Astarada Bilik Evi açılıdı
12 May 2017 16:23 SosialMayın 12-də Bilik Fondunun Astara Bilik Evinin açılışı olub. Rayonun Gənclər Evində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, icra hakimiyyətinin, Fondun əməkdaşları, yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.
Fonddan "Olaylar" - a bildirlib ki, tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova qeyd edib ki, bu günə qədər Astara sakinlərinin iştirakı ilə Fondun həyata keçirdiyi layihələr Bilik Evinin fəaliyyəti ilə daha da şaxələnəcək, intensivliyi və effektivliyi artacaq.
Astara Gənclər və İdman idarəsini rəisi Ərçə Əliyev astaralıların oxumağa, öyrənməyə böyük üstünlük verdiklərini diqqətə çatdıraraq, Fondun layihələrinə rayon ziyalılarının dəstək verməyə hazır olduğunu vurğulayıb.
Bilik Fondunun icraçı direktoru O.Səmədov növbəti Bilik Evinin Astarada açılmasına şərait yaratdıqları üçün rayon rəhbərliyinə təşəkkürünü bildirib. Paytaxtda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi ilə Astara Bilik evinin fəaliyyətə başladığı günün eyni tarixə təsadüf etdiyini vurğulayan icraçı direktor multikultural rəngarəngliyi ilə fərqlənən bölgədə bütün əhalini bilik ətrafında həmrəyliyə səsləyib. O.Səmədov bildirib ki, Astara Bilik Evi fəaliyyətini əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin xüsusiyyətləri və yerli əhalinin maraqlarını nəzərə alacaq.
Proqrama uyğun olaraq, Astara Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Mərkəzdə qonaqları Ümummilli liderin həyat yolunu və fəaliyyətini əks etdirən muzeylə tanış edən direktor Kübra Səmədova Bilik Fondu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Fondun icraçı direktoru O.Səmədov rayon əhalisini, o cümlədən ətraf bölgə sakinlərini protokolda əksini tapan istiqamətlər üzrə daha intensiv əməkdaşlığa dəvət edib.
Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov rəhbərlik etdiyi təhsil ocağının kollektivinin Bilik evinin layihələrində yaxından iştirak edəcəyini bildirib.
Rayonda Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən "Ədəbi yaradıcılıq" kursunun rəhbəri Mehman Qaraxanoğlu gənclərin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsində Fondun layihələrini yüksək qiymətləndirib.