Azərbaycan parlamenti siyasi plüralizm məkanına çevrilib
Azərbaycanda siyasi plüralizm ənənələrin foprmalaşmasında ümumilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycanda demokratk prinsiplərin təmin olunmasında əsas vasitələrdən hesab olunan söz, fikir azadlığı, siyasi partiya və vətəndaş cəmiyyətlərinin formalaşması, eləcə də parlamentarizmin inkişafında ulu öndərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
8 May 2017 15:07 SosialHeydər Əliyev Milli Məclisə siyasi mədəniyyət gətirdi
Azərbaycanda siyasi plüralizm ənənələrin foprmalaşmasında ümumilli lider Heydər Əliyevin rolu danılmazdır. Müstəqil Azərbaycanda demokratk prinsiplərin təmin olunmasında əsas vasitələrdən hesab olunan söz, fikir azadlığı, siyasi partiya və vətəndaş cəmiyyətlərinin formalaşması, eləcə də parlamentarizmin inkişafında ulu öndərin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Ölkə başçısı kimi Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Tezliklə ölkə başçısının 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq islahatları Komissiyası yaradıldı. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı. Bu işdə parlament Heydər Əliyevə dəstək verdi. Bu dövrdə qəbul olunmuş qanunlar arasında aşağıdakıları göstərmək olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət gəmiçiliyi Məcəlləsi və başqa məcəllələr, "Torpaq islahatı haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmə və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Diplomatik xidmət haqqında və sair. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Bu sənədlər ölkədə hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı.1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şərq aləmində ilk demokratik respublika quran Azərbaycan bu dəfə də ilk dəfə olaraq ölüm cəzasını ləğv etdi. Bu İnsan hüquq və azadlıqlarına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi idi. Heydər Əliyev milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi, ölkəmizin Avro-atlantik məkana inteqrasiyasını daha da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də öz fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsini ümumxalq səsverməsinə çıxardı. Bu, Heydər Əliyevin dərin fəlsəfi düşüncələrinin məntiqi nəticəsi kimi ilk növbədə dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Bu dövrdə artıq parlament Avropa məkanına inteqrasiya sahəsində çox vacib qanunlar qəbul etmişdir. Bunların arasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", " Nazirlər kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya qanunları kimi çox mühüm sənədlər var idi. 2002-ci il avqustun 24-də əhalinin böyük əksəriyyəti referendum aktına səs verərək Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirdi. Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ verildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. Ölkənin əsas sənədinə edilmiş dəyişiklik Azərbaycan Respublikasındakı reallığı özündə əks etdirməklə xalqımızın, dövlətçiliyimizin gələcək tərəqqisinə xidmət edirdi. Heç də təsadüfi deyildir ki, parlament bu məsələ ilə əlaqədar özünün 2002-ci il 29 iyul tarixli müraciətində Heydər Əliyevin hüquq siyasəti sahəsindəki bu təşəbbüsünü dəstəklədiyini birmənalı şəkildə ifadə etmişdir. Bu, Heydər Əliyev və parlament iş birliyinin ən parlaq nümunələrindən biri idi. Heydər Əliyevin xarici siyasət strategiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı mühüm yer tuturdu. Bu siyasətin məntiqi nəticəsi kimi bu gün Milli Məclis respublikanın iştirak etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın, ATƏT-İn Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin, MDB-nin Parlamentlərarası Assambleyasının, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Milli Məclisdə dünyanın 70-dən çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Parlament nümayəndə heyətləri tez-tez xarici ölkələrdə səfərlərdə olur, Milli Məclisdə xarici ölkələrin siyasi və dövlət xadimləri, parlament üzvləri ilə görüşlər təşkil edilir. Bütün bunlar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan parlamenti ölkənin beynəlxalq əlaqələrinin inkişafına öz layiqli töhfəsini verməkdədir. Müstəqil Azərbaycanda Prezident - parlament münasibətlərinin yüksək səviyyədə olduğunu göstərən ən bariz nümunələrdən biri 2001-ci il fevralın 23-24-də Milli Məclisin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə aid məsələyə həsr edilmiş iclası olmuşdur. İclasda Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar baş verən prosesləri şərh edərkən haqlı olaraq qeyd edirdi ki, əgər müstəqilliyin ilk illərində bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi meydanlara toplayan milli qürur, milli oyanış hisslərindən lazımi şəkildə istifadə olunsaydı, vəziyyət bu dərəcədə mürəkkəbləşməzdi. Ölkə başçısının iştirakı ilə keçirilən bu iclasa ölkədə fəaliyyət göstərin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular. Bu prezidentin əslində xalqla məsləhətləşməsi idi. Belə vacib tədbirin Milli Məclisdə keçirilməsi, şübhəsiz, Heydər Əliyevin parlamentin nüfuzunu yüksək tutduğunu sübut edir. Heydər Əliyev parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi. O, dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. Hakimiyyətin mühüm qollarından biri kimi bugünkü Milli Məclis də varislik prinsipinə sadiq qalaraq parlamentarizm ənənələrini inkişaf etdirməkdədir. Heydər Əliyev Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibəti ilə Milli Məclisin təntənəli iclasında çıxış edərkən bu barədə öz fikirlərini belə açıqlamışdı: "Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir. Varislik həmişə, eyni zamanda, böyük məsuliyyət demək olubdur. Varislik o demək deyil ki, sən o hadisəni olduğu kimi təkrar edəsən, yaxud o səviyyədə yaşayasan. Hər bir varis varislik prinsipini əzizi tutaraq, o dövrün, o hadisənin varisi olaraq o hadisəni, o dövrü, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda, ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür." Bugünkü Milli Məclis Xalq Cümhuriyyəti Parlamentinin varisi kimi Azərbaycan dövlətçiliyini əbədi etmək üçün Heydər Əliyev ideyalarından bəhrələnir. Zəngin idarəçilik təcrübəsinə və yenilməz iradəyə malik belə bir tarixi şəxsiyyətin ölkədə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı həm də Azərbaycan parlamentarizm tarixində yeni bir dövrün başlanğıcını qoydu. Onun heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. Azərbaycan tezliklə təlatümlərindən, sarsıntılardan uğurla çıxaraq gələcəyə, inamla baxan bir dövlətə çevrildi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir