Nikah, boşanma və aliment
Dövlətin və hüququn mövcud olduğu cəmiyyətlərdə nikahın pozulması problemi həmişə və bütün dövlətlərdə olmuş, alimlər məsələnin həlli ilə bağlı həmişə izahlar axtarmış, nikah ittifaqının möhkəmlənməsinə çalışmışlar.
13 İyul 2016 13:20 SosialXoşbəxt o adamdır ki,onun ailəsi var!
Əvvəli ötən sayımızda
Dövlətin və hüququn mövcud olduğu cəmiyyətlərdə nikahın pozulması problemi həmişə və bütün dövlətlərdə olmuş, alimlər məsələnin həlli ilə bağlı həmişə izahlar axtarmış, nikah ittifaqının möhkəmlənməsinə çalışmışlar. Müxtəlif zamanlarda cəmiyyətlərdə boşanma problemləri müxtəlif cür həll edilmişdir. Millətlərin birində boşanma ər və arvadın iradəsindən asılı olurdusa, digərlərində belə halların qarşısını almağa kompleks xəbərdarlıq tədbirlər sistemi həyata keçirilirdi. Lakin, elə xalqlar da olub ki, ailə qadınla kişinin ömürlük ittifaqına çevrilmişdir. Ərlə arvadın qəbir evinə qədər olan ömrü onların bir-birilərinə qarşı səbr nümayiş etdirməsi, ailənin qorunmasına dayaq olurdu. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, Böyük Britaniyada 1857-ci illərdə nikahın pozulması yalnız parlamentin qərarı ilə mümkün idi. Boşanmalarda üstünlük hüququ uzun müddət özünü ər-arvad ittifaqında xoşbəxt hiss etməyən kişilərə verilirdi. Buna rəğmən XX əsrin ortalarında İngiltərədə boşanmaların sayı 10 dəfə artmışdı.1947-ci ildən başalyaraq İngiltərədə boşanmalarda daha çox favoritlik edən qadınlar idi. Qanunvericiliyə görə nikah bağlanandan 1 il sonra onun pozulmasına dair cütlüklərdən biri müraciət edə bilərdi. ABŞ-da XIX əsrdən başlayaraq boşanma məhkəmə qaydasında pozula bilərdi. Əgər kişinin günahı daha çox sübuta yetirilirdisə o, uşaqları tərbiyə etmək vəzifəsindən məhrum oluna bilərdi. Keçmiş SSRİ qanunvericiliyinə görə (1966-cı il) boşanma sadələşmiş prosedurda həyata keçirilirdi. Belə ki, himayəsində azyaşlı uşaqları olmayan ailələrin və hər iki tərəfin (ər və ya arvadın) razılığı nəticəsində nikahların pozulması faktları iki dəfə artdı. SSRİ ABŞ-dan sonra bu sırada ikinci yerdə dururdu. Hazırda boşanma hallarının qarşısını almaq məqsədilə ABŞ-da - 23 ştatda ər- -arvadın qarşılıqlı xəyanətini qadağan edən qanunlar var. Belə qanunlar əhalinin müəyyən qisminin rəğbətindən kənar olsa da, nikahın mühafizəsinə yönəldilmişdir. İslam hüququ mülki nikahı (kəbinsiz, müasir anlamda qeydiyyatsız) haram edir, hər iki tərəf üçün zinakarlıq hesab edir, doğulan uşaqları isə "vələdə zina" -zinadan əmələ gələn övlad(oğul) kimi dəyərləndirir və belə uşaqların gələcək həyatlarında idarəçiliyi şeytan həyata keçirir. Boşanma halları faktiki olaraq bütün inkişaf etmiş ölkələrdə baş verir. Avropada nikaha daxil olanların 30%-i boşanma ilə sona çatır, ayrı-ayrı ölkələrdə bu faiz daha çoxdur. Məs: 23 iyun 2016-cı il tarixdə Aİ-dən çıxmağa qərar vermiş Birləşmiş Krallığın əhalisi arasında, İsveçdə, Belçikada bağlanan hər ikinci, Almaniyada hər üçüncü nikah xitamla nəticələnir. Boşanmaların intensiv xarakter daşıması bağlanan nikahların davamlı olmasını ciddi şəkildə əngəlləyir. Ümumilikdə Avropada nikah müddəti cütlük üçün 4 ilə qədər dövrü əhatə edir. RF-nın statistikasına görə 1999-2002-ci illər ərzində nikaha daxil olmuş cütlüklərin 60%-i birgə təsərrüfata və ittifaqa xitam vermişlər. Tədqiqatçılar bunu ölkədəki iqtisadi şəraitlə, defolt, doğum ətrafında mövcud siyasətlə bağlayırlar. XX əsrin ortalarından başlayaraq əhalinin boşanmaya olan münasibəti dəyişir. Əksər insanlar ər-arvad arasında münasibətlərin pozulmasına faciəvi, ləyaqətin və şəxsiyyətin alçaldılması, baş aşağılıq gətirən hal kimi baxmırdılar. Amerika əhalisinin artıq 37%-i boşanmanı adiləşdirib, Avstraliyalılar bu mövzunun müzakirəyə çıxarılmasının ümumiyyətlə əleyhinədirlər (əgər uşaqları yoxdursa). Etiraf etməliyik ki, boşanmanın əleyhinə olanlar da çoxdur. Əgər Amerikalıların 37%-i boşanmanı adi hal kimi qəbul edirsə, 42%-i boşanmanı rədd və bunu hər iki tərəf üçün "damğa" (kleymo) hesab edirlər. Amma uşaqlara olan qayğı və məhəbbətin simvolu olaraq nikahda olan 31%, qadın və kişilərin 28%-i "uşaqların maraqları naminə ailəni qorumaq lazımdır" fikrinə üstünlük vermişlər. Daha maraqlı fikirlər də var: Rusiyalıların 71% qadınları və 64% kişiləri boşanmanı vəziyyətdən çıxış yolu hesab edirlər. Ailənin sonrakı inkişafı mümkün deyilsə, uşaqların tərbiyəsi ilə iki nəfərin məşğul olmasına ehtiyac varsa belə, bir nəfər də bu işin öhdəsindən gələ bilər - qənaətinə gəlirlər. Britaniyalıların 63%-i bununla razılaşırlar. Nəticə etibarı ilə sosioloq və hüquqşünaslar boşanmanı sosial institutun yoxa çıxması və nikahın böhranı adlandırmışlar. Boşanma ailə-nikah münasibətlərinin ayrılmaz atributudur. Digər tərəfdən boşanma müasir ailə-nikah sisteminin mühüm elementi kimi, real, bərabər hüquq və azadlıqlara malik cütlüyün (iki cinsin) xarakterindən, iradə zəifliyindən irəli gələn sosial bəladır: "Qənaətimə görə boşanma hallarından qaçmaq da mümkündür. Buna təsir edən faktorlar cəmiyyətin mikro və makro səviyyəsinin fəal tendensiyalarının məhsuludur. Şəhər əhalisinin yüksələn xətlə artımını bu faktorların sırasına daxil etmək olar. Tədqiqatlara görə kəndlərdə yaşayanların 50%-i şəhərlərdə həyat sürürlər. Necə deyərlər şəhərdə yaşayanların 50%-ni kəndlərdən gələnlər təşkil edir. Amma qaydalara görə bu tərkib 10-15%-dən artıq olmamalıdır. Şəhər həyatının sakinləri qonaqlardan ibarət artdıqca sosial nəzarətin dairəsi daralır. Şəhər həyat tərzinə sahib olma cəmiyyətdə bəzən normaların məcrasından çıxmasına, dəyişilməsinə, dəyərlərin itməsinə gətirib çıxarır. Bu, şəxsiyyətə və cəmiyyətə təsirsiz ötüşmür. Zənnimcə böyük şəhərlər cəmiyyət üçün bəlalar gətirir. Boşanma və cinayətkarlıq belə bəlalardandır. Bu səbəbdən kənd yerlərindəki boşanmaların sayı şəhərdə baş verənlərlə müqayisə oluna bilməz. Şəhərdə boşanma həyat norması kimi artıq qəbul olunur. Bu hal, şəhər həyatının 50%-ə qədərini təşkil edən kəndlilərə təsir edir, ictimai nəzarət və qınaq əhəmiyyətini itirir, qonşunun, qohumun qızı ilə nikaha daxil olanlar üçün şəhərdəki həyat tərzindən sonra boşanmaya adi hal kimi baxılır, onu özünə ar bilmir, heç kimə əhəmiyyət vermədən həyatını yaşayır. "Mən azad və müstəqiləm" deyir. Bu baxımdan boşanma həyatın normasına çevrilir (çeviririk). Qadınların iqtisadi və sosial baxımdan kişidən asılı vəziyyətdə qalması boşanmaya imkan verən problemlərdəndir. Təhsil səviyyəsinə görə fərq, qadınların işə az cəlb olunması, məşğulluq məsələsinin həllində yubanmalar da səbəblərdəndir. Cütlüklərdə emosional vəziyyət, təhsilin səviyyəsi, iqtisadi ehtiyatların olmaması boşanmalara təsir edir". Bəzi alimlərin araşdırmaları belə qənaətə gəlməyə əsas verir ki, 20-30 yaşda bağlanan nikah o qədər də stabil olmur. 20 yaşa qədər bağlanılan nikah ittifaqı sosial baxımdan "kal meyvə" kimi, məsuliyyət hissi aşağı olduğuna görə o qədər də uğurlu olmur. Digər tədqiqatçı alimlərin nəzərinə görə 30 yaş və 30-dan yuxarı yaşda bağlanılan nikahlar şəxsiyyətin formalaşdığı, həyatı, ailəni anlaya bilən şəxslər arasında bağlandığından uğurlu olur. Cütlüyün ailə həyatını qohumların, yaxınların məsləhətləri əsasında bağladıqları müqavilələr də bəzən ailə həyatını davamlı etmir. Ər (arvad) bəzən bədii ədəbiyyatlar əsasında ailə modelini qururlar, modelə müxtəlif yanaşmalar ziddiyətli davranışlarla davam edir. Bəzən də yeni ailə modeli valideynlərin artıq əhəmiyyətini itirmiş ailə modelinə uyğun qurulması uzun sürmür. Ailədəki büdcənin maddi tələbatın ödənilməsinə cavab verməməsi, aztəminatlı və gənc ailələrə sosial müavinətin ailənin bazar səbətinə uyğun ödənilməməsi qadınları bir və ya iki uşaqla boşanmasına zəmin yaradır. Məs: ABŞ-da, Böyük Britaniyada, İsraildə himayəsində azyaşlı uşaqları olan ailələrə ayrılan aylıq yardımın məbləği ailəni saxlamağa kifayət edir. Sosial yardımlar qadına tərəf müqabili ilə həyat yolunu davam etməyə imkan verir. Ayrılmış cütlüyün müəyyən yaş həddinə çatmış uşaqları da əksər hallarda həyatını valideynlərinin həyatına bənzər qurur. Onun bildirdiyinə görə, boşanmaya təsir edən faktorlardan biri də cütlüyün nikaha qədər bir-birini qısa vaxt ərzində kifayət qədər tanımamasıdır: " Nikahın ilk ayında gənclərdə belə bir fikir formalaşır ki, onların həyatı uzun sürməyəcək,lakin belə düşüncələrdən qurtulmağa qabiliyyət və bacarıqları yetərincə olmur. Cütlüklərin birində və ya hər ikisində nəslin artırılması üçün fizioloji və bioloji imkanların tükənməsi və ailə xəyanəti boşanmanın təkzib olunmaz faktorlarındandır. Yalan dünyada həqiqət daha güclü olmalıdır. İnsan özünə xas dəyərlərin qədrini, bu günün yeni və mütləq ideyaların lakomotivi olduğunu bilməlidir. Həyat hər an hər birimizi etibarsızlığa, etimadsızlığa və xəyanətə sürüklərkən özümüzdə güc toplayıb ona "yox" deməyi bacarmalıyıq. Özünütəsdiq yalnız bu proseslərə zidd olanlara qarşı durmağı bacarmaqdır. Çağa səsi gələn hər ocaq, dünya səadəti bəxş edən bir saraya bənzər. Onu qorumaqla ailənin davamlılığı təmin olunur. Hər bir ailənin ssenarisi Aləmlərin Rəbbi tərəfindən yazılır. Səbr edək. Səbr ilə yetişən meyvənin dadı şəkər olur".
Alim