Tikinti şirkətləri vətəndaşların hüquqlarını pozur
Son illərin müsbət hal kimi müşahidə edilən tendensiyalarından biri də ölkədə genişmiqyaslı tikinti prosesinin getməsi, müxtəlif adlar altında tikinti firmaları, şirkətlərinin yaradılması və yaşayış kompleksləri, binalarının salınmasıdır. Elə statistik göstəricilər də bunu təsdiqləyir.
15 May 2017 14:29 SosialSon illərin müsbət hal kimi müşahidə edilən tendensiyalarından biri də ölkədə genişmiqyaslı tikinti prosesinin getməsi, müxtəlif adlar altında tikinti firmaları, şirkətlərinin yaradılması və yaşayış kompleksləri, binalarının salınmasıdır. Elə statistik göstəricilər də bunu təsdiqləyir. Belə ki, Azərbaycanda 2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 677,1 min kv. metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. İstifadəyə verilmiş ümumi sahənin 78,6 min kv. metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşüb. İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon. manat olub, onun 47,5 milyon. manatı dövlət, 636,0 milyon. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb. Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikası, Bakı və Lənkəran şəhərləri, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib. Ancaq bir mənfi məqam var ki, ölkədə fəaliyyət göstərən tikinti şikrətlərinin bir çoxu heç də öz işlərini qanunlara uyğun qurmur, vətəndaşların etimad və inamından sui-istifadə edərək öz müştərilərini aldadır, onlara çoxsaylı problemlər yaradır. Elə bu kimi səbəblərdən dolayıdır ki, son illərdə müxtəlif tikinti şirkətləri ilə bağlı çoxsaylı şikayətlər, müraciətlər daxil olub, onların qanunsuz, insanları aldadıcı fəaliyyətləri ilə bağlı araşdırma aparılıb, müxtəlif şəxslər məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, bütün görülən tədbirlərə rəğmən günümüzdə də bu kimi mənfi hallar davam etməkdədir. Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov deyir ki, vətəndaşları aldadan, onlar üçün çosaylı problemlər yaradan şirkətlərdən biri də "Yeni Bakı" yaşayış kompleksini salan "İlin dord fəsli" Məhdud Məsuliyyətli Cəmiyyətdir. AİB sədrinin sözlərinə görə, cəmiyyət rəhbərliyinin özbaşınalığı və həmin yaşayış kompleksindən mənzil alan vətəndaşların hüquqlarını kobud şəkildə pozması artıq sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri olaraq təsis etdikləri "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) adından Azərbaycan Prezidentinə ünvanlanan müraciətdə sakinlər kompleksdə üzləşdikləri problemlər barədə ətraflı məlumat verərək, qeyd edirlər ki, "İlin Dörd Fəsli" MMC (İDF) şirkəti binaları 6 ildən artıq tikib istifadəyə verməsinə baxmayaraq, hələ də bu binaları qanuni sayğaclarla təmin etməyib. Üstəlik, elektrik və su sərfiyyatına görə sakinlərdən topladığı pulları mənimsəməklə minlərlə sakini "Azərişıq" və "Azərsu" qarşısında borclu halına gətirib. "Yeni Bakı" yaşayış kompleksinin sakinləri elektrik pullarını İDF MMC-yə ödədiyi halda, bu şirkət "Azərişığ"a transfer etməli olduğu 150 min manatdan çox işıq pulunu indiyədək "Azərişığ"a ödəmir. Müraciətdə qeyd edilir ki, mənzillərə quraşdırılan və heç bir sertifikatı olmayan, dövlət nəzarətindən keçməyən saxta sayğaclar vasitəsilə sakinlərdən işıq pulu adı altında əlavə vəsaitlər toplanır, sakinlərə artıq işıq pulu yazılır: "Dövlət qeydiyyatından keçmiş sayğaclarımız olmadığına görə, şəhərcikdə Dövlət İstismar Aktı olan birinci və ikinci həyətdə yaşayan sakinlərə elektrik qiymətləri Tarif Şurasının 2016-cı il 1 dekabr tarixində qüvvəyə minmiş yeni qiymətləri (7+11), Dövlət İstismar Aktı olmayan 3,4,5-ci həyətin sakinlərindən isə hər kilovatına 9 qəpik hesablanır. Axı bu necə ola bilər ki, bir şəhərcikdə müxtəlif elektrik tarifləri tələb olunur?. Yəni İDF MMC dövlətin qanunlarını saymır? Hələ bu azmış kimi, İDF MMC-nin şəhərcikdə qeyri-qanuni şəkildə təsis etdiyi saxta komendantlıq vasitəsilə sakinləri hədələyir, təhqir edir, "işığınızı və suyunuzu kəsərəm" kimi şantajlara əl atır. Üstəlik, sakinlər ilə heç bir razılaşma olmadan mənzillərin hər kvadrat metrinə görə 40 qəpik kommunal pulu müəyyənləşdirilib və bu məbləğ zorla tələb edilir. Halbuki, biz MMMC-mizi təsis etmişik və bu saxta qurumun bizdən kommunal pulu tələb etməyə heç bir hüququ yoxdur. Bundan başqa, İDF MMC binanı "Abşeron-1" MMMC-yə təhvil vermək istəmir və MMMC-nin fəaliyyətinə hər cür maneçiliklər törədir. Ümumiyyətlə, "Yeni Bakı" yaşayış kompleksində bir çox binanın istismar aktı olduğu halda, bina sakinləri mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarla ("kupça") təmin edilmir və bununla da bizim mülkiyyət hüququmuz kobud şəkildə pozulur". Müraciət müəllifləri qeyd edirlər ki, dövlət başçısına ünvanladıqları şikayət ərizəsindən sonra "Azərişıq" işçiləri şəhərciyə gələrək problemlərlə maraqlanıb və söz veriblər ki, şəhərcik ən gec 2017-ci ilin yanvar ayının 15-dək qanuni sayğaclarla təmin edilsin: "Ancaq bu vədin verildiyi müddət tamamlansa da, sizin göstərişinizə əməl olunmayıb. "Azərişığ"ın Sayğaclar Departamenti bizi başından edir və açıq-aşkar sayğacları quraşdırmayacağını bildirir. Nəticədə bizim hələ də sertifikasiyadan keçmiş qanuni sayğacımız yoxdur, hələ də İDF MMC-nin təhdid və şantajları ilə qarşı-qarşıyayıq. Sizdən xahiş edirik ki, sayğaclar ilə bağlı bizim qanuni hüquqlarımızın təmin etməsi üçün "Azərişığ"a növbəti dəfə tapşırıq verəsiniz və bu dövlət qurumunun işbazlar ilə əməkdaşlıq etməməsi barədə xəbərdarlıq edəsiniz. Ümidimiz Sizədir, cənab Prezident. Təəssüflər olsun ki, bəzi dövlət qurumları vəzifələrini layiqincə yerinə yetirmirlər və Sizin uğurlu və xalqsevər siyasətinizə xələl gətirirlər. Ancaq biz - "Yeni Bakı" şəhərciyinin sakinləri sizin bu siyasətinizi bəyənir və tam dəstəkləyirik. Ümid edirik ki, Sizə bu müraciətimizdən sonra "Yeni Bakı" yaşayış kompleksində olan özbaşınalıqlar, qanunsuzluqlar, sakinlərə qarşı təhqir və şantajlar, həmçinin yaşayış kompleksində "Abşeron-1" MMMC-nin fəaliyyətinə törədilən süni maneçiliklər aradan qalxacaq, İDF MMC Mənzil Məcəlləsinin tələblərinə riayət edərək, sakinlər tərəfindən seçilməyən komendantlıq sistemini ləğv edəcək".
Füzuli