Qarayara

Bu gün cəmiyyətdə ailə institutu ilə bağlı tarazlığın pozulması müşahidə olunur. Həmin natarazlıq qızlar arasında daha çox erkən nikahlar, oğlanlarda isə gec evlənmə ilə müşaiyət olunur. Atalar deyib ki, yuxudan tez oyananla tez evlənən uduzmaz.

Züleyxa NADİR

Qızlar yol gözləməkdən qarıyırlar...

Bu gün cəmiyyətdə ailə institutu ilə bağlı tarazlığın pozulması müşahidə olunur. Həmin natarazlıq qızlar arasında daha çox erkən nikahlar, oğlanlarda isə gec evlənmə ilə müşaiyət olunur. Atalar deyib ki, yuxudan tez oyananla tez evlənən uduzmaz. Bu deyimdə nə hikmət var, hansı məna gizlənib bilmirəm, amma bir az da həqiqət var. Və bir də o var ki, bu günkü reallıqdan baxsaq həmin deyimin ikinci hissəsi bir qədər təsirini itirmiş kimi görünür. Çünki cəmiyyətdə evlənmək yaşına çatanlar ailə qurmaqla bağlı, sanki, tilsimə düşüblər. Cürbəcür variantlarla, vasitələrlə bu tilsimi qırmağa cəhd edənlər üçün ömür su kimi keçib gedir. Bir vaxt ayılırlar ki, yaş 30-u keçib. Bu yaşdan sonra yaranan problemlər ailə qurmaq planlarını elə üstələyir ki, insan ruhdan düşür. Söhbət kişilərdən, gənc oğlanlardan gedir.

Hər şey vaxtında gözəldi. Vaxtsız açan çiçək tez solur, şaxta vurandan sonra dirçələn qönçənin isə ətri olmur. Bu, cəmiyyətdə də özünü eyni formada əks etdirir. Son illər erkən nikahların fəsadları azmış kimi, rəsmi nikaha girənlərin, qanuni ailə quranların sayında da ilbəil azalma özünü göstərir. Bir neçə gün əvvəl rəsmi statistik məlumat KİV- də yayımlandı. Həmin məlumata görə, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb. Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub. 2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Qanunla Azərbaycanda nikah yaşı oğlanlar və qızlar üçün 18 nəzərdə tutulub. Amma illərin təcrübəsi göstərir ki, oğlanların çoxu 28, bəzi qızlar isə 24-25 yaşda evlənməyə üstünlük verirlər. Bu, məncə, normaldı və 10-15 il əvvələ kimi belə idi. Yəni o vaxt gənclər vaxtında ailə

qururdular. Bir çox çətinliklərin üstündən də asanlıqla keçir, bəzi gərəksiz problemə tərəf baxmırdılar. İndi isə yuxarıdakı məlumatdan görünür ki, ailə institutunda çat yaranıb. Evlənmə yaşı "qocalıb", oğlanlar 30-35 yaşdan sonra ailə qurmağa vaxt tapırlar. Bunun nədən belə olduğunu anlamaq üçün kifayət qədər səbəb sadalamaq olar.

Bir çox hallarda ali təhsil almaq, təhsilin daha yuxarı pilləsinə nail olmaq, sonra da işsizlik problemi kimi hallar uzun vaxt apardığı üçün gənclər evlənib ailə qurmağı unudurlar. Ona görə də evlilik ikinci planda yer alır - bu, həm oğlanlara, həm də qızlara aiddir. Bəzən də adama elə gəlir ki, gənclər evlənməkdən qorxur, çəkinir, ailə qurmağı problem hesab edirlər. Yaxud da həyata atıldıqları andan qarşılarına elə sədd çıxır ki, onu aşmaqda çətinlik çəkirlər. Bəlkə də düşünmək olar ki, gənclər özlərini evliliyə hazır hesab etmirlər, ya da azadlıqlarını əldən vermək istəmirlər. Bütün hallarda sosial bəlanın zəif bəndinı dönən boşanmalarla müşaiyət olunan çoxlu sayda uğursuz evliliyin kökündə bu günün, zamanın olduqca cazibadar görünən "eybəcərlikləri" dayanır.

Ailə məsuliyyətini daşımaqdan qorxan kişilərin özlərinə inamsızlıqları və maddi vəziyyətini istədiyi kimi qarşılaya bilməməsi onları vaxtında evlənməkdən çəkindirir. Bir çoxları da düşünür ki, evlənsələr dostlarla vaxt keçirmək əldən gedəcək, tay-tuşlarından uzaqlaşacaq, yaxud da toydan sonra sevgi bitəcək, xoşbəxtlik olmayacaq. Düşünürlər ki, ağır bir yük olan ailə başçısı rolunun öhdəsindən gələ bilməyəcək, problemlər üstünə yeriyəndə özlərini itirəcəklər. Qızlar ayrıca evi, avtomobili, pullu işi olan oğlanlara meyl edirlər. Ən çox da ali təhsilli qızlar maddi cəhətdən valideynlərindən asılı olan oğlanlarla ailə qurmaqdan çəkinirlər. Müşahidələrdən əldə etdiyim şəxsi qənaətim belədir ki, bəzi oğlanlar, yaxud da qızlar seçim qarşısında qalırlar. Düşünürlər ki, sevə biləcəkləri adam onun kriteriyalarına cavab verə bilmədiyi üçün beləsi yoxdu. İllərlə axtarırlar, qarşılarına ideal birisinin çıxacağına ümid edərək ömrü yelə verirlər, yaş isə öz işini görür. Elə ailələr də var ki, övladlarının sevib-seçdiyi biri ilə ailə qurmasına mane olur, yalnız onların gözaltı etdikləri namizədlə evlənmələrini tələb edirlər. Bunun da nəticəsi yaxşı olmur, xüsusilə də oğlanlarda arzu olunmayan hal yaranır. Qızlar isə sözəbaxanlıqları ilə əkscinslərindən fərqlənirlər. Bəzən erkən nikaha girir, bəzən də 18 yaşı tamam olan kimi valideynlərinin istəyinə boyun əyirlər. Çox vaxt oğlanlar depressiyaya düşür, həyatdan küsürlər, baş götürüb ölkədən qaçırlar. Bax, bundan sonra faciənin ikinci hissəsi daha qabarıq surətdə

özünü büruzə verir. Ən çox da Rusiyaya gedən oğlanlar ordakı qadınlarla gün keçirir, az bir qismi rəsmi ailə qurur. Arxada qoyduğu qızlar yol gözləməkdən qarıyırlar...

Ölkədən kənara çıxa bilməyənlər isə burda yaşına və sosial statusuna uyğun olmayan birisi ilə "eşq macərası" yaşayırlar. Onların öz ailəsindən və çevrəsindən gizlətdikləri bu qadınlar bir çox hallarda ərdən boşanmışlar olur. Belə qadınların zəngin "sevgi təcrübəsi" olduğu üçün özünə cəlb etdiyi gənc oğlanı uzun müddət yanında saxlaya bilir. Ən pisi də odur ki, bu cür oğlanlar ismətli, iffətli qızları bəyənmir, yuxarıdan aşağı baxır, yüz cür bəhanə tapırlar ki, evlənməsinlər. Bu hal cəmiyyətdə bir xəstəlik olub get-gedə artır, qarayara kimi kök salıb qanı zəhərləyir.

Əvvəldə sadaladığım səbəblərdən gec evlənənləri bir az başa düşmək olar, yaxud da digər obyektiv və subyektiv məsələyə hansı məqamdasa haqq qazandırmaq mümkündü. Amma gənc bir oğlanın, cavan kişinin öz qürurunu ayaqlaması, ailə əxlaqını heçə sayması bağışlanılan deyil. Gələcəyini düşünməmək, həyatını doğmaları tərəfindən haqlı olaraq qəbul olunmayan birisinə qurban verməyin adı ağılsızlıqdan çox, vecsizlik, məsuliyyətsizlik, düşüncəsizlik, ailə dəyərlərinə çirkab atmaq, ailə institutunun bönövrəsini laxlatmaqdı. Kişi olmaq o deməkdi ki, o, yaxınlarının, doğmalarının köməyi, arxası, dayağıdır. Sabah bir ailənin himayəçisi olmaq üçün 9 ay ana bətnində yetişib, gözünü bu dünyaya açandan sonra ana südü içib, bu yaşa çatana kimi ata tərbiyəsi alıb. Bütün bunları sonu olmayan bir heçə fəda etmək təkcə həmin kişinin problemi deyil, bu, həm də cəmiyyətin faciəsidir.

Bu gün doğulan uşaqların çoxu oğlan uşaqlarıdı. Qız uşağı ana bətnindəykən məhv edilir - analar, həkimlər qatilə çevrilirlər. Belələri haqlı olaraq qınanılır. Dünyaya göz açmamış övladın qatilinə çevrilməyin səbəbləri çoxdur. Bəlkə də ən böyük səbəbi məhz bu faktordu: vaxtında ailə qura bilmədiyindən qızların qarıyıb evdə qalması. Bir çox analar bunu faciə hesab etdiklərindən öncədən qarşısını almağın yolunu abortda görür, yaxud da qızlarını dar çərçivədə böyüdərək kənara çıxmağa qoymurlar. Halbuki qızın azadlığı mütləqdi, həm də vacibdi. Bu halda o, sərbəst düşünməyi bacarır, atdığı addımların səmtini düzgün təyin edir, ailə quranda da ağıllı seçim edir. Oğlanın azad olması isə gələcək ailənin xoşbəxtliyini şərtləndirən ən başlıca amildir. Faciə odur ki, çoxları bu azadlığı başqa cür düşünürlər. Gəncliyin ali dəyərlərini mənasız əyləncəyə, özündən yaşca çox böyük qadınlarla vaxt keçirməyə, "eşq macərası" yaşamağa xərcləyirlər. Ki...nəticədə də qarşıya çıxan çoxlu sayda uğursuzluqlar, problemlər qarayara olub bir-iki

nəfərə deyil, bütövlükdə cəmiyyətə, onun ali dəyərlərinə zərbə vurur, həmçinin millətin sabahını təhlükəyə atmış olur. Həmin kişi yalnız 35 - 40 yaşında özünə gəlir və ziyalı, yüksək səviyyəli bir qıza üz tutub normal ailə qurmaq istəyir. Bir çox hallarda bu istəyi baş tutmur. Çünki keçdiyi həyat yolu qızlarda ona qarşı güvənsizlik, sevgisinə inamsızlıq yaradıb.

Əvvəldə də dediyim kimi indiki zamanda oğlanların 25-28 yaş arası evlənməsi idealdı, bu şərtlə ki, evləndiyi qızın da 23-25 yaşı olsun. Bu yaşda ailədə dünyaya bir deyil, bir neçə uşaq gətirmək mümkündü, həm də sağlam olaraq. Amma 35-40 yaş genofondumuza təhlükədir. Çünki bu yaşda nəsilartırma zəiflədiyi üçün doğum hallarının azalması, yaxud da sonsuzluğun baş vermək ehtimalı çox yüksəkdi.

Sual oluna bilər ki, ölkədə sosial problemin bir qismini öz üzərinə götürən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü hansı işlərin adını çəkmək olar? Təbii ki, komitənin fəaliyyət dairəsi genişdir. Ailədə qarşıya çıxan çətinlikləri, tərəflər arasındakı narazılıqların aradan qaldırılmasını, qadınların və uşaqların problemlərini həll etməklə yanaşı, evlənməyə hazırlaşan cütlüklərə göstərdikləri diqqət və qayğıdan da kifayət qədər faktlar gətirib söz aça bilərəm. Təbii ki, komitə dövlət qurumu olaraq ailələrin çox olmasının, ər-arvad arasında sağlam və səmimi münasibətlərin hökm sürməsinin tərəfdarıdı. Amma 35-40 yaşlarında ailə qurmağa qadağa qoya bilməz ki? Buna Ana Qanunumuz olan Konstitusiya da yol vermir.

Hər kəsin şəxsi həyatı onun kimliyinin təzahürü, şəxsiyyətinin güzgüsüdü. Sadəcə, bu məsələ ilə bağlı geniş sferada maarifləndirmə işi aparmaq lazımdı. Televiziyalar günün müəyyən saatında ən azı, gündə bir dəfə bu sahə ilə bağlı məsləhət verən, gənclərə yol göstərən, onları vaxtında ailə qurmağa təşviq edən mütəxəssisləri dəvət etməlidirlər. Amma bu, mümkünmü? Televiziyalar havayı başa gələcək belə proqramlar üçün bir saatlıq qazanclarından imtina edərlərmi? Hansı televiziya kanalı vətəndaşlıq mövqeyini ortaya qoyub cəsarət nümayiş etdirə bilər ki, cəmiyyət bu qarayaradan xilas olsun? Əgər bunu edə bilən telekanal olarsa, həyatın pozulmuş ritmini və cəmiyyətin əyilmiş tarazlığını düzəltmək mümkündü. Hələ gec deyil...

P.S. Yazını bitirib nöqtə qoyandan sonra informasiyalarla tanış olmaq üçün saytları nəzərdən keçirərkən "Yeni Müsavat" qəzetindəki bir xəbər diqqətimi çəkdi. Yazının başından bəri irəli sürdüyüm fikirlərin məntiqi və real nəticəsini əks etdirən həmin xəbərdə yazılmışdı: "Bakıda qeyri-adi toy mərasimi olub. Yaşı ötmüş qız özünə bəysiz toy edib. Yəni özü özü ilə nikaha

girib... Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib"...

Bu da bu...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00