Ölkədə dini plüralizm təmin edilir

Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas xüsusiyyətləri, prinsipləri özündə yüksək səviyyədə təcəssüm etdirir, onlara sadiqlik göstərir. Məlumdur ki, demokratik cəmiyyətlərin özünəməxsus xüsusiyyətlərindən biri də fikir, söz, məlumat azadlığı, plüralizmdir. Əgər qeyd etdiyimiz hər bir sahə üzrə ölkədə mövcud olan vəziyyətə nəzər yetirsək, aydın şəkildə görərik ki, həmin prinsiplər Azərbaycanda yüksək səviyyədə təmin edilir.

Əkrəm Həsənov: "Azərbaycan Respublikasının dini etiqad sahəsində yürütdüyü plüralist siyasət bizim ölkəmizin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün humanist insanlarla birlik, bərabərlik qurmaq, müxtəlif sahələrdə inkişafımız üçün çalışmaqdır"

Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas xüsusiyyətləri, prinsipləri özündə yüksək səviyyədə təcəssüm etdirir, onlara sadiqlik göstərir. Məlumdur ki, demokratik cəmiyyətlərin özünəməxsus xüsusiyyətlərindən biri də fikir, söz, məlumat azadlığı, plüralizmdir. Əgər qeyd etdiyimiz hər bir sahə üzrə ölkədə mövcud olan vəziyyətə nəzər yetirsək, aydın şəkildə görərik ki, həmin prinsiplər Azərbaycanda yüksək səviyyədə təmin edilir. Bu gün ölkəmizdə fikir, söz, məlumat azadlığı ən ali səviyyədə təmin olunur, müstəqil medianın, kütləvi informasiya vasitələrinin normal, heç bir maneə və basqı olmadan fəaliyyətinə zəruri şərait yaradılır, onlara dövlət qayğısı göstərilir. Eyni fikirləri plüralizm sahəsinə də aid etmək olar. Günümüzdə Azərbaycanda plüralizmin də ən yüksək səviyyədə təmin olunduğunu əminliklə söyləyə bilərik. Məlumdur ki, plüralizm anlayışı geniş spektri əhatə edir. Çoxları plüralizmi yalnız siyasətlə əlaqələndirir və ümumilikdə bu söz yada düşəndə daha çox siyasi plüralizm termini qabardılır. Ancaq, reallıq ondan ibarətdir ki, plüralizm yalnız siyasətlə ölçülmür. Bir qədər də konkretləşdirsək plüralizm dedikdə yalnız siyasi plüralizmlə kifayətlənmək olmaz. Siyasi plüralizmlə yanaşı dini plüralizm, mədəni plüralizm və s. də vardır.

Azərbaycanda siyasi plüralizmlə yanaşı dini plüralizmdə mövcuddur və buna ən yüksək səviyyədə əməl edilir. Bu gün ölkəmizdə dini plüralizmin mövcud olduğunu təkcə bizlər demirik. Eyni zamanda dünyanın qabaqcıl təşkilat və qurumları, Birləşmiş Millətlər Təşkilatı və digər mühüm beynəlxalq qurumların aidiyyati komitələri öz hesabatlarında, açıqlamalarında bunu aydın şəkildə etiraf edirlər. Hər il Azərbaycanda keçirilən beynəlxalq forumlar, toplantılar da bunun aydın şəkildə təsdiqidir. Əgər Azərbaycanda dini plüralizm mövcud olmasaydı, beynəlxalq təşkilat və qurumlar öz toplantılarını, forumlarını ölkəmizdə keçirməyə maraqlı görünməzdilər.  

Bu gün Azərbaycan dini plüralizmə görə, dünyada nümunə olacaq ölkələr sırasındadır. Uzun əsrlərdir ki, Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədə qorunur. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq burada məscidlərlə yanaşı, digər dinlərə məxsus ibadət məkanları də fəaliyyət göstərir. Azərbaycanda istər kilsə, istərsə də sinaqoqa rast gəlmək mümkündür. Sevindirici hal ondan ibarətdir ki, qeyri-İslam dininə aid olan dini məkanlara diqqət və qayğı dövlət səviyyəsində göstərilir. Bu kimi dini mərkəzlər, kilsə və sinaqoqlar məhz Azərbaycan dövlətinin  maliyyəsi əsasında bərpa olunaraq ölkəmizdə yaşayan digər dinlərin nümayəndələrinin ixtiyarına verilir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir. Hətta heç bir ölkədə olmayan plüralizm ənənəsi günümüzdə Azərbaycanda mövcuddur. Elə əksər ekspertlər, dini mütəxəssislər də bu qənaətdədirlər. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, Azərbaycan dini plüralizmin ən yüksək səviyyədə təmin olunduğu ölkələr sırasındadır. "OLAYLAR"-a verdiyi müsahibədə Əkrəm Həsənov bu sahədə mövcud olan vəziyyət, Azərbaycanda dini sahədə həyata keçirilən dövlət siyasəti və s. barədə danışıb.

-Əkrəm müəllim, bir qayda olaraq demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də ölkədə plüralizmin təmin olunmasıdır. Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz və bu necə təmin edilir?

-Bildiyimiz kimi plüralizm anlayışı tolerantlığın nəticəsində meydana gəlmişdir. Onun meydana gəlməsi ilk dəfə Avropada 16-17-ci əsrlərə təsadüf edir. Bu da müxtəlif dini münaqişələrin artmasının qarşısının alınması nəticəsində tolerantlıq siyasətinin meydana gəlməsi səbəbindən doğmuşdur. Bu gün bu anlayışları bir çox dindarlar anlamırlar. Hətta ölkəmizdə tolerantlığa belə mənfi müstəvidə yanaşan dindar təbəqələr mövcuddur. Onlar tolerantlıq anlayışını yanlış təsəvvür edirlər və özlərini haqlı hesab edirlər. Hətta biz tolerantlıqla bağlı çıxışlar etdikdə, yazılar yazdıqda onlar bizləri özlərindən, öz çevrələrindən təcrid edirlər. Halbuki, bildiyimiz kimi tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir.

-Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar?

-Bir qayda olaraq plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirilir. Bu baxımdan dindar təbəqələr anlamalıdırlar ki, Azərbaycan özünün müsəlman dünyasının bir hissəsi olduğunu bəyan edir, digər ölkələrlə də siyasi, iqtisadi və mədəni əlaqələrini davam etdirir, möhkəmləndirir. Biz öz ölkəmizdə bütün dinlərdən olan iş adamlarını görürük. Onlar burada çeşidli fəaliyyət növləri ilə məşğuldurlar. Onlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışır, sərbəst şəkildə bizim həmvətənlərimizlə işləyirlər. Bəzən gizlində öz ideologiyalarını yaymağa çalışsalar da çox vaxt ümumiyyətlə baxırıq ki, sadəcə onların məqsədi ticarət və iş əlaqələri qurmaqdır. Nadir hallarda ola bilər ki, onlardan hansısa bəziləri öz ideologiyalarını aşılamaq istəsinlər. Bu əlbəttə bizim dövlətimiz tərəfindən nəzarətdə saxlanılır.

-Digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxş sayıla biləmi?

-Bunu bilmək lazımdır ki, Azərbaycan Respublikasının dini etiqad sahəsində yürütdüyü plüralist siyasət bizim ölkəmizin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün humanist insanlarla birlik, bərabərlik qurmaq, müxtəlif sahələrdə inkişafımız üçün çalışmaqdır. Biz sadəcə bizə qarşı olanlara dözümsüzük, misal üçün ərazi bütövlüyümüzü təhdid altına alanlara qarşı, torpaqlarımızı işğal edənlərə qarşı dözümsüzük o baxımdan ki, bizim heç kimin torpağında gözümüz olmadığı kimi, kiminsə də bizim torpaqlarımızda gözünün olmasını istəmirik. Amma bizə qarşı dost mövqedə olanlarla, bütün müsəlman dövlətləri ilə mehriban və qardaşlıq şəraitində yaşayırıq.

-Bu gün Azərbaycanda keçiriləın çoxsaylı mədəni, dini tədbirlər dini plüralizmin göstərici sayıla bilərmi?

-Birmənalı olaraq qeyd edə bilərik ki, biz Avropa ölkələri də dostluq edir, müxtəlif böyük işlər həyata keçiririk. Birinci Avropa Oyunları, "Formula- 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları və.s. kimi müxtəlif böyük tədbirlər buna misaldır. Bunu da bilək ki, ölkəmizə İslam dini sayəsində nüfuz edə bilmiş dini təşkilat və hərəkatlar ümumiyyətlə İslam daxilində baş verən parçalanma və məzhəbçilik ruhunu da özləri ilə respublikamıza gətirmişlər.

-Bəs ölkədəki plüralizmdən sui-istifadə hallarına yol verilirmi?

-Bu barədə biz dəfələrlə mediada bildirmişik. Xüsusi ilə təfriqəçilik salan, hizblik, bölücülük edən xüsusi dindar qruplar vardır. Əlbəttə bu barədə daha çox faktlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində mövcuddur. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü dini etiqad plüralizmi siyasətinin verdiyi bir sıra müsbət nəticələr dinlə dövlət arasında münasibətlərin həlli sahəsində xeyli yüksəliş göstərmişdir. Ancaq bu o demək deyildir ki, hələ də problemlər yoxdur. Hələ də ölkəmizdə bəzi məzhəb təəssübkeşləri vardır ki, onlar müxtəlif xarici dövlətlərin təsiri altında qalaraq ölkəmizdə radikal dindar təbəqələrin formalaşmasına rəvac verirlər. Belə radikal qruplarla hər birimiz mübarizə aparmalıyıq. Onların vətənpərvər ruhda tərbiyələnməsinə çalışmalıyıq, bunun üçün də həm ölkəmizdə təhsil almış ilahiyyatçıların böyük məsuliyyəti, həm də xaricdən təhsil alıb gələnlərin vətənimizə münasibətinin isti olmasından, doğma olmasından asılıdır. Xaricdən təhsil alıb gələnlər vətənini sevməli, vətəninə sadiq qalmalıdırlar. Başqa ölkələrin bizim ölkəmizdə siyasətini aparmamalıdırlar. Bu yaxınlarda da bununla bağlı qanunda dəyişikliklər oldu və bu gələcəkdə daha da mükəmməl şəklini alacaqdır. Xaricdən oxuyub gələnlər başqa ideologiyaları təbliğ etməyəcəklər, daha doğrusu təbliğ etməməlidirlər. Bizim özümüzün adət-ənənlərimizi, həmvətənlərimizin vəziyyətini nəzərə alacaqlar. Onlar dövlətimizlə vətəndaşlarımızın sevgi bağlarını möhkəmləndirməkdə böyük məsuliyyət daşıyacaqlar. Bunun öhdəsindən gələcəklərinə inanıram. Ancaq bu gün bəzi radikal qruplar vardır ki, onların fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Onların sosial şəbəkələrdə təbliğlərini də aparmalarına yol vermək olmaz. Bu məsələdə aidiyyatlı qurumlar nəzarəti gücləndirilməlidirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31