Züleyxa Nadir yazır...“Halal” adı ilə dünyanı özümüzə güldürməyək

Azərbaycan xalqı tarixən qonaqpərvər olub. Evinə gələn qonağı yuxarı başda oturdub, şahanə yeməkləri qonağın qabağına qoyub. Evində gecələyən qonağın rahatlığı üçün hər cür şəraiti təmin edib. Çalışıb ki, evdə xoşagəlməz, yaramaz bir hərəkətə yol verməsin, əks halda ayıb olar, qonaq onun evindən narazı gedə bilər.

Züleyxa Nadir

"Halal" adı ilə dünyanı özümüzə güldürməyək

Azərbaycan xalqı tarixən qonaqpərvər olub. Evinə gələn qonağı yuxarı başda oturdub, şahanə yeməkləri qonağın qabağına qoyub. Evində gecələyən qonağın rahatlığı üçün hər cür şəraiti təmin edib. Çalışıb ki, evdə xoşagəlməz, yaramaz bir hərəkətə yol verməsin, əks halda ayıb olar, qonaq onun evindən narazı gedə bilər.

Eləcə də ötən əsrin əvvəllərində fəaliyyət göstərən karvansaraları musal çəkə bilərəm. Uzaq səfərlərdən gələn yolçular, yaxud da ticarət karvanları karvansarada gecələyərdilər. Onlara ən yüksək səviyyədə xidmət göstərilirdi. Kimin nə həddinə idi ki, karvansarada artıq bir hərəkətə yol verəydi. Karvansara sahibi belə bir şeyə əsla yol verməzdi və hər bir qonağa da başı ilə cavabdeh idi. Niyə? Çünki dediyim kimi xalqın qanından, genindən gələn qonaqpərvərlik, qonağı evin şahı hesab etməsi karvansara sahibinin işində də özünü göstəriridi. Bunun başqa izahı yoxdu.

Amma indi zaman və şəraitin dəyişməsinə uyğun qonaqpərvərliyin mexanizmi də dəyişib, daha yüksək səviyyəli olub. Karvansaranı mehmanxana və otel əvəz edib. Azərbaycanda son 6-7 ildə otelçilik sahəsində böyük irəliləyişin olduğunu heç kim inkar etməz. Xüsusilə də 2011-ci il Avrovizion Mahnı Müsabiqəsində birinçilik əldə ediləndən sonra, eləcə də I Avropa Oyunlarına hazırlıq ərəfəsində tikilən otellərdə lüks və VİP otaqlar dünyanın zəngin otelləri ilə müqayisədə heç də geri qalmır, əksinə çoxlarından üstündür. Bu, əlbəttə, otelə üz tutanların rahatlığı üçündü, üstəlik də xarici turistlərdə ölkəmiz haqqında xoş təəssürat yaradır, onların təkrar gəlmələrinə stimul verir. Nə gözəl!

Amma bu günlərdə Azərbaycanda otel xidmətləri ilə bağlı çox məzəli, çox qəribə fikir gündəmə gəlib. Adı da belədi: "halal otel". Doğrusu, bu informasiyanı oxuyanda qəribə hiss keçirdim, xeyli də düşündüm. Ki.. otelin də haramı, halalı olurmu? Və balaca bir araşdırma apardım ki, görüm halal otel dünyanın başqa ölkələrində fəaliyyət göstərirmi? Bu fikir hardan gəlib, mənbəyi varmı? Öyrəndim ki, halal otel varmış, fəaliyyət göstərir.

Deməli, düz bir il əvvəl Tailandda xaricdən gələn müsəlmanlar üçün belə bir otel istifadəyə verilib. "Al-Meroz" adlanan bu mehmanxana Banqkokda fəaliyyət göstərir. Səbəbi də odur ki, müsəlmanların çoxluq təşkil etdiyi Ramxamxaenqe rayonu həmin ərazidə yerləşir.

Eyni yönümlü dörd otel Rusiyada fəaliyyət göstərir. Sonuncusu ötən il Sankt - Peterburq şəhərində "Şelkovıy put" (İpək yolu) adı ilə müştərilərin xidmətinə verilib. Belə oteli başqalarından fərqləndirən də özəlliklər bunlardı. 17 otaqlı oteldə namaz otaqları var. Mehmanxanada yerləşən restoranlarda isə yalnız halal yeməklər verilir. Mehmanxanada içki qadağan edilib. Ramazan ayında isə yemək yalnız imsak və iftar vaxtında verilir. Namaz otaqları, tibbi otaqlar, bərbər otağı, hovuz, sauna və s. bu kimi yerlər kişilər üçün ayrı, qadınlar üçün isə ayrı təşkil olunub. Otaqlarda dini kanallar nümayiş olunur. Otel qonaqları üçün islam tarixi ilə bağlı ekskursiyalarda təşkil olunur. Otel daxilində islama zidd şəkillər və s. bu kimi şeylər qadağan olunub. Burada həmçinin 10 market var, hansı ki, yalnız dini əşyalar satılır. Otel Rusiya Müftilər Şurasından keçərək "3 ay" (3 ulduz) sertifikatı alıb.

Fars demiş, xub. Türk demiş, orası Rusiya, orada halal-haram məsələsi bir az "rusca" həll olunur. Yəni ki, xristian bir dövlətdə İslam dəyərlərini belə primitiv anlaya bilərlər. Amma bizdə - Azərbaycanda buna gərək yoxdu, axı. Bir müsəlman dövlətində dünyəvi dəyərlərə üstünlük verildiyi, eləcə də multukultural baxışların sərgiləndiyi zamanda "halal otel"in fəaliyyət göstərməsi, ən azı, gülüncdü. Belə çıxır ki, azərbaycanlılar halal müsəlman deyil, yalnız xaricdən gələn müsəlmanlar halaldı.

Məhz dediyim bu fikri Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov "halal otel" sözünə aydınlıq gətirərkən təsdiqləyib: " İslam Həmrəyliyi Oyunları ilə əlaqədar halal otel məsələsi gündəmdədir. Otelin üzərinə "halal" sözünün yazılması məcburi deyil. Bu, sadəcə, tövsiyə xarakteri daşıyır. Halal standartlara uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Turizm Assosiasiyasının ekspertləri burada fəal iştirak edib. Halal standartlara cavab verən oteldə spirtli içki verilmir. Xüsusi namaz otağı olur, qadınlar və kişilər üçün ayrıca hovuz olur. Bu baxımdan da İslam ənənələrinə, qaydalarına uyğun otel fəaliyyət göstərə bilər".

Çox gülməlidi. Bəyəm "halal" olmayan otellərdə namaz otağının olması harammı sayılır? Yaxud içki qəbul etməyən müştərinin həmin oterllərdə qalması onun müsəlmançılığına, halal insan olmağına zərbə vurumuş. Belə çıxır ki, indiyə kimi müsəlman dövlətlərindən gələn turistlərin həmin otellərdə qalması harammış, İslam dininə zidd imiş. Bizim başbilənlərimiz İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirildiyi günlərdə ayılıblar.

Əslində isə "halal otel", "halal standartlar" ifadəsini işlədənlərin bəlkə də İslam halallığından xəbərləri yoxdu. Oteldə ayrıca namaz otağının olması, İslama aid dükanın fəaliyyət göstərməsi hələ halallıq deyil. Halallıq odur ki, qiymətlər və xidmət İslamda, Quranda ifadə olunduğu kimi halal olsun, kəlləçarxa çıxıb müştəridə, turistdə yanlış fikir yaratmasın. Halallıq odur ki, ruşvət olmasın, otelə gələn qonaqların hamısına eyni cür xidmət göstərilsin, biri o birindən üstün tutulmasın.

Otel orda qalan adamın pul verib kirayə etdiyi müvəqqəti mənzili sayılır. Qısa müddətə məskən seçdiyi bu mənzilin cəmi bir otağı ona məxsusdu. Mənzil sahibindən tələb etdiyi isə özünə qarşı diqqət və rahatlıqdı. Turist kimi gəzməyə gələn, yaxud da iş üçün məzuniyyətdə olan adam dincəlmək, gecəni rahat yatmaq istəyir. Bu, onun tam haqqıdır. İnsanları halal, haram adı ilə ayrı-ayrı otel otaqlarında yerləşdirmək doğru deyil. Heç kim deyə bilməz ki, sən namaz qılırsan bura sənə yaramaz, yaxud da içki içirsən, olmaz burda, get başqa yerə.

Çox maraqlıdı. Tutaq ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar müsəlman dövlətlərindən gələn idmançıları, yaxud da azarkeşləri və digər turistləri "halal otel"lərdə yerləşdirdilər. Oyunlar bitəndən sonra həmin otelin aqibəti necə olacaq, qapısına qıfılmı vurulacaq? Beynəlxalq standartlarla İslam "halallığını" qarşı-qarşıya qoymaq yox, qarşılıqlı təqdim etmək lazımdı. Azərbaycan İslam dininə məxsus olmaqla yanaşı, həm də dünyəvi dövlətdi. Halallıq adı ilə dünyanı özümüzə güldürməyək.

Otelçilikdə yeganə standart qayda yüksək səviyyəli xidmət və insanlar üçün yaradılan hərtərəfli şəraitdi. Bu üç və beş ulduzlu "halal olmayan" otellərdən də, "üç aylı halal otel"lərdən də tələb

olunan yeganə standartdı. Azərbaycanda bu tələblərə cavab verən otellər istənilən qədərdi, "halal otel"ə gərək yoxdu.

Halallığımızı otellərdə yox, ətrafımızdakılara qarşı insani münasibətlərdə, xarakterlərin yüksək keyfiyyətində, turistlərin haqqına girməməkdə, xidmət sektorunda ən yüksək mədəniyyət nümayiş etdirməkdə göstərməliyik.

Halallıq elə məhz budu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31