Boşanmalar artır, evlənənlərin sayı azalır

Azərbaycanın  ailə modeli millətimiz və xalqımızın əvəzssiz sərvətidir.  Dövlətlə ailə bir-birlərilə bağlı məsələ olduğundan öləmizdə güclü ailə siyasəti mövcuddur. Lakin buna baxmayaraq ölkədə qeydə alınan erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatçılıq yaratmaqdadır.

Bunun kökündə qısqanclıq, xəyanət, yoxsa ailə zorakılığı durur?

Azərbaycanın  ailə modeli millətimiz və xalqımızın əvəzssiz sərvətidir.  Dövlətlə ailə bir-birlərilə bağlı məsələ olduğundan öləmizdə güclü ailə siyasəti mövcuddur. Lakin buna baxmayaraq ölkədə qeydə alınan erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatçılıq yaratmaqdadır. O da faktdar ki, sadalanan problemləri təkcə dövlət qurumları  həll edə bilməz, bu məsələdə daha çox qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin rolu böyükdür. Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olmuşdur. Maraqlıdır, ənənəvi təkmil ailə modelinə malik Azərbaycanda boşanmaların artmasına təsie edən amillər hansılardır?  AMEA Fəlsəfə İnstitunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədov bildirib ki, bu gün 17-18 yaşdan yuxarı nikah müqaviləsinə və yumşaq patriarxal ənənəyə əsaslanan nuklear monoqam ailə modeli, Azərbaycanın milli ailə modelidir. Onun sözlərinə görə, XX əsrə qədər Azərbaycan ərazisində qismən yayılan və erkən nikaha, sərt və orta patriarxallığa əsaslanan mürəkkəb (böyük ailə) poliqamik ailə modeli artıq getdikcə tarixə çevrilməkdədir: "Müasir Azərbaycan ailə modeli öz başlanğıcını, 1917-ci il oktyabr inqilabından sonra "ev əməyinin inqilabı dəyişməsi" qanunundan götürür. Ailə, cəmiyyətin kiçik sosial birlik formasıdır. Cəmiyyətdə baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikiklər ailənin də xarakterinə təsir göstərir. Ailə konservativ sosial varlıq kimi cəmiyyətdən daha gec dəyişikliklərə, inteqrasiyaya məruz qalır. Bu baxımdan, ənənəvi və yeni sistemlərin sintezindən müxtəlif sübkültürlər və ailə tipləri meydana çıxır: sərbəst, demokratik, avtoritar. Liberalizmin ifrat həddi ailə institutunun ortadan qalxmasıdır. Biz, sağ-kapitalist liberalizmin Avropada ailə institutunu dağıtdığını müşahidə edirik. Liberalizmin sol ifrat qanadı olan kommunizm ideologiyası da məlum olduğu kimi xüsusi mülkiyyətin əsas forması olan ailə instutunun dağılmasını əsas məqsəd seçmişdir". R.Məmmədov deyib ki, Azərbaycanda boşanmaların əsasən 20-35 arasında artan dinamika ilə inkişaf etdiyi və evlənmələrin sayının tədricən azaldığı müşahidə olunur: "Bu amil, böyük göstərici olmasa da narahatedicidir. Bunun səbəblərini araşdırmaq və onları aradan qaldırmaq vacibdir". Tədqiqatçı bildirib ki, boşanmalara aşırı qısqanclıq, xəyanət, böyük ailələrdə anlaşılmazlıq (gəlin-qaynana münaqişəsi), ailədə zorakılıq halları (əsasən əyyaşlıq, narkomanlıq, psixi pozğunluq, mədəniyyətsizlik), qadının öz hüquqlarından və seçimindən məhrum edilməsi (oxumasına və hərəkətlərinə məhdudiyyətlər), xəstəliklər (cinsi iqtidarsızlıq, sonsuzluq və s), intim disharmoniya, dünyagörüşlərinin, həyat tərzinin və psixologiyanın uyğunsuzluğu (fərqli təhsil və gəlir səviyyələri), iqtisadi problemlər, maddiyyatın əsas dəyər olması və digər məsələlərə göz yumulması, erkən evlilik, valideynlərin müdaxiləsi və təkidi (evlənərkən və sonra), sərbəstliyin olmaması səbəb olur. R.Məmmədov deyib ki, qadınların sosial həyatda aktivləşməsi, onların gəlir əldə etməsi, yüksək vəzifələrə seçilməsi kişilərin ənənəvi patriarxal avtoritetini zəiflədir: "Bu proseslər ailənin daxili strukturuna da təsir edir. Ailədə sosial baxımdan fəal olan və gəlirləri kişinin gəlirlərindən yüksək olan qadının nüfuzu bəzi hallarda kişinin ənənəvi nüfuzunu zədələyir. Bu rəqabətə dözə bilməyən kişilərin bəziləri məğlub olmaqdan daha çox boşanma yolunu seçirlər. Boşanmaların nəticələri cəmiyyət üçün destruktiv xarakter daşıyır. Ailənin əsas məqsədi -özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Qadın kişinin nəslini artırırsa, kişi də onun və övladlarının maddi-mənəvi təminatını öz üzərinə götürür. Bu sosial müqavilə ailə institutunun əsasında dayanır. Bu ölçünü qorumasaq ailənin varlığını təmin etmək mümkün deyildir". Tibb üzrə fəlsəfə doktoru, həkim Azər Əliyev qeyd edib ki, tariximizdə ailə barəsində bir çox mənbələrdən dəyərli məlumatlar almaq mümkündür. O, nümunə olaraq "Dədə Qorqud" dastanını göstərib. Onun sözlərinə görə ailənin yaradılması bioloji baxımdan nəslin artırılması məqsədi güdsə də, insan bununla qane olmayaraq dünyaya insanlığa faydalı şəxsiyyət gətirib tərbiyə etməlidir: "Günümüzdə qloballaşan dünyada ailəyə və üzvlərinə təsir edəcək minlərlə amilləri seyr etməkdəyik. Bundan əlavə xalqların milli adət-ənənələri zəifləməkdə, onlara xas olmayan davranışlar aşılanmaqda və hətta beynəlxalq arenada dövlətlərdən bunların tətbiq olunması mütləq şəkildə tələb olunmaqdadır. Belə davranışlardan bəzi qərb ölkələrində ibtidai sinifdən və hətta uşaq bağçasından başlayaraq "seksual maarifləndirmə", seksual azlıqların "ailə" yaratma və hətta uşaqlara himayədarlıq etməsi, "gender" yəni, kişi-qadın bərabərsizliyi kimi problemləri göstərmək olar. Məhz bunlara görə, zamanəmizdə ən çox təhdid və təhlükədə olan bizim gələcəyimiz, bizim övladlarımızdır. Ona görə də, özümüzü düzgün hədəflərə yönəldərək gələcək nəsillərə də doğru istiqamət verməyin ağırlıqı bizim nəslin çiyinlərinə düşməkdədir. Belə bir zamanda ölkəmizdə yaşayan ailə üzvü olan hər bir fərdin bir insanlıq və vətəndaşlıq borcudur ki, heç bir xarici qüvvələrin təsirinə baxmayaraq dövlətimizin ətrafında birləşərək əsl Azərbaycanlı ailəsi olmaq istiqamətində özünü maarifləndirsin və bunu ətrafdakılarnan bölüşüb gələcək nəsillərə çatdırsın". AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızı ailənin formalaşmasında İslam, milli- mənəvi dəyərlərin, adət-ənənələrin üstünlük təşkil etdiyini, ailədə uşaqların tərbiyəsində bu amillərə ciddi diqqət yetirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə ailədə ana, qadın faktoru çox güclüdür: "Azərbaycan qanunvericiliyində gender bərabərliyi tam şəkildə təmin olunub. Onun sözlərinə görə QHT-lər, digər müvafiq qurumlarla bu istiqamətdə maarifləndirmə işlərini genişləndirməlidirlər. Regionlarda bu məsələ ilə bağlı aşkarlanmamış mənbələrin üzə çıxarılmasına diqqət artırılmalıdır. Mediada daha çox şou-biznes nümayəndələrinin milli-mənəvi dəyərlərimizlə, ailə məsələləri ilə bağlı ekspert qismində çıxış etmələri düzgün hal deyil".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31