Manatın müəyyən qədər bahalaşması bankların manata inamını bərpa edə bilib
2014-cü ilin sonlarından etibarən hər bir ölkə kimi Azərbaycanın maliyyə bazarlarında da qeyri-müəyyənlik davam edir. Milli valyutanın dəyərinin xarici valyutaya, xüsusilə Birləşmiş Ştatlar dollarına nisbətən müntəzəm olaraq dəyişməsi ölkənin maliyyə bazarlarında müəyyən mənada səs-küyə səbəb olur, əsassız ajiotajlar yaranır. Son bir neçə ay ərzində maliyyə bazarlarında müşahidə edilə tendensiya isə müəyyən mənada müsbət proseslərdən xəbər verir. Yəni, görünən odur ki, milli valyuta Amerika dolları qarşısında öz dəyərini getdikcə möhkəmlədir. Heç şübhəsiz ki, bu da iqtisadiyyatda öz müsbət tərəflərini göstərir.
8 May 2017 14:27 Sosial2014-cü ilin sonlarından etibarən hər bir ölkə kimi Azərbaycanın maliyyə bazarlarında da qeyri-müəyyənlik davam edir. Milli valyutanın dəyərinin xarici valyutaya, xüsusilə Birləşmiş Ştatlar dollarına nisbətən müntəzəm olaraq dəyişməsi ölkənin maliyyə bazarlarında müəyyən mənada səs-küyə səbəb olur, əsassız ajiotajlar yaranır. Son bir neçə ay ərzində maliyyə bazarlarında müşahidə edilə tendensiya isə müəyyən mənada müsbət proseslərdən xəbər verir. Yəni, görünən odur ki, milli valyuta Amerika dolları qarşısında öz dəyərini getdikcə möhkəmlədir. Heç şübhəsiz ki, bu da iqtisadiyyatda öz müsbət tərəflərini göstərir. Milli valyutanın xarici valyuta qarşısında möhkəmlənməsi Azərbaycan Milli Bankı tərəfindən keçirilən hərraclarda da özünü büruzə verir. Bu arada onu da qeyd etmək yerinə düşər ki, 2016-cı ildə əvvəlki illə müqayisədə Mərkəzi Bankın faiz xərcləri 1700 dəfəyədək artaraq dəfə 257.8 milyon manata yüksəlib. Faiz xərclərinin belə kəskin artımının səbəbi çox güman ki, kommersiya banklarından cəlb edilən depozitlərə görə ödənişlərdir. Belə ki, 2015-ci ildə banklardan depozit cəlb edilmədiyi halda, 2016-cı ildə 6 mlrd. manat yaxın kommersiya bankı depozitləri Mərkəzi Bankda yerləşdirilib. Kredit böhranından dolayı banklar itirdikləri gəlirlərinin bir hissəsini Mərkəzi Bankda yerləşdirdikləri depozitlər hesabına kompensasiya edirlər. Bu günlərdə isə Azərbaycan Mərkəzi Bankı ilin 24-cü depozit hərracını keçirib. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98 faizdən 12,7 faizə düşüb. İqtisadçı ekspert Samir Əliyev deyib ki, sonuncu hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib: "Mərkəzi Bankın asan pullarına diqqət son vaxtlar əməliyyətli dərəcədə artıb. Mart ayının ortalarından başlayaraq keçirilən 12 hərracın hamısında Mərkəzi Bankın depozit cəlbində tələb təklifi üstələyib. Bu gün isə tələb rekord həcmdə olub. Yəni ölkənin əmanət bazarının 7 faizi səviyyəsində. Hərraca marağın artmasının səbəbi nədir? Mərkəzi Bankda depozit yatırmaq niyə banklar üçün bu qədər cəlbedici olub? Axı kredit verməklə daha çox qazanc əldə etmək olar. Üstəlik də banklar manat əmanətlərini 14-15 faizlə cəlb edirlər və həmin vəsaiti 12-14 faizlə yerləşdirmək səmərəli olmamalıdır". İqtisadçı qeyd edir ki, əvvəla, manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib: "İkinci səbəb depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılması təhlükəsi yoxdur. Nəhayət sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur. Hərracda iştirak edən bankların adları təəssüf ki, açıqlanmır. Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir. Bir bank 14-16 faizlə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir. Mərkəzi Bankı bu addımı manata güvənlik verməyə, daha doğrusu banklardakı pulun valyuta bazarına üz tutmamasına hədəflənib. Nəticə var, manat sabitləşib. Amma bu addım müvəqqətidir. Mərkəzi Bank aşağı faizlə mərkəzləşdirilmiş kredit vermək əvəzinə banklardakı manat kütləsini geri yığır".
Füzuli