Gəlinlik mağazasına hücümla bağlı yeni TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Bakıda salonlardan birində sifarişlə gəlinlikləri yararsız hala saldıran şəxs sərbəst buraxılıb.
11 İyul 2016 15:13 SosialBir neçə gün əvvəl Bakıda salonlardan birində sifarişlə gəlinlikləri yararsız hala saldıran şəxs sərbəst buraxılıb.
ANS TV bildirir ki, iyunun 26-da Azərbaycan prospektindəki gəlinlik salonunda 40-a yaxın gəlin paltarını sifarişlə məhv etdirən Leyla Ağayeva məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsi Leyla Ağayevanın ilk dəfə tutulmasını və digər məqamları əsas gətirərək ona güzəşt edib və istintaq nəzarəti altında sərbəst buraxılmasına qərar verib.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186-cı (özgənin əmlakını məhv etmə və ya zədələmə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bildirilir ki, hadisə qisas zəminində törədilib. Şəhərin mərkəzindəki mağazanın sahibi olan qadınla şəxsi münaqişəsi olan və onunla prinsip aparan Leyla Ağayeva tanışı Xaliq Həşimzadəyə gəlinlikləri məhv etməyi tapşırıb. İyunun 26-da Bakı şəhər sakini Sevinc Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş Xaliq Həşimzadə həmin vaxt ərazidəki təhlükəsizlik və müşahidə kameraları tərəfindən qeydə alınıb və bir neçə gün sonra o yaxalanıb. Xaliq Həşimzadə polisə bildirib ki, cinayəti ona tanışı, Bakı şəhər sakini Leyla Ağayeva sifariş verib.
Qeyd edək ki, zərərçəkən ona 100 min manata yaxın ziyan dəydiyini bildirmişdi.
Məsələ ilə bağlı Milli.Az-a müraciət edən və özünü Leyla Ağayevanın yaxını kimi təqdim edən şəxs bir sıra məqamlara aydınlıq gətirib.
"Leyla Ağayevanın bu məsələdə günahkar olub-olmaması məsələsinə toxunmuram. Çünki məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (hökmü) olmadan kimi isə cinayətkar adlandırmaq düzgün deyil", - söyləyən xanım dəymiş ziyanla bağlı zərərçəkənin dəqiq məlumat vermədiyini iddia edir:
"Bəzi məsələlərə dair fikrimi bildirmək istəyirəm.
Qurbanova Sevinc Eynulla qızı bütün mediaya məlumat verib ki, 100 000 (yüz min) manat həcmində ziyana düşüb. Əvvəlcə 150000, sonra 120000, son məlumatlarda isə 100 000 qeyd edilir. Hansı ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2016-cı il tarixli Məhkəmə Ekspertizasının 14580/81 saylı rəyinə görə, gəlinliklərin üzərindəki ləkələr kimyəvi təmizləmə yolu ilə asanlıqla təmizlənir və 33 ədəd paltarın hər birinə 50 manat kimyəvi təmizlənmə pulu hesablanaraq ümumi zərər cəmi 1650 manat təşkil edir. Ekspertiza zamanı boya ləkələrinin kimyəvi tərkibi tam yoxlanılıb və asanlıqla təmizlənir.
Yəni zərər 150000 deyil, 1650 manatdır.
İkincisi, ehtimal edirik ki, Sevinc xanım təkrar ekspertizanın keçirilməsini tələb edə bilər. Məlum məsələdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində kifayət qədər təcrübəli mütəxəssislər çalışır və boyanın tərkibinin yoxlanılması kimi sadə bir ekspertizanın aparılmasında yalnışlığa yol verilməsi mümkün deyil. Boyanın kimyəvi tərkibi öz-özünə dəyişəsi deyil. Amma nəzərə alınmalıdır ki, hal-hazırda ləkəli paltarlar Sevinc xanımdadır.
Üçüncüsü, hətta ləkələrin təmizlənməsi mümkün olmasaydı belə, zərərin qiyməti 150000 manat ola bilməzdi. Mediada göstərilən şəkillərdə cəmi 20-22 paltarın ləkələndiyi görsənsə də, Sevinc xanım 33 paltarın ləkələndiyini bəyan edib. Onların qiyməti bu qədər edirsə, onda belə çıxır ki, ümumi mağazada olan malların qiyməti bir milyondan artıqdır? Aydındır ki, paltarların ümumi dəyəri qat-qat aşağıdır. Bunu müəyyən etmək çox asandır.
Eşitdiyimizə görə, Sevinc xanım paltarların qiyməti ilə bağlı xaricdən alınma qəbzlərinə istinad edir. Lakin 150.000 manat pul vəsaitinin məhz bu gəlinlik palatarının alınması məqsədilə hər hansı bankdan xaricə köçürüldüyünü və ya hava limanında xaricə keçirilməsinin rəsmiləşdirilməsi haqda hər-hansı sənəd varmı?
- Məhz qiyməti 150.000 olan bu gəlinlik paltarının Azərbaycan Respublikasına gətirilməsini təsdiqləyən gömrük sənədləri varmı?
- Bu əməliyyat üzrə AR-sı qanunları ilə müəyyən edilən vergilərin ödənilməsini təsdiqləyən sənəd varmı?
- Həmin xanımın bu məbləğdə əmlaka sahib olması haqda Verglər Nazirliyinə verilmiş hesabat və qanuna əsasən, ödənilməli olan vergiləri təsdiqləyən sənədlər varmı?
Bəlkə də Sevinc xanımın paltarları belə yüksək qiymətləndirməsi təsadüfi deyil. Ola bilsin iqtisadiyyatda hamıya məlum olan vəziyyət onu bu addımı atmağa vadar edib. Həm də eşitdiyimizə görə, onun qardaşı Emenov Royal Eynulla oğlu özgəsinin əmlakını əldə etmək məqsədilə qrup şəklində soyğunçuluq-quldurluq etdiyinə görə həbs edilib".