Kameramanın "jurnalist vəsiqəsi" bütöv bir şəbəkəni ələ verdi
Təqribən 4 il öncə baş vermiş hadisədir. Beynəlxalq media təşkilatlarından birinin gündəlik xəbər bülletenində Sudef adlı "Azərbaycan jurnalistinin" polis tərəfindən saxlanılması və dindirmə prosesində təzyiqlərə məruz qalması barədə bilgi getmişdi. Şəxsin imzası məşhur deyildi, tanınmırdı, ümumiyyətlə, ölkənin xəbər gündəmində bu şəxsin "jurnalistik fəaliyyətinə görə tutulması" barədə məlumat keçmirdi. Bu yöndən marağımızı çəkdi, araşdırmaq istədik: necə olub ki, "beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək qədər məşhur olan jurnalistin" həbsi barədə ölkənin öz içində bircə kəlmə yazılmayıb, hadisə yerli monitorinq təşkilatlarının diqqətindən yayınıb? Onlayn resurslarda axtarışımızın nəticəsi olaraq nə bir yazısına, nə də barəsində əhəmiyyətli məlumata rast gəlmədik. Amma məsələ ciddi idi, adamın adı "təzyiqlə üzləşmiş jurnalistlər" siyahısında beynəlxalq təşkilatların müzakirəsinə çıxmışdı, araşdırmaq zərurəti yaranmışdı.
20 Noyabr 2017 16:32 Sosial"Jurnalist vəsiqəsi" kameramanın əlinə necə keçib?
Təqribən 4 il öncə baş vermiş hadisədir. Beynəlxalq media təşkilatlarından birinin gündəlik xəbər bülletenində Sudef adlı "Azərbaycan jurnalistinin" polis tərəfindən saxlanılması və dindirmə prosesində təzyiqlərə məruz qalması barədə bilgi getmişdi. Şəxsin imzası məşhur deyildi, tanınmırdı, ümumiyyətlə, ölkənin xəbər gündəmində bu şəxsin "jurnalistik fəaliyyətinə görə tutulması" barədə məlumat keçmirdi. Bu yöndən marağımızı çəkdi, araşdırmaq istədik: necə olub ki, "beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək qədər məşhur olan jurnalistin" həbsi barədə ölkənin öz içində bircə kəlmə yazılmayıb, hadisə yerli monitorinq təşkilatlarının diqqətindən yayınıb? Onlayn resurslarda axtarışımızın nəticəsi olaraq nə bir yazısına, nə də barəsində əhəmiyyətli məlumata rast gəlmədik. Amma məsələ ciddi idi, adamın adı "təzyiqlə üzləşmiş jurnalistlər" siyahısında beynəlxalq təşkilatların müzakirəsinə çıxmışdı, araşdırmaq zərurəti yaranmışdı.
Araşdırdıq. Adam Cənub bölgəsində toy şənliklərində çəkiliş aparan kameraman çıxdı. Toyların birindən sərxoş halda ayrılıb, eyni halda avtomobil idarə edərək qəza vəziyyəti törətdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Tabesizlik edib, mübahisə yaranıb, vəziyyətdən çıxmaq üçün "jurnalist" olduğunu deyib, hətta cibindən vəsiqə də çıxarıb və polisi hədələyib. Yardım üçün "jurnalist hüquqlarını qoruyan təşkilata" da telefon açıb. Azərbaycan barədə qaralayıcı məlumat yaymaq üçün pusquda duran təşkilat da fürsəti fövtə verməyib, ağına-bozuna baxmadan mövzunu beynəlxalq təşkilatların gündəminə çıxarıb.
Prosesin gedişində diqqət çəkən ikinci məqam "Azərbaycan jurnalistinin polis tərəfindən saxlanılması və təzyiqlərə məruz qalması" barədə öz gündəlik bülletenində xəbər yayan beynəlxalq media təşkilatının sonradan bu işi təqib etməməsi oldu. Belə davranış ənənələrə ziddir: ənənəyə görə, günlük bülletendə xəbər gedibsə, sonrakı mərhələlərdə proses təqib edilir, daha detallı informasiyalar verilir, bəyanatlar səsləndirilir. Maraqlandıq, bəlli oldu ki, "təzyiq qurbanı" prosesin təqib edilməsindən özü imtina edib və adını beynəlxalq təşkilatların siyahısından sildirib. Heç demə, kameraman adam "reket jurnalist şəbəkəsi"nin kompromat toplamaq üçün təlimatlandırdığı "gizli görəvli" imiş. "Görəvinin gizli olduğunu" sərxoşluğu keçəndən sonra xatırlayıb. "Jurnalist vəsiqəsi" ona daha "böyük missiyalar" üçün verilibmiş, yol polisi ilə mübahisə qismində xırda məsələlərə xərcləmək üçün yox. "Jurnalist hüquqlarını qoruyan təşkilata" da yalnız lazımi situasiyalarda, razılaşdırılmış məqamlarda zəng vurulmalıymış. Tələsib, sərxoşluq məqamı düzgün qiymətləndirməyə mane olub.
Məsələnin geniş araşdırılması kameramanı təlimatlandıranları, ona "jurnalist vəsiqəsi" verənləri üzə çıxarmışdı. Bir az da irəliləsəydi, "təlimatçıların araxasında duran şəxs" tapılmalıydı, bütöv bir şəbəkə de-şifrə olunacaqdı.... Maraqlarına uyğun deyildi. Mövzunu sürətlə qapatdılar, getdi.
"Reket jurnalist"lərin çeşidli üsulları
İnsanları şantaj etmək, hədələmək, şəxsi həyatlarına müdaxilə etmək... qarşılığında pul almaq, amma fəaliyyətləri ifşa ediləndə, müqvimətlə rastlaşanda isə hay-həşir salmaq, "ölkədə azad sözə basqı var" deyib kampaniyalar keçirmək yeganə taktika deyil onlar üçün. Vəziyyətdən çıxmaq üçün çeşidli variantları var "reket jurnalist"lərin.
Onlar 2008-ci ildən bəri Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı prinsipial mübarizəni zəiflətmək üçün bütün vasitələrə əl atdılar. MŞ üzvlərinə hədə-qorxu gəlmək, yalançı "faktlarla" şantaj etməkdən başlamış "müxtəlif təkliflər" verməyə qədər variantlar seçdilər. Bu variantlar keçməyəndə, "arxalarının güclü yerə bağlandığını" deyib, komissiya üzvlərində ümidsizlik yaratmağa çalışdılar.
Təxribat cəhdləri də oldu: özlərini hansısa etnik azlığın nümayəndəsi kimi qələmə verib, reket fəaliyyətlərinə görə deyil, guya etnik kimliklərinə görə "sorğu-sual olunduqlarını" iddia edənlər də tapıldı. Açıq dillə deyirdilər ki, MŞ onları ifşa etməkdən əl çəkməsə, "soydaşlarını ayağa qaldıracaqlar", etnik mənsubiyyətlərinə görə təqib edildikləri yönündə cəmiyyətə mesajlar verəcəklər.
Hər dəfə yeni metod tapdıqlarında bir nəfər kimi hamısının ondan faydalanması göstərirdi ki, bu tezislər bir mərkəzdə hazırlanır, şəbəkə üzvlərinin hamısına ötürülür: fəaliyyət eyni, şantaj vasitələri eyni, müdafiə üsulları eyni, istifadə olunan tezislər də eynidir. Bir şəbəkənin ayrı-ayrı qollarıdırlar bunlar. Bir qismi pul alınacaq obyektləri müəyyənləşdirir və pul almaq planını icra edir; bir qismi şəbəkənin müdafiə işini qurur, beynəlxalq təşkilatlarla iş aparır; bir qismi hüquq- mühafizə orqanlarından yayınmaq variantlarını hazırlayır və sair.
Dövlət Təhlükəsizliyi Xidmətinin, Baş Prokurorluğun apardığı araşdırmalar da isbat etdi ki, bu şəbəkələrin əksəriyyəti keçmiş MTN-in rəhbərliyi tərəfindən təşkilatlandırılıb, idarə olunublar, ona görə də uzun müddət cəzasız qalıblar. Bu, məntiqlə çoxdan isbata yetirilmiş fakt idi. Baxın: dəfələrlə müraciətlər ünvanlanmasına, KİV-də ictimailəşdirilməsinə rəğmən, dövlət təhlükəsizliyini qorumalı olan MTN dövlət üçün təhlükəyə çevrilən bu ünsürləri nədən araşdırmırdı, tədbir görmürdü? Məsələ təkcə bu "reket KİV-lər"də MŞ rəhbərliyinin şəkillərinin qrimlənmiş, əlində balta tutmuş formada təsvir edilməsində deyil. Söhbət etnik separatizmə yol açacaq yalançı tezislərin gündəmə gətirilməsindən, dövlətin güvənc yeri olan məmurların şantaj edilməsindən, gözdən salınmasından, dövlətin əsasını təşkil edən sadə vətəndaşların hədələnməsindən, qorxudulmasından, dövlətə olan güvəncinin sarsıdılmasından, ölkənin adının beynəlxalq təşkilatların hədəfinə çevrilməsindən gedir. Təhsil, səhiyyə sektorunda çalışanlara, biznes sahəsində fəaliyyət göstərənlərə "potensial yem mənbəyi" kimi yanaşıb barələrində olmazın şantaj yazan, yayan, onları güvəncsiz qoyub dövlətə inamlarını sarsıdan bu şəbəkəni diqqətə almaq, haradan güc aldıqlarını araşdırmaq, dövlətin əsasına zərbə vuran bu hallara qarşı mübarizə aparmaq deyildimi Milli Təhlükəsizlik Nazirliyinin vəzifələrindən biri? Əgər beləydisə, niyə sonu yetmirdi bu tiplərin? Dəfələrlə məhkəmə proseslərinə cəlb olunmalarına rəğmən, hansısa sehrli əl onları xilas edirdi, həbsdən qurtarırdı, cəzadan və cərimədən yayındırırdı. Şikayət edən tərəfi elə hallara salırdılar ki, adam "öz xoşu ilə" məhkəmədən barışıq istəyirdi. Necə edirdilər bunu; bu həcmdə geniş bir şər şəbəkəsini özlərinin olmayan intellektləriyləmi idarə edirdilər? Adamın anadan olduğu gündən məhkəməyə şikayət etdiyi günə qədər bütün bioqrafiyasını əhatə edən, kiminlə danışdığını, kiminlə görüşdüyünü, yemək yediyini, hansı telefonla hansı saatda danışdığını əks etdirən şəkilləri, səs yazılarını haradan və necə əldə edirlər bunlar? Rayon icra başçıları daxil olmaqla digər məsul şəxslərin, şirkət sahiblərinin, xüsusən vəzifə başında olan xanımların hansı saatda, hansı telefonla kimlərlə danışdığını necə öyrənə bilirlər bu şəxslər?
Ağılları kəsmir, intellektləri yetmir, bəzən MŞ-nin şikayətlər üzrə komissiyasının iclaslarında açıq tekstlə, həm də fəxrlə elan edirlər bunları: "Filan məmurun filan saatda filan nömrə ilə filankəslə danışdığını təsdiq edən səs yazısı var məndə", "Filan xanımın filankəslə filan saatda danışdığına aid telefon səs yazısı və görüşə dair şəkil var məndə", - deyib qürrələnirlər.
Konfedensial informasiyalara çıxışı necə əldə edirlər? Hansı xidmətinə, vəzifəsinə, intellektul səviyyəsinə görə verilir onlara bu informasiyalar?
Dövlət üçün təhlükə mənbəyi
Hansısa obyektdən "5 manat alan jurnalist" deyib keçməyək bunların üzərindən. O "5 manat alanlar" "hazırlıq kursu keçən" qoludur bu şəbəkənin. Böyüyürlər, "inkişaf edirlər", təkmilləşirlər, təlimatlandırılırlar və sabah daha böyük məbləğlərə iddia edirlər. İstədikləri məbləği əldə etmək üçün dövləti də ayaq altına alırlar belələri. Aprel döyüşləri zamanı, 1-ci "Bakı Avropa oyunları" zamanı, digər zamanlarda gördük sifətlərini. Ölkə marağına zidd informasiyaları necə ustalıqla ötürürdülər media gündəminə! Dünənin "5 manat alan jurnalisti"dir bu günün qlobal maxinasiyalarını quranlar. Erməni şəbəkəsinin şirnikləndirici vədlərini qəbul etmək, informasiya məkanımızı təxribatçı informasiyalarla doldurmaq su içmək qədər asndır belələri üçün, təki pul olsun, maraqları təmin edilsin.
Bir dəfə də toxunmuşdum bu məsələyə. Mətbuat Şurasının Şikayətlər Komissiyasının iclası olan günlər, "kriminal filmlərə baxırsan kimi" təəssürat yaranır insanda. MŞ ofisinin həyətində, adi günlərdən fərqli olaraq, qara rəngli "Range Rover"lər, "Lexus"lar, digər baha markalı avtomobillər dayanır. Bu avtomobillərlə gələnlər isə ən yaxşı halda ayda bir dəfə, normada isə 3 ayda bir dəfə nəşr olunan, üst-üstə 5 nüsxə ilə dərc edilib yalnız hədəf seçilən şəxslərin evinə, qonşularına, iş yerlərinə poçtla göndərilən "qəzetlərin"in, "xəbər portallarının" "baş redaktorları"dırlar.
Mətbuat Şurası ictimai birlikdir, səlahiyyəti rəy vermək səviyyəsindədir. İctimai qınaq ictimaiyyətlə işləyən, obyekti ictimaiyyət olan KİV-lər üçün önəmlidir. "Reket şəbəkə" üçün ictimai qınaq "qanlarını qaraltmağa dəyməyəcək" qədər önəmsizdir. Auditoriyaları ictimaiyyət deyil, satış, yayım, tiraj marağında deyillər. Jurnalist adı, sadəcə, soyuq silahdır onlar üçün.
Məsələnin daha geniş araşdırılması, tədbirlər görülməsi dövlət qurumlarının səlahiyyətindədir. Görürlər də. Mətbuat Şurası "Reket jurnalistikaya qarşı mübarizə komissiyası"nın tərkibini genişləndirib. Komissiyanın işində iştirak üçün Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluğun təmsilçilərini dəvət edib. Təklif müsbət qarşılanıb.
Reket düşərgədə təşviş var, müqavimət göstərmək, mövqelərini qorumaq üçün hər vasitəyə əl atırlar. İndiki taktikaları MŞ təmsilçilərini ləkələməkdir ki, MŞ-nin verdiyi rəylərə kölgə düşsün, ciddi qəbul edilməsin. Amma unudurlar ki, "sonda mütləq haqq qalib gəlir" deyə bir fakt da var axı.
Müşfiq Ələsgərli
Milli.Az