Belarusun Silahlı Qüvvələrinin baş qərargah rəisi Azərbaycana gəlib
Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarusun müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.
13 İyul 2016 15:07 SosialMüdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarusun müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, hər iki ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Qonaqları salamlayan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. "Əminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcəkdir. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "АDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaqdır". N.Sadıkov bildirib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnanırıq ki, Belarus Respublikası bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək". Sonda ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.