Azərbaycan özünü dünyaya barış məkanı kimi təqdim edir
Mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ilə rəsmi yarışlara start verilib.
12 May 2017 14:38 Sosial4-cü İslam Həmrəyliyi Oyunları dünyada sülh yaratmaq missiyasına xidmət edir
Mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ilə rəsmi yarışlara start verilib.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Ardınca İran və İndonaziya İslam Həmrəyliyi Oyunlarını reallaşdırıb. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçiriləcək. Azərbaycanın milli oyunu hesab olunan zorxana ilk dəfə olaraq bu yarışlara əlavə edilib. Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə, 1 milyarddan çox tamaşaçı izləyəcək. "Bakı-2017"nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. "Bakı-2017" İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək. Məhz IV İslam Həmrəyliyi Oyunlarının belə möhtəşəm şəkildə təşkili Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmış olur. Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir: "Bu fakt xüsusilə, Prezident İlham Əliyevin şəxsiyyətinin böyüklüyünün təzahürüdür. Məhz bu amillərə görə, belə bir mötəbər tədbirin keçirilməsi Azərbaycana etibar edilib. Digər vacib məqam odur ki, bu oyunlara hazırlaşmaq baxımından müddət rekordu vururuq. Hardasa, qısa müddət ərzində bu oyunlara hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər belə göstərici olmayıb. İdman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq". Onun sözlərinə görə, turizmin inkişafına da geniş imkanlar yaranacaq, bütün bunlar həm də, Azərbaycanın reklamıdır: "Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır. Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, İslam Həmrəyliyi Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək". Milllət vəkili Azər Badamov deyib ki, İslam sülh və əminamanlığı təbliğ edən dindir. Bu dində terror və insana yaraşmayan əməllər qadağan olunub. Amma, terror, təxribatla İslamın dininin imicinə xələl gətirməyə çalışırlar. Ona görə İslam həmrəyliyi çox vacib amildir. Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi ölkəmizdə bu istiqamətdə aparılan uğurlu işlərin parlaq nümunəsidir. Deputat qeyd edib ki, dünyada baş verən böhranlar, müharibələrə baxmayaraq sürətlə inkişaf edən Azərbaycanda tolerantlıq və multikultural dəyərlər yüksək səviyyədədir: "2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının dəyərlərini Azərbaycanda cəmləşdirəcək. Ölkəmizdə nəinki müsəlmanlar, dünyanın müxtəlif din və mədəniyyət sahibləri üçün yüksək şərait yaradılıb. Azərbaycanda bütün dünyaya örnək olacaq multikultural mühit, toleranlıq mövcuddur. Dövlət başçımızın apardığı xarici siyasətin təməlində dünyada sülh və əminamanlığın yaradılması dayanır. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir". Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Azərbaycanın beynəlxalq təbbirlərə ev sahibliyi etməsi anti-Azərbaycan qüvvələrinin rahatlığını pozub. Ölkəmizin beynəlxalq imicinin artması, dünyanın aparıcı dövlətlərinin Azərbaycanla hesablaşması təbii ki, ölkəmizi istəməyən qüvvələrin fəallaşması ilə müşahidə olunur. Təsadüfi deyil ki, son vaxtlar xarici mətbuatda Azərbaycana qarşı xeyli sayda məqalə çap edilib. Ekspertlər hesdab edirlər ki, hazırki şəraitdə Azərbaycan əleyhinə kampaniyanın başında erməni şəbəkəsi dayanır. Məlum şəbəkə təsiri altında olan kütləvi informasiya vasitələrindən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Özü də bu kampaniya təkcə insan hüquqları ilə bağlı deyil, harada Azərbaycanı ləkələmək imkanları varsa, ondan istifadə edirlər. Millət vəkili Asim Mollazadı bildirib ki, Azərbaycana qarşı aparılan kampaniyanın geniş vüsət almasına səbəb beynəlxalq səviyyəli yarışların Azərbaycanda keçirilməsidir. Millət vəkili Azərbaycan əleyhinə kampaniyanın başında qlobal erməni şəbəkəsinin dayandığını vurğulayıb: "Dünya ölkələrindən gələn qonaqlar Azərbaycandakı inkişafı görüb bu kampaniyanın yalanlar üzərində qurulduğunu başa düşürlər. Azərbaycan əleyhinə kampaniyanın başında isə beynəlxalq erməni təşkilatları və lobbiləri dayanır". Ancaq bütün cəhdlərə baxmayaraq, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da müvəffəqiyyətlə başa vuracaq. Nəzərə almaq lazımdır ki, ölkəmizin bu tipli beynəlxalq tədbirlər keçirməsi üçün kifayət qədər təcrübəsi və potensialı mövcuddur.
Alim