Nikah, boşanma və aliment
İnsan cəmiyyətini ailəsiz təsəvvür etmək qeyri mümkündür. Ailənin mövcudluğu tarixən bioloji və sosial səbəblərlə şərtlənmişdir.
12 İyul 2016 13:38 SosialXoşbəxt o adamdır ki,onun ailəsi var!
İnsan cəmiyyətini ailəsiz təsəvvür etmək qeyri mümkündür. Ailənin mövcudluğu tarixən bioloji və sosial səbəblərlə şərtlənmişdir. Ona görə də ailə istənilən ictimai sistemin mühüm elementi kimi qəbul edilmiş, dövlət ailə məsələlərinin hüquqi tənzimlənməsindən imtina edə bilməmişdir. Amma nə etmək ki, ailənin ömrü həmişə insanın ömründən qısa olmuşdur. Bəzən insanlar yaşadıqları həyatı dövründə bir, iki, üç və daha çox ailə münasibətlərinə daxil olsalar da, ailəni - kiçik dövləti idarə etməkdə bacarıq və qabiliyyətləri çatmır. Necə deyərlər, nikahın, ailənin məsuliyyətini anlamayan cütlüklər qısa müddətdən sonra məhkəmələrə üz tuturlar. "Utanmasan oynamağa nə var ki, ?" zərb məsəlinə rəğmən ailə qurmazdan öncə hər iki tərəf yüz ölçüb bir biçməlidir ki, gələcəkdə peşmançılıq olmasın. "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, heç kim "daha bir yerdə yaşamaq mümkün deyil" situasiyasına düşməkdən sığortalanmayıb. Amma, ilk öncə nikahın pozulması təşəbbüsünə kişi bulunarsa düşünməlidir ki, bacısı var, qızı var. Hər xırda, sosial, həzm olunmayan çətinliklərə görə ailə deyilən kövrək ağacı qırıb atmaq birgə taleyə güllə atmaq kimidir. Dağıtmaq çox asan, ailəni qorumaq isə çox çətindir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrində ailə cəmiyyətin əsas özəyi, nikah könüllü razılıq kimi ehtiva edilir. Deməli cəmiyyət ailələrdən (ailənin üzvlərindən) ibarət olmaqla bütövlükdə xalqa - hakimiyyətin mənbəyinə, daha sonra isə dövlətin təməlini təşkil edən vahid yumruqda birləşməsidir. Bu vahidliyi də, dövlətin başçısı təcəssüm etdirir. Əgər, hər yeni ailə quran tərəflər bu konstitusion müddəanın anlamını başa düşsələr, şübhəm yoxdur ki, boşanma halları azalmağa meyl edəcək. Ədliyyə Nazirliyinin məlumatına əsasən 2015-ci ildə 68 985 nikah ittifaqı, nikahın pozulması üzrə isə 12 886 fakt qeydə alınmışdır. Birgə ittifaqın pozulması səbəbləri sırasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il bu səbəbdən 7318 nəfərin nikahı pozulmuş, ailə daxili zorakılıqlar nəticəsində 228, sonsuzluqla müşayət edilən səbəblərdən 609 boşanma faktı qeydə alınmışdır. Ötən il ərzində ailə xəyanəti üzrə 413, spirtli içkilərə aludəçiliyə görə 369, narkomanlıqla bağlı 171, çətin maddi duruma görə 302, xəstəliklə bağlı boşanmaların sayı isə 224 fakt olmuşdur. Nikahın rəsmi pozulması daha çox 25-35 yaş arasında baş vermişdir: "Keçmiş Azərbaycan Sovet Sosialist Respublikası dövründə kommunist ideologiyası ailəyə çox mühüm önəm verərdi. Əgər kommunist partiyasının üzvü xidməti pilləkənində irəli çəkilirdisə anket məlumatlarında onun "ailə vəziyyəti" məsələni həm "həll", həm də "rədd" edə bilərdi. Məs: hakim vəzifəsinə irəli çəkilən hüquqşünas subaydırsa büro "təyinata" yox deyərdi, boşanmışsa bir az da pis. Mənaca əgər ailəsini qoruya bilməyən hakim sosial ədalətin bərpası üzrə məsələlərə baxmaqda mənəvi haqqı ola bilməzdi. Boşanma məsələlərinə çox həssas və ciddi yanaşılırdı. Hakimlər daha çox ailənin qorunmasına çalışmalıydılar. Kommunist partiyasının bu istiqamətdəki ideologiyası sosial ədalətin bərpasına sanki dəstək verirdi. Partiya üzvlərinin etik davranışları həmişə diqqətdə və nəzarətdə saxlanılırdı. Müasir Azərbaycanın ailə qanunvericiliyində nikahın pozulması barədə ərizə məhkəməyə daxil olduqdan sonra tərəflər boşanmağa razılıq verərlərsə (əgər himayələrində azyaşlı uşaqları və əmlakın bölünməsi ilə bağlı və s. mübahisələr qalxmırsa) məsələ həllini tapır. Yox, əgər tərəflərdən biri nikahın pozulmasına razı olmursa, hakim 3 ay möhlət verir. Müddət bitdikdən sonra, barışıq olmamışdırsa hakim nikaha xitam verir. Nikahın bağlanması nə qədər sadə və adi hal kimi tez başa gəlirsə, bir o qədər də məhkəmə baxışı sadə və iyrəncdir. Toy ərəfəsində hər iki tərəfin şahidləri izdihamın gözü qarşısında "parıldayan" barmaqları ilə birgə təsərrüfata imza atırlar, şahidlər isə cütlüyün evliliyinə zamin dururlar. Amma boşanma prosesində hər iki tərəfin yalnız müdafiəçiləri - nümayəndələri iştirak edirlər. Bu qədər sadə və adi imiş ailə həyatı. Heyhat, yenə heyhat". Hüquqşünasın qeyri-adi müqayisəsi bəlkə də boşanmanın qarısını ala biləcək ən təsirli vasitələrdən biri kimi qəbul edilə bilər: "Banklar da kredit verdikləri zaman zaminlik institutundan sui-istifadə edərək kredit alanın imkanlarına baxmadan, zamin varsa krediti verir. Sonra zamin duranı çəkirlər məhkəmələrə. Axı, zamin duranın nə günahı? Pulu alan qalır kənarda, düşürlər zaminin üstünə. Dərd burasıdır ki, Konstitusiya Məhkəməsi də buna aydınlıq gətirmir. Amma nikah bağlanan zaman şahidlik edənlərə qarşı belə tələb qoyulmur. Ailə banklardan azmı əhəmiyyət kəsb edir? Məsələ bununla bitmir. Nikah pozulduqdan sonra azyaşlı uşaqlara, keçmiş arvada (ərə) alimentin kəsilməsi və onun alınması da problemə çevrilir. Alimenti ödəməyənlərə qarşı ciddi mübarizə başlanır. Hüquqi məntiq isə boşanan ərə qarşı yox, boşanmanı doğuran səbəb və şəraitin qarşısını almağa qarşı mübarizənin gücləndirilməsinin tərəfindədir. Bu olmayanda, ikincinin ətrafında çəkilən zəhmət fayda verməz. Bəzən aylar və illlərlə keçmiş ərin (arvadın) doğmaları bir-birilərinə qarşı müxtəlif instansiyalara vaxt aparan vecsiz şikayətlər yazırlar. Deməli, ailə institutu hələ sivil deyil. Cütlüklər çox vaxt həyatın kal meyvəsi kimi tez dərildiyinə görə dəyəri olmur". Onun qənaətinə görə, boşanmağa təsir edən problemlərdən biri ərin (arvadın) valideyinlərinin, qohumlarının qonaq gəlməsinə, nəvələrlə ünsiyyət saxlanılmasına əngəllərin olmasıdır. Boşanmadan sonra keçmiş ərin heç yerdə işləməməsi alimentin ödənilməsini dayandırmasa da, işləməyən aliment ödəyicillərinin bacarıq və peşəsinə uyğun işlə təmin olunmasının qayğısına qalmaq lazımdır. Alimenti ödəyə bilməyənləri inzibati qaydada həbs etmək və yaxud onun əmlakının aliment xətrinə hərraca çıxarılması alimenti ödəməyənlərə qarşı mübarizə üsulu və vasitəsi deyil. Bu cür yanaşma narkoman vətəndaşın müalicəsi əvəzinə onu həbs etməyə bərabərdir: "Qənaətimə görə hökumətin alimentlə bağlı fondu olmalı, obyektiv səbəblərdən alimentə ehtiyacı olan ailələrin ehtiyacını bu fondan ödəməklə sivil, demokratik və hüquqi dövlətin ümumi prinsiplərinin canlı təcəssümü olardı.Narkomanı həbsxanada saxlamaqla müalicə olunmadığı kimi, alimenti ödəməyəni də azadlıqdan və yaxınlarından, iş tapmaq imkanlarından məhrum etməklə alimenti alan arvada heç nə verilmir". Hüquqşünas hesab edir ki, boşanma zamanı yaranan digər problem, nikah pozulduqdan sonra ərin və yaxud arvadın uşaqlarla ünsiyyət saxlaya bilməməsidir. Qanun bu məsələni hüquqi baxımdan tənzimləsə də, tərəflərin həddini aşması, qanunlara arxa çevirməsi ədavəti qızışdırır. Uşağın atasız (anasız) böyüməsi orta məktəbdə, institutda "valideynsiz uşaq" təəssüratını bağışlayır. Belə hallar uşağın tərbiyəsinə hədsiz dərəcədə sarsıdıcı təsir edir. Yeniyetmə ətrafına qarşı laqeyd, qayğısız, mərhəmətsiz olur. Vətən sevgisi ona yad olur. Ana və ata tərəfdən olan xala, bibi, dayı, nənə və baba məhəbbətləri ona bayağı görünür: "Narahatlıq doğuran başqa hal da var. Gənc cütlüklər boşandıqdan sonra alimentin "davası" bitməmiş tərəflərdən biri, ər (arvad) yeni ailə həyatının qurması ilə yeni "dava" başlayır. İkinci ailə həyatından sonra ailə tərkibindəki artım və əhəmiyyətli dəyişikliklər əvvəlki arvadına verilən alimentin miqdarının azaldılmasını hüquqi baxımdan zəruri edir. Yenə məhkəmələr.... Faktiki olaraq başqa cür məsələnin həlli mümkün olmur". Onun bildirdiyinə görə, Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı statistikada artımla müşahidə edilir. 2015-ci il ərzində boşanmış ailələrdə aliment işləri ilə bağlı faktların sayı 60565-ə çatmışdır. 2015-ci ildə alimentin ödənilməsindən imtinaya görə inzibati məsuliyyətə cəlb edilənlərin sayı 2174 nəfər olmuş, alimentin ödənilməsindən yayınmaya görə cinayət məsuliyyətinə (məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin icra olunmamasına görə) 233 nəfər cəlb edilmişdir: "Nikahın bağlanması təkcə ailə üçün deyil, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Nikahın hüquqi baxımdan rəsmiləşdirilməsi birgə təsərrüfatı fiksə edir, məhz nikah vasitəsilə cəmiyyət ailə-nikah münasibətlərinin inkişafına sosial nəzarəti həyata keçirir. Bəzi sosioloqların və hüquqşünasların təhlilinə görə son zamanlar nikah-ailə sosial institut kimi batan günəşi xatırladır. Əksər ölkələrin sosioloji təhlili belə deməyə əsas verir ki, qeyri-rəsmi yaşayan cütlüklərin uşaqları dünyaya gəldikdən sonra rəsmi nikaha daxil olsalar da, belə ittifaq uzun sürmür. Böyük Britaniya və ABŞ-da sosioloji tədqiqatların nəticəsinə görə qeyri-rəsmi yaşayan cütlüklər hüquqi cəhətdən nikah ittifaqını təsdiqlədikdən sonra birgə müşayət edilən ailə həyatı, ilk dəfə ailə quran cütlüklərdən o qədər də fərqli olmur.Boşanma hallarının, alimentlə bağlı müraciətlərin artımı nikahların azalmasına təsirsiz ötüşmür. Belə hallar ailə institutunda böhranın və durğunluğun olmasını təsdiqləyir. Boşanmaların əksəriyyəti yeni nikahlarla davam etsə də, belə ailələrdə qarşılıqlı anlaşma nadir hallarda olur".
Alim