Ərzaq təhlükəsizliyi dövlətin prioritet vəzifəsi olmalıdır
Azərbaycanda bu sahədə görülən işlər inkişaf etməkdə olan ölkələr üçün nümunədir Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən əsas məsələlərdən biridir. Yer kürəsində 822 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığının qlobal problem olduğunu görərik. Hazırda dünyada cərəyan edən proseslər bütün ölkələrdə daxili ərzaq bazarının gücləndirilməsinə, qida ehtiyatlarının yaradılmasına, yeyinti məhsullarının hər bir insan üçün əlçatan olmasına, torpaqdan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalına daha diqqətli və kompleks yanaşma tələb edir.
22 Noyabr 2017 15:03 SosialAzərbaycanda bu sahədə görülən işlər inkişaf etməkdə olan ölkələr üçün nümunədir
Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən əsas məsələlərdən biridir. Yer kürəsində 822 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığının qlobal problem olduğunu görərik. Hazırda dünyada cərəyan edən proseslər bütün ölkələrdə daxili ərzaq bazarının gücləndirilməsinə, qida ehtiyatlarının yaradılmasına, yeyinti məhsullarının hər bir insan üçün əlçatan olmasına, torpaqdan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalına daha diqqətli və kompleks yanaşma tələb edir. Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Elmi cəhətdən əsaslandırılır ki, ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun və işsizliyin azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması, ərzaq əlçatarlığı, o cümlədən qənaətliliklə bağlıdır. Millət vəkili Eldar Quliyev qeyd edib ki, ərzaq təhlükəsizliyi bir tədqiqat obyekti kimi qəbul edilərək iqtisadi siyasətin müxtəlif istiqamətləri baxımından təhlil olunur. Daxili bazarın qorunması bir tərəfdən yerli istehsalçıların maraqlarına xidmət etdiyi halda, digər tərəfdən resursların optimal bölgüsünü əngəlləyir və qiymətləri yüksəldərək ərzağa əlçatarlıq problemini kəskinləşdirir. Bu mənada iqtisadi siyasət və ərzaq təhlükəsizliyi arasında qızıl ortanın tapılmasının zəruriliyi ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıda duran əsas hədəflərdən biridir: "İnkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə fiskal və monetar siyasət qida sənayesində kiçik və orta sahibkarlığın inkişafının sürətləndirilməsinə xidmət etməlidir. Xüsusən, sağlam rəqabət qida sənayesində qiymətlərin ucuzlaşmasına və keyfiyyətin yaxşılaşdırılmasına gətirib çıxarır, digər tərəfdən isə kənd təsərrüfatı istehsalını stimullaşdırır. Çünki dəyər zəncirində kənd təsərrüfatı məhsulları sonrakı pillədə qida sənayesində emal edilir. Bəzən kənd təsərrüfatı istehsalçılarının emal müəssisələrinin tədarük qiymətlərindən şikayətlənməsi təsadüfi deyil. Kənd təsərrüfatı istehsalçıları seçim imkanı olmayanda istehsal etdikləri məhsulu geniş təkrar istehsalı təmin etməyən qiymətə satmağa razı olurlar ki, nəticədə ərzaq təklifi azalır və proses ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Orta təbəqənin formalaşmasında ərzaq təhlükəsizliyinin əhəmiyyəti ondadır ki, ərzağa əlçatarlığın yaxşılaşması insanları yoxsulluq girdabından xilas edir. Yoxsul insan artıq ərzaq təminatını həll etdikdən sonra təhsil, səhiyyə və digər xidmətlərə çıxışını yaxşılaşdırır, beləliklə, bir çox hallarda orta təbəqəyə daxil olur. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsalında yeni əlavə dəyərin yaradılması mühüm əhəmiyyət kəsb edir. Məsələn, modernləşdirmə hətta ənənəvi bitkilərin qeyri-qida məhsullarına çevrilməsinə, məsələn, qarğıdalıdan etanol və soya kökündən biodizel yanacağının alınmasına qədər genişləndirilə bilər". Onun bildirdiyinə görə, dünyada 200-dən artıq dövlətin heç də hamısı qida məhsulları istehsal edə bilmir: "Az sayda ölkə var ki, tam olaraq daxili istehsal hesabına vətəndaşlarını yeyinti məhsulları ilə təmin edir. Bəziləri bir qisim ərzaq məhsullarını idxal edir. Qətər dövləti isə bütünlüklə ərzaq məhsullarını xaricdən idxal edir. Hər bir dövlətin isə təxminən 3 aylıq ərzaq ehtiyatı olur. 2008-ci ildə 40 dövlət bir müddət ərzaq ixracını dayandırmışdı. Bunun nəticəsində o dövrdə ərzaq məhsullarının qiymətləri yüksəldi. Bu faktın özü hələ o zaman ərzaq təhlükəsizliyini qlobal problemlərdən biri kimi ortaya çıxardı. Bəzən insandan asılı olmayan obyektiv səbəblərdən - qlobal istiləşmədən, subasmalardan və ya suvarma suyunun azalması, ekoloji çirklənmə səbəbindən kənd təsərrüfatı istehsalında geriləmə yarana bilər ki, bu da ərzaq çatışmazlığına yol açar. Bu problemlər bəzi ölkələrdə daha kəskin olmaqla bütün dünyada özünü göstərməkdədir. Ona görə təklif olunur ki, istifadə edilən şirin su təkrar emal olunaraq yenidən istehsalata qaytarıla bilər ki, bu da xüsusən kənd təsərrüfatında su çatışmazlığını əhəmiyyətli dərəcədə aradan qaldırar. Həmçinin qlobal istiləşmə ilə əlaqədar daha istiyə dözümlü məhsullar yetişdirmək olar. Subasma ilə əlaqədar su sevən bitkilərin yetişdirilməsinə üstünlük verilə bilər". Onun sözlərinə görə, kənd təsərrüfatı bəzi sahələr kimi çox yüksək gəlir götürməyə imkan vermir. Amma bu, tək-tük fəaliyyət sahələrindən biridir ki, həmişə iş də var, qazanc da. Nəzərə alınmalıdır ki, mənfəət az olsa da, kənd təsərrüfatı daimi fəaliyyət sahəsidir və onun məhsulu əhalinin bütün təbəqələri üçün əvəzolunmazdır: "Ərzaq təhlükəsizliyində məhsuldarlıq olduqca vacibdir. 2050-ci ilədək dünya əhalisinin 9 milyarda çatması gözlənilir. Lakin bu gün dünyada torpaqların cəmi 25 faizi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Bu, ondan xəbər verir ki, yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər. Hazırda əkin sahələri cəmi 5 faiz artsa, ərzaq istehsalı da əhəmiyyətli dərəcədə çoxalar. Qida məhsulları ancaq təbii yolla əldə edilməlidir, onları başqa heç bir yolla artırmaq olmur. Yaradılan süni düyü və bu kimi qidalar insan sağlamlığına ziyandır. Normal, ekoloji təmiz məhsullar yetişdirilməlidir ki, insanların gələcəyi, sağlamlığı təmin olunsun". Deputat bildirib ki, hələ ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlamışdır. Prezident İlham Əliyev də ərzaq təhlükəsizliyini dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Dövlət başçısının təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" məhz bu məqsədə xidmət edir. Eyni zamanda, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da xüsusi vurğulamaq lazımdır: "Azərbaycan Respublikası indi çalışır ki, ərzaq təhlükəsizliyi məsələsində, əhalinin keyfiyyətli qida məhsulları ilə təminatında xaricdən asılı olmasın. Bu baxımdan son illər aqrar sahəyə diqqət daha da artırılıb, kənd təsərrüfatı sənayesinin inkişafı üçün mühüm addımlar atılıb və bu istiqamətdə işlər davam etdirlir. Hazırda mövcud şərait, dünyada cərəyan edən proseslər daxili ərzaq bazarının gücləndirilməsi və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Hətta Azərbaycanda bu sahədə görülən işlər region və inkişaf etməkdə olan ölkələr üçün əsl nümunədir".
Zəka