Avropanın təhlükəsizliyi Türkiyə-Polşa ittifaqına bağlıdır

Beynəlxalq arenadakı indiki hərbi–siyasi vəziyyət bir çox alyans və ittifaqların artıq öz vəzifəsini yerinə yetirmədiyini və bir zamanlar dünyaya meydan oxuyan dövlətlərin nüfuzunu surətlə itirdiyini açıq şəkildə göstərməkdədir.

Regionda yeni birliyin yaranma zərurəti var

Beynəlxalq arenadakı indiki hərbi-siyasi vəziyyət bir çox alyans və ittifaqların artıq öz vəzifəsini yerinə yetirmədiyini və bir zamanlar dünyaya meydan oxuyan dövlətlərin nüfuzunu surətlə itirdiyini açıq şəkildə göstərməkdədir. Bir çox orta səviyyəli Avropa dövlətləri artıq özlərini Kremlin siyasi mətbəxində hazırlanan hibrid müharibələr qarşısında zəif və aciz hiss edirlər. Şərqi Avropada yaranmış vəziyyət indi sadəcə milli deyil, həmçinin beynəlxalq təhlükəsizliyə də mənfi təsir edir. Qlobal araşdırmalar onu deməyə imkan verir ki, hazırki vəziyyətin yaranması Şərqi Avropa ölkələrinin keçmişi və meydana gəlmə tarixi ilə sıx əlaqədardır. Şərqi Avropanın hazırki vəziyyəti bir çox göstəricilərinə görə ötən əsrin 20-ci illərinin vəziyyətinə çox bənzəyir. O zaman da başda Polşa olmaqla Şərqi Avropa dövlətləri böyük qonşularının təzyiq və təhdidi ilə qarşı-qarşıya qalmışdılar. Ancaq o zaman Polşa dövlətinin rəhbəri Yozef Pilsudskinin qəti iradəsi və hərbi səriştəsi ilə bərabər Avropa dövlətlərinin cəsarətli addımları Şərqi Avropanı bolşevik istilasından xilas edə bildi. Yozef Pilsudskinin əsas məqsədi bolşevik Rusiyasının ekspansiyasının qarşısını almaq üçün Şərqi Avropada hərbi-siyasi İttifaq qurmaq idi. Onun düşüncələrinə görə Şərqi Avropada Baltik dənizindən Qara dənizə qədər uzanacaq təhlükəsizlik zolağı qurulmalı idi. Estoniya, Latviya, Litva, Ukrayna, Çexoslovakiya, Macarıstan və Rumıniya bu ittifaqın tərkib hissəsini təşkil etməli idi. Bu layihənin üzərindən 100 ilə yaxın bir zaman keçsə də mövzu aktuallığını qorumaqdadır və rusun qılıncı Avropanın başı üstündən çəkilib. Pilsudskidən sonra 2010-cu ildə Rusiyada təyyarə qəzasında həlak olan mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən də aktiv bir şəkildə təbliğ edilən bir məsələyə çevrildir. Mərhum Kaçinski bu məsələ ilə əlaqədar hətta bir neçə ciddi addım da atmışdi. Lex Kaçinski ilk addımları enerji sahəsində atmağa cəhd etdi və Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Rumıniya arasında bir sıra görüşlər keçirməyə də müvəffəq oldu. Kaçinskinin əsas hədəflərindən biri də Azərbaycandan Avropaya nəql ediləcək enerji qaynaqlarının Odessa-Brodı-Qdansk xəttinin ən qısa zaman içində həyata keçirilməsi idi. Çox təəssüf ki, Lex Kaçinskinin faciəvi şəkildə həlak olması bu layihənin təxirə düşməsinə səbəb oldu. Ancaq yeni seçilən Polşa prezidenti Andjey Duda hazırda bu layihənin həyata keçirilməsi üçün fəallıq göstərir. Ən son Rumıniya səfərində də A.Duda bu fikrini açıq şəkildə ifadə etdi və Rumıniya prezidenti Klaus Yoxannis tərəfindən də dəstəkləndi. Prezidentlər öz bəyanatlarında NATO bazalarının bölgədə bölüşdürülməsinin və ölkələrin yekdil olaraq çıxış etməsinin vacib olduğunu vurğuladılar . Bu görüşün ardından Slovakiya, Bolqarıstan və Macarıstan dövlət başcılarının Buxarestə səfərləri baş tutdu. Regiondaki həssas vəziyyət Polşanı yeni, güclü müttəfiqlər axtarmağa vadar edir və bizə görə bu ittifaq üçün ən güclü namizəd Türkiyədir. Hər iki ölkə regional lider olmağa can atır və hər iki dövlətin üzləşdiyi xarici təhlükə hərbi-siyasi əməkdaşlığı zəruri hala gətirir. Ukraynadakı vəziyyət və Moskvanın öz Qərb hüdudlarına ordu birləşmələrini yığması, Suriya və İraqdakı mücərrəd vəziyyət bu iki dövlətin bənzər vəziyyətdə olmasına işarədir. Bir tarixi aspektə də diqqət etməkdə fayda var, o da Rusiyanın Polşa və Türkiyə ilə çox dərin qarşıdurma tarixinə malik olmalarıdır. Bu üç ölkənin qarşıdurmanın dövrünün 700-800 illik bir dərin tarixi mövcuddur. Müəyyən mərhələlərdə- Türkiyə-Rusiya münasibətləri isti, mülayim və soyuq fazalarda inkişaf etdiyi halda belə, bu ölkələrin arasındakı ziddiyyətlər hər zaman öz aktuallığını qoruyub. Hazırda bildiyimiz kimi Ankara üçün ən həssas məsələ enerji təhlükəsizliyi mövzusudur. Türkiyə tərəfi bu istiqamətdə Azərbaycanla bərabər ilk addımı ataraq TANAP xəttinin tikintisinə başladı. Dəfələrlə vurğuladığımız kimi bu layihə sadəcə Bakı və Ankaranın deyil, bütün Şərqi Avropa və Qara dəniz ölkələrinin enerji müstəqilliyinin təmin edilməsi üçün ən vacib addım sayıla və gələcəkdə baş tuta biləcək ittifaqın əsas həlqələrindən biri olaraq çıxış edə bilər. Çünkü bu kəmər istifadəyə veriləndə layihənin təhlükəsizliyinin də təmin edilməsi ortaya çıxacaq. Bu isə hər hansı bir şəkildə yeni hərbi siyasi alyansların və sazişlərin meydana çıxmasını zəruri hala çevirməkdədir. Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi isə Ankaranı yeni enerji idxalı və nəqli vasitələrinin axtarışına məcbur edir. Polşa və Türkiyə üşün də Rusiya ilə olan gərgin münasibətlər əsas bağlantı nöqtəsinə çevrilməkdədir. Artıq hər iki dövlətin bölgədəki güclü siyasi fiqura çevrilməsi gerçəkləşmiş fakt olaraq qəbul edilməlidir. İki ölkə arasında əsas bağlayıcı güc olaraq Azərbaycan çıxış edir. Bu alyansın əsas təhlükəsizlik halqası olaraq da Odessa-Brodı-Qdansk boru xətti çıxış edir. Həm Polşa, həm də Ankara bölgədə əsas enerji mənbəyi rolunu oynamaqda qəraralı görünürlər. Bizə görə bu siyasi təşkilatın meydana gəlməsi sadəcə vaxt məsələsidir. Türkiyə, Azərbaycan və Polşa arasında mərkəzi bağlayıcı halqa olaraq Ukrayna kimi ölkənin yeri inkaredilməzdir. Rəsmi Kiyevin həm Bakı, həm də Ankara ilə çox isti və səmimi münasibətləri mövcuddur. Bizə görə Kiyev bu alyansın mərkəz bölgəsində bağlayıcı faktor olaraq çıxış edə bilər. Yaxın zamanda Ukrayna Rusiyanın ekspansiyasında real olaraq nə AB, nə də NATO qoruya bilmə gücünə və iradəsinə malik deyillər. AB və NATO ölkələri rəhbərlərinin Kiyevə verdikləri dəstək isə boş-boş bəyanatlar və vədlərdən ibarətdir. Rusiyanın Ukraynaya və Gürcüstana müdaxiləsi isə bu ölkələrin NATO-ya daxil olmasını geniş perspektivdə mümkünsüz edir. Hal-hazırda Gürcüstan, Moldova və Ukrayna AB-yə daxil olmağa cəhd etsələr də Moskva kiçik çaplı hərbi əməliyyatlarla bu dövlətləri şikəst edərək bu addımdan çəkindirməyə cəhd edə bilər. İngiltərənin AB dən çıxma prosesinə başlaması isə bu təşkilatın gələcəyinin də sual altında olduğunu deməyə imkan verir. Onda alternativ olaraq bu ölkələr başqa hərbi siyasi alyanslara sığınmağa məcbur edilə bilərlər. Maraqlıdır, ilkin mərhələdə bu tip bir ittifaqın hansı müsbət tərəfləri ola bilər? Yeni ittifaqın müsbət tərəfləri üzv olan ölkələrin milli təhlükəsizliyinin güclənməsi və siyasi inamının artması; Rusiyanın bu ölkələrə qarşı apardığı siyasi, ticari, informasiya müharibəsinin qarşısının alınması; bu ölkələrin beynəlxalq arenada yerinin və rolunun güclənməsindən ibarət ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi bu alyansın ilkin mərhələdəki əsas rolu hibrid savaşlarının qarşısını almaq olacaq. Hal-hazırda isə bu ölkələr Moskvanın qarşısında demək olar ki, müdafiəsiz vəziyyətdərilər və Qərb aktiv olaraq onları müdafiə etmək istəmir. Bəs, Baltikdən Qara dənizə qədər olan sahədəki dövlətlərin hərbi-siyasi pakt bağlamaları hansı maddələri əhatə edə bilər? Bunlar isə iqdisadi və siyasi sanksiyaların tətbiqi və koordinasiyası; silah-sursat yardımı; hərbi birliklərin ölkələrin ərazisində sərbəst hərəkət etməsi; nəqliyyat və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq; strateji və kəşfiyyat məlumatlarının mübadiləsi; birgə hərbi texniki əməkdaşlıq; beynəlxalq informasiya sahəsində birgə hərəkət etmək; hərbi mütəxəssislər arasında mübadilə ; transmilli iqtisadi , maliyyə, dövlət qurum və şirkətlərinin təşkilindən ibarət ola bilər. Ankara ilə bərabər Moskva ilə problem yaşayan bir çox post-sovet və Şərqi Avropa ölkəsi bizə görə böyük istəklə bu ittifaqa üzv ola bilərlər. Bu alyansa Türkiyə, Polşa, Azərbaycan, Belarus, Ukrayna, Latviya, Litva, Estoniya, Çexiya , Macarıstan, Rumıniya, Bolqarıstan, Gürcüstan , Moldova kimi ölkələr daxil ola bilər. Çünkü bu ölkələrin siyasi elitaları müəyyən dərəcədə Moskvanı özləri üçün təhlükə hesab edirlər və bu təhlükədən yayınma yollarının axtarışındadırlar. Bu bir faktdır. Budapeştdə, Riqada, Tbilisidə, Praqada bir ziyalıya " ölkəniz üçün təhlükə qaynağı haradır" sualını versəniz 99% "Rusiya" cavabını alarsınız. Məsələn, hal-hazırda Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sazişi mövcuddur. Bu iki ölkə son zamanlar Gürcüstanla hərbi sahədə işbirliyini genişləndirir və birgə hərbi təlimlər keçirirlər. Bakı İsraillə hərbi texniki əməkdaşlığı gücləndirir, bu isə yeni əməkdaşlıq sahələrinin meydana gəlməsi üçün zəmin yaradır. Bu əməkdaşlıqdakı təcrübənin digər üzv ölkələrlə gələcək mübadiləsi hər kəs üçün çox faydalı ola bilər. Bu ölkələrin mənafelərinin ümümiliyinin qavranması isə gələcəkdə daha mütərəqqi hərbi -siyası elitaların meydana gəlməsi üçün də əvəzsiz rol oynaya bilər. Bağlayıcı faktorlardan biri də bu ölkələrdə yaşayan diaspora nümayəndələri də ola bilər. Məsələn, Ukraynada 50, Gürcüstanda 500 min azərbaycanlı yaşayır, Türkiyədə 1 milyondan çox Krım türkü və gürcü əsilli vətəndaş yaşayır, Ukraynada 100 min macar , 200 min polyak və 80 min rumın yaşamaqdadır, bu milli təmsilçilər ölkələrin arasındakı dostluq və əməkdaşlığın inkişafında əsas rolu oynama imkanına sahibdirlər. Rusiyanın istər Türkiyə, Polşaya, istərsə də Baltikyanı respublikalara qarşı apardığı siyasət Moskvanın bir çox sahədə güvənilən bir tərəfdaş olmadığını göstərir. Bu amil də adıçəkilən ölkələri bir- birinə yaxınlaşmağa vadar edir. Ukrayna prezidentinin 2016-cı ilin mart ayında baş tutan Ankara səfəri zamanı iki ölkə arasında təhlükəsizlik və hərbi sahə də daxil olmaqla 21 maddəlik bir anlaşma imzalandı. Bu növ sazişlərin imzalanması bizim bəhs etdiyimiz ittifaqın gələcəkdə təməl daşları kimi çıxış edər, belə bir ittifaqın meydana çıxması Kremlin bölgədəki ekspansiyasının ciddi şəkildə qarşısını ala bilər. 

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00