dolayısı yolla hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır: "Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun gələn ilin büdcəsində nəzərə alınması vacibdir". Onun sözlərinə görə, obyektiv səbəblərdən insan hüquqlarının pozulmasından söhbət getmir: "İş yükünün çoxluğundan, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir sıra məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı da bir sıra prosedurların pozulmasına gətirib çıxarır. Təbii ki, verilən hökmlərdən narazı qalan vətəndaşlar hüquqlarının pozulduğu qənaətinə gəlirlər və hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət etməli olurlar. Bizim komitəyə bu mövzuda edilən müraciətlərin çoxluğunu nəzərə alaraq deyirəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanlarında və məhkəmə hakimiyyətində insan hüquqlarının real şəkildə qorunmasının həyata keçirilməsini təmin edəcək islahat və dəyişiklərə ehtiyac var. Bu məsələni çox gözləmək olmaz". Büdcə müzakirələri bu gün də davam edəcək.
Alim