Biz niyə həqiqi müsəlman deyilik?
Sovetlər dönəmində Marksın “din xalq üçün tiryəkdi” deyimini canımıza, qanımıza hopdurmuşdular. Kommunist partiyası ateizm təbliğatını Azərbaycanda o qədər güclü aparırdı ki, sadəlövhcəsinə az qala Allahın varlığını da inkar edirdik. SSRİ dağıldı və Azərbaycan müstəqilliyinə qovuşandan sonra hər şey yenilənməyə başladı. Millətin ali keyfiyyətləri, ənənələri ilə yanaşı İslami dəyərlər də zaman-zaman qayıtmağa başladı. Amma bu qayıdış elə bir labirintə düşdü ki, millət 25 ildi içindən çıxıb dinini-imanını müəyyənləşdirə bilmir.
14 İyul 2016 12:49 SosialZüleyxa Nadir
Sovetlər dönəmində Marksın "din xalq üçün tiryəkdi" deyimini canımıza, qanımıza hopdurmuşdular. Kommunist partiyası ateizm təbliğatını Azərbaycanda o qədər güclü aparırdı ki, sadəlövhcəsinə az qala Allahın varlığını da inkar edirdik. SSRİ dağıldı və Azərbaycan müstəqilliyinə qovuşandan sonra hər şey yenilənməyə başladı. Millətin ali keyfiyyətləri, ənənələri ilə yanaşı İslami dəyərlər də zaman-zaman qayıtmağa başladı. Amma bu qayıdış elə bir labirintə düşdü ki, millət 25 ildi içindən çıxıb dinini-imanını müəyyənləşdirə bilmir.
Əslində belə qeyri-müəyyənliyin kökündə dini savadsızlıq durur. Dini savadsızlıq o demək deyil ki, hər kəs dini təhsil almalı, dini rütbələr daşımalıdı. Yox, sadəcə, hər kəs İslam tarixini bilməli, peyğəmbərlərin həyatına bələd olmalı və Quranı Azərbaycan dilində oxumalıdı. Bu, yoxdusa mövhumat, xurafat ayaq açıb yeriyəcək, necə ki, bu gün cəmiyyət məhz bu burulğanın içində çabalayır.
Çoxları deyir ki, Quranı Azərbaycan dilində oxusalar da başa düşmürlər. Bəziləri də ciddi-cəhdlə, hətta lovğalıqla vurğulayır ki, Kitabı bir dəfə oxuyub başa çatıb, bu da ona yetərlidi. "Bir dəfə oxuyandan sonra Kitabdan nəsə öyrənə bildinmi?" sualının cavabı da lovğalığın ekiz qardaşı olan özündənrazılığa işarədi: "Heç nə başa düşə bilmədim, ona görə də təkrar oxumağa cəhd etmirəm". Əzizim, Quran nə "Məlikməmməd" nağılı, nə "Koroğlu" dastanı, də hər hansı bədii əsər və sevgi romanı, məhəbbət macərası deyil. Sən onu bir dəfə oxumaqla təbii ki, heç nə başa düşməyəcəksən. Çünki "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər" (Ali-İmran surəsi, ayə 3-7). Ona görə də Quranı başa düşmək üçün öncə VII əsr ərəb dünyasının tarixini öyrənməlisən, sonra Məhəmməd peyğəmbərin həyatına bələd olmalısan ki, oxuduqlarını anlaya biləsən, ayələrdə söhbətin nədən getdiyini, nəyə işarə vurulduğunu dərk edə biləsən. Ali təhsili olmayanları başa düşmək çox asandır, məlumdu ki, anlamaqda çətinlik çəkəcək, elələri var ki, latın əlifbasında yazıb-oxumağı belə bacarmırlar. Amma universitet bitirmiş, dünyəvi elmləri mənimsəmiş insanlar niyə Quran oxumağa həvəsli, meylli deyillər? Elə düşünürlər ki, Quran oxumaq cahillikdi, səviyyəsizlikdi. Halbuki "İnsanlığın bəyannaməsidir bu Kitab, yol göstərir, öyüd verir müttəqilərə" (Ali-İmran surəsi, ayə 138).
Quran ərəb dilində nazil olub. Səbəbi isə Şuara surəsində belə izah edilir: "Quranı göndərsəydik əgər bəzi əcəmilərə (ərəb olmayanlara) və bunlar da ərəblərə oxusaydılar, yenə də gəlməzdi imana onlar" (Ayə 192-193). Amma biz ərəb olmadığımız, onun dilini
bilmədiyimiz üçün doğma dilimizdə oxuyub başa düşə bilər və imana gəlməkdə çətinlik çəkmərik. Əsasən belə fikir səslənir ki, Quran ərəb dilində oxunmalıdır. Yanlış yanaşmadı. Bəyəm hamı ərəb dilini bilir? Eləcə də heç kim bu dili bilməyə məcbur deyil. Bilənlər əlbəttə ki, ərəbcə oxuya bilərlər. Amma inanmıram ki, onlar da yazılanları yüzdə yüz başa düşsünlər. Quranın Azərbaycan dilində çoxlu sayda tərcümələri, daha doğrusu təfsirləri var. Azərbaycan dilində ən mükəmməli Nəriman Qasımoğlu və Vasim Məmmədəliyevin, rus dilində isə Kraçkovun tərcümə etdiyi Kitablardı.
Vasim Məmmədəliyev Qurani-Kərimi 11 dəfə tərcümə edib. İllər öncə ondan müsahibə götürərkən "Quranın tərcüməsinə 11 dəfə müraciət etməyiniz hansı zərurətdən irəli gəlib?" deyə sual verdim. Akademik belə cavab verdi: " Quran VII əsrdə yazıya köçürülüb. Müasir ərəb dili ilə 1400-1500 il əvvəlin ərəb dili arasında çoxlu fərq var. Əgər bu gün ərəblər o dövrün dilini anlamaqda çətinlik çəkirsə, biz ərəb olmayanlar üçün bunu dərk etmək lap çətindi. Ona görə də təkrar-təkrar qayıdıram ki, bəlkə hər hansı sözü, ifadəni doğru təfsir etməmişəm". Bu sözləri o Vasim Məmmədəliyev deyir ki, Azərbaycanda ərəb dilini onun qədər mükəmməl bilən ikinci bir adam yoxdu. Hətta çəkinmədən deyirəm ki, ərəblərin bir çoxu öz dillərini Vasim müəllim kimi mükəmməl bilmir. O, müqəddəs Kitaba təkrar-təkrar qayıdırsa, özü də doğma ana dilində, ərəb dilini bilməyənlər, peyğəmbərin həyatına bələd olmayanlar hardan anlaya bilərlər ki, Quranda yazılanlar nə deməkdi?
Bir var ki, dağda təmiz bir yerdə qaynayan bulaq suyu, bir də var ki, həmin bulaqdan arx çəkib suyu yüzlərlə kilometr uzaq məsafəyə aparmaq. Bulağın gözündən içilən su təmiz olar, yoxsa 100 kilometr aralıdakı su? Təbii ki, bulağın gözü daha təmizdi, daha safdı, sərindi, buz kimidi. Amma bulaqdan çəkilən arxla axıb uzağa gedən suyun içinə yolboyu zir-zibil qarışır, isti havanın altında suyun soyuqluğu da azalır. Quran həmin bulaqdı, ordan qaynayan saf sudu. İnsanlar təmiz suyu qoyub, uzaqdakı çirklənmiş sudan içməyə üstünlük verirlər. Kitabı oxumaq, anlamaq əvəzinə mollaların özlərinin də başa düşmədiyi dildə söylədiklərinə tapınırlar. Onlar yas məclislərində (söhbət qadın məclislərindən gedir, kişi məclisləri barədə məlumatım yoxdu) əsasən imamlara, Fatiməyə, Zəhraya həsr olunmuş mərsiyə oxuyurlar, ən yaxşı halda Qurana dəxli olmayan hədis söyləyirlər. Çoxlarının hətta Qurandan xəbərləri yoxdu. Fatimə və Zəhra Məhəmməd peyğəmbərin qanını daşıyıblar, o zamanlar olduğu kimi indi də hörmətlidirlər, yaşam tərzləri fərqli olub, nümunə olacaq həyat tərzi keçiriblər - etirazım yoxdu. Bu qadınların hər birinin İslam tarixində öz yeri var, İslamın yayılıb təşəkkül tapmasında müstəsna xidmətləri olub. Kimsə bunu inkar edə bilməz. Amma onları Allaha şərik qoşmaqla mollalar nə qədər günaha batdıqlarının fərqində olmurlar. Hətta bəziləri daha irəli gedərək həmin xanımların adlarının Quranda çəkildiyini də iddia edirlər. Quranda isə dörd qadından bəhs olunur. Təhrim surəsindəki bu ayələr dediklərimi təsdiq edir: "Nuhun arvadıyla Lutun arvadını kafirlərə misal çəkər Allah. Əməlisaleh bəndələrimizlə nikahda ikən ərlərinə xəyanət eləmişdi hər ikisi. Allahın bunlara verdiyi əzabın qarşısını ala bilməmişdi ərləri. "Cəhənnəmə girənlərə qoşulun" deyilmişdi o qadınlara" (Ayə10). "İman gətirənlər üçünsə Fironun arvadını nümunə çəkər Allah. "Rəbbim, öz yanında cənnətdə mənim üçün bir ev düzəlt, Fironun
əlindən, onun əzabından qurtar, zalımların əlindən al məni" demişdi bu qadın" (Ayə 11). "Məhrəm yerini qorumuş olan İmran qızı Məryəm də bir nümunədir. Onun məhrəm yerinə ruhumuzdan üfürmüşdük. Təsdiq eləmişdi Rəbbinin kəlamını, Kitablarını. Allaha ürəkdən itaət edənlərdən idi bu qadın" (Ayə 12).
Quran deyir: "Başqasını Tanrı olaraq şərik qoşmayın Allaha" (Zəriyət surəsi, ayə 50). Ən acınacaqlısı da odur ki, bu xanımların və guya nə zamansa qayıdacağı iddia edilən Mehdinin adı çəkiləndə ayağa qalxıb səcdə edirlər. Bunun xurafat olduğunu anlamayanlar, mövhumata uyanlar da ayağa qalıxıb mollanın hərəkətini təkrar edirlər. Quranda isə deyilir: "Təkcə Allaha səcdə üçün əyilin, təkcə Allaha ibadət edin" (Nəcm surəsi, ayə 62). Deyirlər ki, nə zamansa zəmanənin sahibi Mehdi gələcək və hər şey dəyişəcək. Nə qədər avam, cahil olmalısan ki, bəşəriyyətin yaradıcısını inkar edəsən, anlamayasan ki, yaradılışın sahibi Allahdır. "Göylərin, yerin və bunların arasında olanların Rəbbidir O" (Məryəm surəsi, ayə 65).
Bir dəfə yaxın qohumumun yas məclisindəki molla qadına sual verdim ki, Həzrəti Məryəm haqqında nə deyə bilərsiniz? Üzümə tərs-tərs baxdı, sonra da ünvanıma dodaqaltı " kafir" deməkdən özünü saxlaya bilmədi. Mən "Ey Məryəm, Allah səni seçdi, pak elədi və aləmlərin qadınlarından üstün tutdu, demişdi mələklər. Ey Məryəm, könüldən boyun əy Rəbbinə, səcdə et Ona, ruki edənlərlə birgə əyil önündə demişdi onlar"( Ali-İmran surəsi, ayə 42) ayəsini söyləyərək izah etdim ki, gördüyünüz kimi Allah Məryəmi bütün qadınlardan üstün tutub. Amma molla qadın söylədiklərimi özümdən uydurduğumu iddia edərək "bildiyini babasına vermədi". Əlindəki ərəbcə yazılmış Quran kitabını mənə göstərib söylədiklərimi göstərib sübut etməyimi tələb etdi. Ayənin adını, surənin nömrəsini göstərdim, amma qadın nə ərəbcə oxuya bildi, nə də mənasını anladı. Başqa nə deyəsən beləsinə?..
Mən bu qadınları yaxşı tanıyıram. Onların nə ali, nə də dini savadları var. Nisbətən gənc olan qadınlar Bakıda fəaliyyət göstərən mədrəsələrə gedib orda Quran oxumaq öyrənirlər. Üç aydan sonra sertifikat verirlər ki, guya dini biliklərə yiyələndilər, bundan sonra gedib yas məclislərində mollalıq edə bilərlər. Yaşlı mollalar isə əvvəllər müxtəlif işlərlə məşğul olub indi işsiz qalanlardı. Allah bu dünyada hərəyə bir yolla ruzi verir. Bu qadınlara da ailəsini saxlamaq, evinə çörək pulu aparmaq üçün Allah bu fürsəti verib. Amma bədbəxtlikləri ondadır ki, İslamı, Quranı anlamırlar, mövhumatı, xurafatı yayırlar. Sünni-şiə məsələsini qabardırlar, bəzən daha irəli gedərək bu barədə müqəddəs Kitabda yazıldığını iddia edirlər. Bu adamların xəbəri yoxdu ki, Quranda deyilir: " Ya Rəsulum! Nuha qanun bildiyini sizə də din olaraq buyurmuş Allah. "Dininizdə bütöv olun, bölünməyin" deyə vəhy elədik Sənə, buyurduq İbrahimə, Musaya və İsaya" (Şura surəsi, ayə13).
Təbii ki, İslam dininin mahiyyətindən, Quran fəlsəfəsindən xəbərləri olmayan məclis iştirakçıları da ona inanıb baş-gözlərinə döyürlər. Belə hallar ev sahibinə qarşı hörmətsizlikdi. Dünyasını dəyişmiş adamın xatirəsi deyil, mərsiyədə adları çəkilənlərin ölümünə göz yaşı tökülür. Adətən molla qadınlar ərəbcə (bəlkə də heç ərəbcə deyil, çünki əllərindəki dəftərdə kiril
əlifbası ilə yazılan sözlər Allah bilir hardan köçürülüb) oxuyurlar, məclisdəkilər isə ona qulaq asmırlar, hər kəs öz işində, öz söhbətində olur. Mollanın bundan xoşu gəlmir, arada oxuduğuna fasilə verib iradını bildirir. Günah qadınlarda deyil. Mollanın nə dediyini başa düşmədikləri kimi, bu ayədən də xəbərləri yoxdu: "Quran oxunan zaman ona qulaq kəsilin, sükut eləyin bəlkə sizə rəhmət edilə" (Əraf surəsi, ayə 205). Ona görə də məclisdə hər kəs öz problemini qabardır.
Bu gün insanlar İslam dinini yas məclislərində Fatihə və Yasin oxumaq vasitəsinə çeviriblər. Heç kim Fatihənin əsil mahiyyətini anlamır, Allahın bu surədə nə demək istədiyini qətiyyən başa düşmür. İnsanlar elə bilirlər ki, Fatinə surəsi hansısa ölmüş adamı yada salanda, yaxud da qəbristanlığa gedəndə məzar başında oxumaq üçündü. Əslində Fatihə ən böyük duadı. Allah "Biz sənə tez-tez təkrarlanan yeddi ayəli Fatihəni və əzəmətli Quranı verdik" (Hicr surəsi, ayə 87) deməklə bizə onu dönə-dönə oxumağı, dua etməyi öyrədir. "Yaradanın, Rəbbinin adı ilə oxu. İnsanı qan laxtasından yaradanın adıyla! Oxu, Rəbbindir ən böyük kərəm sahibi" (Əlaq surəsi, ayə 1-3) ayələri peyğəmbərə ilk vəhy olunanlar olsa da, Kitab sıralamasında Əlaq 96-cı, Fatihə isə 1-ci surədi. Əlbəttə bu, təsadüf deyil, qanunauyğunluqdu. Quranı əlimizə alıb ilk səhifədən Fatihəni oxumaqla öncə dua etmiş oluruq, sonra digərlərini oxuyuruq. Fatihə ölülər üçün deyil. Fatihə ölünün xatirəsini yad etməyə toplaşan insanlar üçündü. Təkcə beş vaxt namaz qılanda Fatihə - Dua oxumalı deyilik. Gecə-gündüz dilimizdə, yolda, dənizdə, təyyarədə, avtobusda ürəymizdə səsləndirdiyimiz bütün istəklər bu DUAda - FATİHƏdə cəmlənib. Dua Allahdan nəyisə istəməkdi, yalvarmaqdı. Üzümüzü göyə tutaraq əllərimizi açıb Allahdan necə istəməyimizi O, FATİHƏdə ümumiləşdirilmiş halda bizə öyrədir. Həm vacib deyil ki, ərəbcə istəyəsən. Bəyəm Allah təkcə ərəb dilini başa düşür? Azərbaycanca yalvarsaq, DUA etsək anlamayacaq? Əsasən də namazda etdiyimiz dualar Allaha daha tez çatır.
Bu yerdə namazla bağlı fikirlərimi də Allaha tapınıb, Qurana söykənərək demək istəyrəm. Namaz nədi? Niyə namaz qılırıq? Bəzən namaz qılan dost-tanış, qohum-əqraba, yaxud da çevrəmdəki digərləri ilə söhbət zamanı onların Allaha etdikləri ibadətin mahiyyətinə nə dərəcədə vardıqlarını bilmək üçün bu sualları verirəm. Soruşduqlarımın hamısı eyni cavab verir ki, Allah buyurub, mən də əməl edirəm. "Niyə buyurub?" sualının da cavabı "Hər bir müsəlmana vacibdi" olur. Yenə də sual yaranır: "Axı, İslamdan əvvəl də namaz olub. Bəs, niyə onu Allah yalnız müsəlman üçün vacib saysın"? Cavab yoxdu...
"Günəş qərbə əyiləndən gecənin zülməti gələnə qədər namaz qıl" (İsra surəsi, ayə 78). Bu sözlərin nə demək olduğu isə başqa bir ayədə belə açıqlanır: "Gündüzün iki ucu arasında (sübh, günorta və günbatana yaxın) və gecəyə yaxın saatlarda (axşam, gecə) namaz qılın" (Hud surəsi, ayə 114). Eləcə də Taha surəsinin 130-cu ayəsində namazın beş vaxt olduğu vurğulanır. Göründüyü kimi Allah öz bəndələrinə üç dəfə yox, beş vaxt namaz qılmağın vacibliyini bildirir. Amma bizdə namaz qılanlar arasında fikir müxtəlifliyi mövcuddur. Bu da məzhəb ayrılığı ilə əlaqədardı. Balaca Azərbaycanda, 9 milyonluq bir məmləkətdə ikiyə bölünən insanlar, özlərini müsəlman adlandıranlar arasında həmişə bu mövzuda didişmə gedir. Biri o birini bəyənmir, etdiyi ibadətə rişxənd edir. Halbuki İslamda məzhəb ayrılığı olmamalıdı. Əgər
İslamın mənbəyi sayılan Qurani-Kərimdə "Deyin ki, "Allaha, bizə nazil edilənə, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun törəmələrinə göndərilənə, Musaya, İsaya verilənə və Rəbbləri tərəfindən peyğəmbərlərə verilənə inanmışıq. Onları bir-birindən ayrı tutmarıq. Biz Allaha təslim olanlarıq" (Baqara surəsi, ayə 136) deyilirsə, niyə biz Allaha təslim olmuruq, əsil müsəlmançılıqdan qaçırıq, şünni-şiə deyə ikiyə bölünürük?
Şiə adlananalar üç dəfə, sünnü adlananlar isə beş vaxt namaz qılırlar. Şiələr deyir ki, biz ikisini birləşdirib üç dəfə ibadətimizi yerinə yetiririk. Belə çıxır ki, günün istənilən saatında imkan tapan kimi üç dəfə namazı qılmaqla vəzifə bitmiş sayılır. Əslində isə "üç dəfə" sözü doğru deyil. "Dəfə" sözü ilə "vaxt" sözünün anlamı, məna tutumu bir-birindən tam fərqlidir. Allah dediyi həmin vaxtlarda bizi məhz ona görə namaza dəvət edir ki, o dəqiqələrdə, o saatlarda bəndəsinə daha yaxın olur. Biz Onunla yaxından ünsiyyət qura bilirik Hərçənd Allah deyir ki, "Mən sizə şah damarınızdan daha yaxınam" (Qaf surəsi, ayə 16). Amma çox vaxt Onun namaz vaxtlarından qeyri saatlarda bizə yaxın olduğunu hiss etməyə bilirik. Bu səbəbdən də Allah namazı bizə vacib buyurur ki, məhz həmin saatlarda Onunla birbaşa ünsiyyət quraq, Onu başımızın üstündə hiss edək, daha doğrusu, Yaradanımızla söhbətə başlayaq.
Fikrimin sübutu üçün tarixi bir hadisəni yazmağı vacib hesab edirəm. Fateh Sultan Mehmetin vəziri hər səhər padişaha bir qızıl hədiyyə edərmiş. Bir dəfə içəri girəndə görür ki, sultanın qabağında xəritə var. Vəzir qızılı qoyur və geri çəkilmək istəyəndə sultan əlinin arxası ilə bəxşişi kənara itələyib xəritədə Konstantinopolu göstərərək deyir ki, mən buranı istəyirəm. Bu sözdən sonra Bizans imperiyasının paytaxtını ələ keçirmək üçün hazırlıqlar başlanır. 1453-cü ildə 21 yaşlı Osmanlı sultanı II Mehmet Konstantinopolu fəth edir, 1000 illik Bizans imperiyasına son qoyaraq Fateh adını alır. II Mehmet fəthin ilk günü - mayın 29-da günortadan sonra şəhərə daxil olur və namaz qılmaq üçün birbaşa Ayasofa kilsəsinə yollanır. Kilsədə sultan qabaqda, paşalar, vəzirlər, digər ağalar arxada üzü qibləyə dayanırlar. Bir neçə dəqiqə keçir, amma II Mehmet namaza başlaya bilmir. Vəzirlərin, paşaların canına qorxu düşür ki, nə oldu, padişah niyə namaz qıla bilmir, dilimi tutuldu? Sultan özü də həyəcanlanır, yuxarı baxır, sağa-sola boylanır, onu tər basır, nəfəsi çətinləşir, amma əllərini qaldırıb "Allahu-Əkbər" deyə bilmir. Nəhayət sultan "Allahu-Əkbər" deyib namaza başlayır. Namazdan sonra padişah paşalara deyir ki, siz bildinizmi mən nədən bir müddət namaza başlaya bilmədim? Ona görə ki, heç cür Allahı başımın üstündə hiss edib, Onu görə bilmirdim.
Bu hadisəni xatırlatmaqla onu demək istəirəm ki, namaz qılmaq yalandan əyilib-qalxmaq, tez-tələsik Fatihəni söyləyib ayağa durmaq deyil. Namaz harda olmağından asılı olmayaraq Yaradanla yaxınnlıqdı, Allahla ünsiyyətdi. Əgər bu, yoxdusa, ona kamil ibadət demək olmaz. Fateh Sultan Mehmet kimi Allahı hiss etmədən qılınan namazların imanlı olması da şübhəlidi.
Namazla bağlı bir xoşagəlməz hal da var. Küçədə, işdə, yaxud da digər yerlərdə açıq-saçıq, yarıçılpaq geyinən qadınlar namaz qılarkən örtüyə bürünürlər. İbadəti bitən kimi əynindəki örtünü soyunub yarıçılpaq paltarını geyinərək işlərinin dalınca gedirlər. Bu qadınlar kimdən qorunur? Allahdanmı? Allah onun içinə də, çölünə də bələddir. Yaratdığı bəndəsini udduğu
havadan tutmuş, verdiyi nəfəsə kimi hər kəsdən yaxşı tanıyan Allahdan qorunmağa gərək yoxdu. Allah ona əkscinsindən qorunmaq üçün qapalı geyinməyi, başını örtməyi söyləyir. "Vay halına o namaz qılanların ki, ötürərlər namazının vaxtını, riyakarlıq eləyərlər" (Məun surəsi, ayə 4-5). Əmin olsunlar ki, bu cür riyakarlıq, ikiüzlülük edənlərin qıldığı namaz, etdiyi dua qəbul olunmur. Geyimləri ilə ibadətləri üst-üstə düşməyənlərin bu cür başdansovdu namaz qılmaları yalançılıqdı, Allahı aldatmaqdı. Halbuki Onu aldatmaq mümkün deyil. Xətaları və doğru-dürüst olmayan düşüncələri ilə ancaq özlərini aldadır, özlərinin imanına zərbə vururlar.
İslam dini insanın rahatlığı, Quran onun mənəvi qidası, namaz isə ruhən sakitliyidir. Bu üç amilə dəyər verməmək Allaha asi çıxmaq deməkdi. Mövhumata, xurafata yuvarlanmaq, din adı ilə insanlara sırınan cəfəngiyata inanmaq isə karlığın, korluğun əlamətidi. İllərlə Mirzə Cəlil, Sabir kimi dahi şəxsiyyətlər İslamı oyuncağa çevirən, ondan öz şəxsi mənfəətləri üçün istifadə edən, özlərini "din xadimi" adlandıran, əslində isə yalançı, fırıldaqçı mollalarla, axundlarla, müctəhidlərlə mübarizə apardılar. İnsanlara mövhumat, xurafat aşılaynların iç üzünü açıb xalqa göstərdilər. Amma 100-200 il əvvəl millət indiki kimi dünyagörüşlü, elmli, savadlı olmadıqları üçün onların toruna asanlıqla düşə bilirdilər. Kütlə fırldaqçı mollaların ardınca gedirdi. Tək-tük işıqlı insanların yeri bu çoxluqda it-bata düşür, səsləri eşidilmirdi.
Bu gün isə zaman başqadır. İnsanların, ən azı, yazıb-oxuma qabiliyyətləri var, üstəlik də Quran tərcüməsi mövcuddur. Amma yenə də həmin hallar təkrar olunur. Yenə də cahillik baş alıb gedir. Yenə də cahil kütlə əlinə Quran almır. Yenə də Kitabda nə yazıldığını gözləri ilə oxuyub, qəlblərinə, beyinlərinə həkk etmək istəmirlər. Çoxluq ən asan üsulu seçir: "dindar" deyilənlərin İslam adına uydurduqlarına tapınır. Və yaxud da bir qədər fərqli olanlar, az-çox savadı olan bəziləri mənbə kimi Qurana üz tutmaq əvəzinə, hədisləri və dini kitabları oxuyurlar. Hədis nədi? Peyğəmbərin öz zamanında söylədikləri, səhabələri ilə söhbətləri, 23 il müddətinə ona nazil olan Quran ayələrinin insanlar arasında yayılması ilə bağlı davranışlarına, insanlara qarşı münasibətinə, eləcə də həyatdakı yaşam tərzinə yönəlik başına gələn hadisələr, Əbubəkr, Osman, Ömər, Əli kimi şəxsiyyətlərlə qarşılıqlı söhbətləri, onlarla birbaşa dostluğuna dair faktlar, həmçinin də adlarını çəkdiyim bu şəxslərin ailədə, cəmiyyətdə, idarəçilikdə nümunəvi davranışlarına aid faktların onları sevənlərin arasında danışılması, İslamın daha geniş ərazidə yayılıb formalaşmasında apardıqları mübarizənin daha ədalətli formalarını özündə əks etdirən halların və s. bu kimi çoxlu sayda bənzər olayların dildən-dilə düşərək indiyə kimi danışılmasıdı. Amma qruplara, məzhəblərə, sektalara bölünən insanlar fərqli ibadətləri, imanları ilə bərabər, fərqli də hadislər danışırlar ki, onun yuxarıda sadaladığım şəxsiyyətlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də bu gün tək Allaha, Məhəmməd peyğəmbərə, Qurana iman edən insanların sayı azdır.
Doğrudur, bəzi hədislər ibrətamiz, nəsihətamizliyi ilə insanların tərbiyəsində, imanlı olmasında rol oynayır. Bu da o hədislərdir ki, birbaşa peyğəmbərə, Qurana aiddir. Əgər həmin hədisdə deyilənlər Quranda yazılanlara uyğundursa doğrudur, əks halda hamısı uydurmadır. Məsələ bundadır ki, peyğəmbərimizin və sonrakı dörd xəlifənin zamanında hədislər yazılı olmayıb. Sonralar İslam alimləri hər kəs özü bildiyi kimi onları yazıblar ki, bununla da dində parçalanma
baş verib. Nəticədə Quran, Məhəmməd peyğəmbər, onun bütlərdən təmizlədiyi Kəbə evi öz həqiqi mahiyyətini itirib. Ona görə də Avropa və digər xristian dünyası müsəlmanların yolunu azdığını iddia edirlər. İŞİD kimi terror təşkilatının İslam dəyərlərinə vurduğu zərbə onların əlində bir əsasdı. Hərçənd İŞİD-ın üzvlərini müsəlman adlandırmaq, ən azı, insafsızlıq və ədalətsizlikdi. Bu ayrı bir mövzunun söhbətidi...
İslamı bu günkü xurafatdan təmizləmək, ayırmaq, arındırmaq üçün yalnız Quran işiğına doğru getmək, Quran məntiqinə söykənmək lazımdı. O zaman əsil müsəlman olmağın, əsil müsəlman kimi yaşamağın mahiyyəti də aydın olacaq, məzhəblər, sektalar sıradan çıxacaq. İnsanlar az qala Allah evinə tay tutduqları pirlərə, ziyarətgahlara tapınmayacaqlar. Yeri gəlmişkən, Mir Mövsüm ağa ziyarətgahı haqqında fikirlərimi də bildirmək istəyirəm. Məlumdur ki, Allah heç bir insanı bir-birinə tam olaraq oxşar yaratmır. Elm də sübut edib ki, hətta eyni yumurtadan doğulan, zahiri oxşarlıqları eyni olan ekizlərin də arasında çoxlu sayda fərqlilik mövcuddur. El arasında "Ətağa" adlanan Mirmövsüm ağa (əsil adı Seyidağa) da fiziki qüsurlarının olmasına baxmayaraq, xarakterində bəzi fərqliliklər müşahidə olunub. Bakı və ətraf kəndlərin sakinləri onda möcüzəli qüvvənin mövcudluğunu, Allah tərəfindən seçildiyini, hətta Həzrəti Əlinin nəslindən olduğunu iddia edirlər.
Bəzi günlərdə, xüsusilə də məhərrəmlikdə onun Şüvəlandakı məzarına axışanların sayı-hesabı olmur. Daha dərinliklərə gedib insanların belə səthi inamının, inancının üstünə kölgə salmaq fikrindən uzağam. Təbii ki, bu da əvvəldə dediyim kimi, özlərini Quran işığından məhrum etmələrinin bir əlamətidi. İradım illərdi həmin məzarı ziyarətgaha çevirənlərin, orda xidmət edən səlahiyyətlilərin insanları doğru yoldan azdırmalarınadı. Ziyarətgaha üz tutanlar qurbanlar kəsir, nəzir verirlər. Hər iki hal yaxşıdı, sözüm yoxdu. Bəziləri də namaz qılır, bu lap yaxşıdı. Allahın adı harda daha çox anılırsa orda ibadət etmək xoşdu, faydası var, Allah tərəfindən də qəbul olunandı. Amma həmin ziyarətgahda Allahın qəbul etmədiyi başqa nəsnə var. Ora gələn insanların ilk işi 3-5, bəzən də 7 dəfə qəbrin başına dolanmaq olur. Qəbrin başına dolanmaq, məzara səcdə etmək birbaşa Allahı inkar etməkdi. Təriflərə və səcdəyə layiq olan tək varlıq Allahdır. Ətrafında dolanmağa layiq olan tək yer isə Kəbə Evidi. "Göstərmişdik İbrahimə Evi (Kəbəni) harada qurmalı. Sonra "heç nəyi şərik qoşmayasan Mənə, bütlərdən təmizlə Mənim Evimi ətrafına dolananlar üçün, dayanıb duranlar üçün, əyilərək namaz qılanlar üçün" deyə əmr elədik ona. Hacca çağır insanları. Öz ayaqları ilə, yaxud minikləriylə gəlsinlər yanıma uzaq-uzaq yollardan. Şahidlik eləsinlər özlərinin xeyrinə olanlara. Məlum günlərdə Allahın ruzi olaraq verdiyi qurbanlıqları kəsərkən ansınlar Allahın adını. Bunlardan özünüz də yeyin, zavallı yoxsullara da yedizdirin. Sonra da özlərini səliqəyə salsınlar, nəzirlərini versinlər və Beyti Atiqin ətrafına dolansınlar" (Hacc surəsi, ayə 26-28). Quranın bu ayələrində deyilənlərin hamısını olduğu kimi Mirmövsüm ağanın qəbri başında yerinə yetirməyin adını nə qoymaq olar? Cahillikimi, nadanlıqmı, avamlıqmı, yoxsa, kütlənin dinsizlik psixologiyasımı? Ən qorxulusu odur ki, elm adamları, həkimlər, müəllimlər, mühəndislər, jurnalistlər, şair və yazıçılar bu axının önündə gedirlər. Ziyalılar kütləni öz arxasınca aparmaqdansa, özləri kütlənin ardınca gedirlər. Bu, faciədi, fəlakətdi. Quran
oxumamağın, onu anlamamağın acı nəticəsidi. Bu, müqəddəs Qurana arxa çevirib onu tərk etməkdir. Bunu Qiyamət günü Məhəmməd peyğəmbər Allaha söyləyəcək: "Rəbbim! Tərk eləmiş mənim qövmüm Quranı, dedi Rəsul" (ayə 30).
İslam dininin o biri dinlərdən üstünlüyü odur ki, Allahla bəndə arasında vasitəçi yoxdu. İnsan özü birbaşa üzünü Allaha tutur, dərdini danışır, istəyini bildirir, Onunla yaxın ünsiyyət qurur. Nə yazıq ki, bu üstünlükdən yararlanmağı bacarmırıq. Müqəddəs Quran ayələrinin möcüzə olduğunu qəbul etmirik. Bu möcüzəni kimdənsə eşitməyə daha çox meylliyik. Halbuki hər kəs özü onu oxumalıdı, öyrənməlidi. Çünki ""Allahın ayələri bir öyüddür. Hamıdan ötrüdür. Hər istəyən kimsəyə bu Qurandan pay düşür" (Abasə surəsi, ayə 11).