Ticarət bazarlarını təhlükəli qida bürüyüb
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxsaylı tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarını icra edir.
14 İyul 2016 12:52 SosialBunun qarşısını alan qanunvericilik bazası isə yoxdur
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxsaylı tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarını icra edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Lakin bu siyasətin tərkib hissəsi olan qida təhlükəısizliyi məsələsini arxa plana keçirmək çoxsaylı problemlərin yaranması ilə nəticələnə bilər. Son dövrlərdə yer kürəsində baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının erroziya proseslərinin sürətlənməsi, habelə dünya əhalisinin artım tempi ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq məhsullarına tələbatın artım tempi ilə mövcud istehsal resursları arasında yaranan kəskin disparitetlik artan dünya əhalisinin ərzaq təminatında bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Belə bir şəraitdə istehsalın artım dinamikasının tələbatın artım dinamikası ilə harmonizasiyası, tələblə təklifin sinxronlaşdırılması müasir dünyanın ən aktual problemlərindən biri olaraq qalır. Bu səbəbdən də ərzaq məhsulları istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə gətirilməsi problemin həllində əsas vasitə və alət kimi istifadə olunmaqdadır. Bunlar arasında gen mühəndisliyi və genetik cəhətdən modifikasiya olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən və s. istifadə hazırda geniş yayılmışdır. Kənd Təsərrüfatı Nazirliyindən bilrilib ki, bu vasitələr və elmi-texniki nailiyyətlər istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə edilmədikdə qida sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Bundan əlavə, tələbatın artım tempi istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükə yarada biləcək ərzaq məhsullarının yer almasına da şərait yaradır. Keyfiyyətin və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin mövcud çağırışlara qeyri-adekvatlığı, qida təhlükəsizliyi sahəsində əhalidə bilik və informasiyaların yetərincə olmaması aqrar siyasətin bu komponentinə diqqətin artırılmasını zəruri edir. Bu məsələ, əsasən, inkişaf etməkdə olan və iqtisadi-siyasi sistemi transformasiyaya uğrayan ölkələrdə daha qabarıqdır. Bəs, Azərbaycanda necə, qida təhlükəsizliyinə qarşı aparılan mübarizənin effektli hesab etmək olarmı? Qeyd edək ki, Azərbaycan Avropa İttifaqına və inkişaf etmiş dünyaya inteqrasiya yolunu seçmişdir. Qeyd etmək lazımdır ki, bu yolda xeyli uğurlar əldə edilmiş və hazırda işlər davam etdirilməkdədir. Respublikanın qanunvericilik və hüquqi-normativ bazasının Avropa İttifaqının qanunvericiyliyinə uyğunlaşdırılması, respublikanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə əlaqədar sanitar və fitosanitar tədbirlərin modernləşdirilməsi və s. üçün xeyli işlər görülmüşdür. Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir. Lakin qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin modernləşdirilməsi xeyli vaxt və vəsait, bilik və informasiya, səriştə və bacarıq tələb etdiyi üçün qabaqcıl təcrübənin öyrənilməsi, Azərbaycan şəraitində səmərəli işləyə biləcək mexanizmlərin tətbiq edilməsi üçün seçim edilməsi və uyğun olanların təbliği üçün əsaslar yaradılması olduqca vacibdir. Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida təhlükəziliyi ilə bağlı qanunvericilik bazası olmadığından ölkədə yetərincə tərkibi təhlükəli maddələr olan qidalar var. Onun sözlərinə görə, baxmayaraq ki, belə bir sənəd müzakirəyə çıxarılsa da, ölkədə qidanın təhlükəsizliyinə dair qanun qəbul edilməyib. "Lakin belə bir qanun hələ yoxdur. Ona görə də ölkədə təhlükəli qida kifayət qədər var. Bu da insanların həyatına öz mənfi təsirini göstərir". E.Hüseynov deyib ki,insanların sürətlə kimyalaşması, apteklərə müraciəti, klinikalarda növbələr bunun açıq-aydın sübutudur: "Təsadüfi deyil ki, ölkədə xərçəng xəstəliyinin cavanlaşması, sürətlə artması da bu amilləri bir daha sübut edir". Ölkədə istehsal edilən qida məhsullarıının ekoloji cəhətdən təmiz olması ilə bağlı monitorinqlərə gəldikdə E.Hüseynov deyib ki, belə monitorinqləri heç kəs aparmır, heç bir dövlət qurumu aparmır: "2011-ci ldən bəri Azərbaycanda cəmi ekoloji təmiz qida istehsal edən 6 müəssisəyə bu nişan şamil edilib. Lakin çoxsaylı müəssisələr heç də ekoloji təmiz və standartlara uyğun məhsul istehal etmir. Bu vəziyyətdə təkcə yerli məhsullar yox, xaricdən gətirilən məhsullar da Azərbaycana böyük problemlə gəlir. Bundan başqa, Azərbaycan əmtəə bazarı sürətlə çirklənir və təsadüfi deyil ki, bu gün mən bütün dövlət orqanlarına, o cümlədən baş nazirə məktub göndərirəm. Hökumətin birtərəfli siyasəti, yəni istehlakçı hüquqlarını arxa planda qoyub. Dövləti də, ordunu da, biznes qurumunu da saxlayan, mövcud edən istehlakçını arxa planda qoyub, yalnız və yalnız biznesin dəstəklənməsi müxtəlif əyintilərə səbəb ola bilər. Dövlət mütləq üzünü istehlakçılara doğru çevirməlidir. Bizim ofisə təhlükəli məhsulların nümunələri də gətirlir. Məsələn, biz 2001-ci ildə Nazirlər Kabinetinin hətta, qərarını da aldıq ki, ölkədə təhlükəli, filtirsiz siqaretlərin istehsalı dayandırılsın. Lakin, bu şəraitdən, yəni, biznes qurumları üçün yaradılan şəraitdən istifadə olunur, artıq bir aydır ki, Şəkidə filtirsiz, təhlükəli siqaretlər istehsal edən müəssisələr işə başlayıb. Heç bir hüquqi sənədləri yoxdur. Bütün qanunları, standartları pozaraq təhlükəli siqaret istehsal edirlər. Eləcə də internet üzərindən əhalinin guya şəkər xəstəliyini sağaldan adı altında aldıqları cürbəcür dərmanlar, bitki əlavələri, məsələn sinir otu reklam olunur, onun şəkər xəstəliyinə heç bir xeyri yoxdur. Bu barədə Səhiyyə Nazirliyinin bizdə rəsmi məktubu var. Digər şikayətlərdə də əhalinin sürətlə aldadılması prosesinin getdiyi görünür. Yaxud, 2001-ci ildə "Duzun yodlaşdırılması haqqında" qanun qəbul edilib. Qanunda göstərilir ki, ölkədə yodsuz duzun istehsalı, satışı, hətta heyvanlara yem məqsədi ilə verilməsi qadağandır. Lakin, bu gün də bazarda yodsuz və təhlükəli duz, yəni küçələrə səpilən, dəri aşılayan duz qablaşdırılıb istehlakçılara təqdim olunur. Təəsüflər olsun ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olaraq öz resursları ilə çalışır ki, bu problemləri həll etsin, lakin dövlət orqanları böyük seyrçi mövqe nümayiş etdirir". Məlumat üçün qeyd edək ki, Ərzaq keyfiyyəti ərzağın istehlakçı üçün dəyərliliyi ilə xarakterizə olunur. ərzaq keyfiyyəti ərzaq xammalının növü, istehsal texnologiyası, dad, rəng, struktur quruluşu və s. kimi müsbət, habelə xarab olma, torpaqla çirklənmə, rəngin, iyin, dadın dəyişməsi və s. kimi mənfi atributları özündə əks etdirir. Qida təhlükəsizliyi dedikdə hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Qida təhlükəsizliyi hər hansı bir qidanın insan, heyvan və ətraf mühüt sağlamlığı üçün təhlükə mənbəyi olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi - sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Təhlükəli qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Qeyd olunduğu kimi, təhlükəli faktor üç qrupa - bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit çirkləndiriciləri, kimyəvi çirkləndiricilər, allergenlər və s; fiziki təhlükəli faktorlar qrupuna metal qırıntıları, şüşə qırıntıları, işçilərə məxsus və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və s. daxildir. Belə halların vaxtında aradan qaldırılmaması insan sağlamlığına mənfi təsir göstərə bilər.
Alim