“Kəlbəcər-Laçın  regionu  oykonimlərinin  ərazi-məkan xüsusiyyətləri”

Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda keçirilən geniş iclasda İnstitutun  dissertantı Natiq Qubad oğlu Babayevin "Kəlbəcər-Laçın  regionu  oykonimlərinin  ərazi-məkan xüsusiyyətləri" mövzusunda 5401.01 - "İqtisadi coğrafiya" ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru alimlik  dərəcəsi almaq üçün  təqdim  etdiyi  dissertasiya  işinin  müzakirəsi keçirilib. İclasa sədrlik edən coğrafiya üzrə elmlər doktoru Zakir Eminov N.Q. Babayevin dissertasiyanın mövzusunun aktuallığı, tədqiq etdiyi ərazi, işin nəzəri metodoloji əsasları, qarşıya qoyulan məqsəd və  vəzifələr, müdafiəyə çıxarılan əsas müddəalar, işin təcrübi əhəmiyyəti, əldə olunan elmi nəticələr və təkliflər barədə iştirakçılara geniş məlumat verib. İddaçı N. Babayev çıxış edərək dissertasiya işinin əsas məzmunu, müdafiəyə çıxarılan müddəalar və əldə etdiyi elmi nəticələr haqqında danışıb.

Çıxış edən iclas iştirakçıları qeyd ediblər ki, başa çatdırılan toponimik tədqiqat işlərindən ən mühümü, xalqımızın tarixi keçmişi və etnik mənşəyi ilə bağlı iyirmi ildən artıq işğal altında olan bütün ərazilərin toponimlərinin toplanıb araşdırılmasıdır.

Məlumdur ki, vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın toxunulmazlığı həm də buradakı coğrafi adlarda təsbit olunur. Bu məqsədlə işğal altında olan ərazilərimizin, tarixi torpaqlarımızın Azərbaycanlılara məxsus olmasını sübut etmək üçün (xüsusilə oykonimlərin) tarixi məxəzlərə söykənən elmi tədqiqatlara daim ehtiyac duyulur. Azərbaycanın ən  qədim məskənlərindən biri olan  Kəlbəcər-Laçın regionunun toponimiyasının (oykonimlərinin) öyrənilməsi  aktual olmaqla yanaşı, mühüm elmi və praktik əhəmiyyətə malikdir. Bu regionun işğal altında olması isə dissertasiya işinin əhəmiyyətini daha da artırır.

N. Babayev bir tədqiqatçı kimi yazdıgı dissertasiya işində Kəlbəcər-Laçın regionuna aid  çox saylı oykonimləri tədqiq etməklə, bu ərazidəki tarixi  yaşayış məntəqələri haqqında ətraflı təssəvvür yaratmaga nail olub.

Tədqiqat  işində  ərazinin və ya bölgənin coğrafi obyekt adlarının tədqiqindən alınan nəticələr olduqca əhəmiyyətli və aktualdır.

N. Babayevin oykonimiyaya həsr etdiyi araşdırmanın yerinə yetirilməsində coğrafi-tarixi müqayisə, linqivistik, statistik, etioloji və etimoloji metodlardan istifadə olunub.

Tədqiqat işi təxminən 10 ilə yaxın bir müddət ərzində iddiaçının apardığı araşdırmaların nəticəsidir.

İclas iştirakçıları qeyd ediblər ki, dissertasiya müstəqil elmi tədqiqat işidir və Babayev Natiq Qubad oğlunun illər ərzində apardığı tədqiqatlara əsaslanır. Buradakı məsələlərin qoyuluşu, onların həlli istiqamətləri, verilən elmi müddəalar ona məxsusdur. Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin qoyduğu tələblərə cavab verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31