Elçin Hüseynbəyli yazır... Kitabları sevməyən toplum xoşbəxt ola bilməz...
Ordan başlayım ki, dostlar, başıbəlalı mətbuatımız, yumşaq desək, işverənlikdə davam edir. Təbii ki, bu sözlər peşəkar, ədalətli və doğrudan da qərəzsiz mətbuata aid deyil...
15 May 2017 14:49 SosialElçin Hüseynbəyli
Kitabları sevməyən toplum xoşbəxt ola bilməz...
Ordan başlayım ki, dostlar, başıbəlalı mətbuatımız, yumşaq desək, işverənlikdə davam edir. Təbii ki, bu sözlər peşəkar, ədalətli və doğrudan da qərəzsiz mətbuata aid deyil...
İndi keçək mətləbə. Əslində mənim bu yazıma məşhur yazıçımız və qələm dostumuz Çingiz Abdullayevin yeni kitab mağazasının açılışında söylədiyi fikirlər təkan verdi.
Çingiz Abdullayev nə deyib? Yazıçı deyib ki, ölkəmizin başına gələn (həm də gələcək) bəlaların kökü kitaba etinasızlıqdır. İnsanlar kitab oxumur, kitab mağazalarını satıb, yerində kalqotqa mağazası, "şmotka" dükanı açmışıq. Bunları ermənilər yox, özümüz eləmişik, milləti savadsız olmağa sürükləmişik və s, və i.
Bədxah mətbuat isə qaşınmayan yerdən qan çıxarmaq istədi, milçəyi filə döndərməklə məşğul oldu, seyid əhməd əliylə ilan ovuna çıxdı, yazmağa başladı ki, Çingiz Abdullayev "torpaqları özümüz satmışıq, ermənilər almayıb" deyib. Bu sözü deyənlərin iki məqsədi var: birincisi, yazıçıları gözdən salmaq, ikincisi böhtan xətrinə reytinq qazanmaq.
Mən söz tapa bilmirəm. Feysbuku anladıq. Bir dəfə yazmışdım ki, Feysbuk statusları sarsaq adamların danışığına oxşayır. Təbii, bir az ifrata varmışdım. Amma indi öz sözlərimin üstündə dururam. Yaxşı, deyək ki, cənab Zukerberq bu yazılanlara cavabdeh deyil, amma mətbuatın redaktoru var, həmin yazıları hazırlayan jurnalistlər var. Bəs, onlar niyə bu cür məsuliyyətsiz xəbərlərə yer verirlər?
Bu böhtanları yazanlar həmin açılış mərasimində olmayıblar və heç kim bunu onlara irad tuta bilməz, amma ayıb ondadır ki, indiki internet əsrində heç olmasa, Çingiz Abdullayevin çıxışını əks etdirən video-materiallara baxa bilərdilər. Yazıçı haqlı olaraq deyir ki, ermənilər 25 ildir ki, "akoplarda (səngərlərdə -E.H) oturub bizi gözləyirlər, gözləyirlər ki, nə zaman torpaqlarımıza sahib çıxacağıq, bizsə əksinə, televizorlarda yeyib-içməyi təbliğ edirik. Halbuki televizorlar ağıllı kitabları təbliğ eləməlidirlər.
Lələ Təpə əməliyyatı göstərdi ki, bu belədir. Ermənilər Azərbaycan əsgərinin təpkisini görən kimi vəlvələyə düşdülər. Amma sözüm bunda da deyil.
Məşhur bir deyim yadıma düşür: O cəmiyyyətdə ki, uşaqları, qocaları və kitabları sevmirlər, orda xoşbəxtlik ola bilməz.
Tiflisdə 78 kitab mağazasnın olduğunu deyən yazıçı hələ bir şeyi deməyi unudub ki, söhbət qədim şəhərin bir küçəsindəki kitab mağazalarının sayından gedir.
Bizim ölkədə isə barmaqla sayılası kitab mağazası var. Hətta bəzi işbazlar onları da gözümçıxdıya salır, kitabların satışına, mağazaların fəaliyyətinə minbir əngəl törədirlər. Sonra da bizdən umurlar ki, Azərbaycandan niyə heç kim Nobel mükafatı almır. Ona görə ki, dostlar, yazıçını öz soydaşları tanımırlarsa, onun kitablarını almırlarsa, yaxud almağa mağaza tapmırlarsa, bu iradın məntiqi varmı?
Mən bu xırda yazıyla Çingiz Abdullayevi yox, onun kimi düşünən insanları, lap elə özümü müdafiə edirəm, çünki dəfələrlər bu sözləri demişik və deməkdə də davam edirik.
Yenə də həmin məşhur kəlamı təkrar edirəm: O cəmiyyətdəki qocaları, uşaqları və kitabları sevmirlər orada xoşbəxtlik ola bilməz.
Bəs siz necə, xoşbəxt olmaq istəyirsiniz?..
May, 2017