Ağstafada 4 avtomobil körpüsü inşa olunur
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir.
12 İyul 2016 16:09 Sosial"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir. Vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3 ədəd, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 ədəd körpünün inşası davam etdirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir. Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 119 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.
Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb. Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edəcək.