Corctaun Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov 9 iyul 2016-cı il tarixində ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Makdona Biznes İnstitutunda Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə professor-tələbə heyəti qarşısında çıxış etmişdir.
11 İyul 2016 12:48 SosialAzərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov 9 iyul 2016-cı il tarixində ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Makdona Biznes İnstitutunda Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə professor-tələbə heyəti qarşısında çıxış etmişdir.
Əksəriyyətinin təhsil ilə yanaşı işgüzar fəaliyyətlə də məşğul olduğu auditoriyada əsas məruzəçi qismində çıxış edən səfir dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanın enerji siyasətinin tarixindən və qlobal enerji bazarının inkişafına verdiyi töhfələrdən danışmışdır. O, vurğulamışdır ki, Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən olan və müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan neft strategiyamızın həyata keçirilməsinə 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Səfir bu tarixi hadisə ilə Azərbaycanın ilk dəfə olaraq, Xəzər dənizini və onun enerji ehtiyatlarını dünyanın üzünə açdığını qeyd etmişdir. Daha sonra neft və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Xəzər hövzəsi ölkələrini Aralıq dənizi ilə bağlayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisinin həyata keçirildiyini bildirən Azərbaycan diplomatı bu layihələrin həmçinin regionun iqtisadi inkişafına təkan verdiyini diqqətə çatdırmışdır.
Səfir E.Süleymanov Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış "Əsrin müqaviləsi"ndən 20 il sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini vurğulamışdır. Bunun nəticəsi olaraq, Azərbaycan Cənub və Cənub-Şərqi Avropanın yeni enerji coğrafiyasının formalaşmasının
müəllifinə çevrilmiş, Xəzər dənizi ilə Adriatik dəniz arasında fiziki bağlantı yaradılmışdır. Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəməri zənciri olan "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan qazını Avropa bazarına nəql etməklə yanaşı, regionun enerji infrastrukturunun təkmilləşdirilməsinə və sosial-iqtisadi inkişafına dəstək verəcəkdir. O, ABŞ tərəfindən adıçəkilən layihələrə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu bildirmişdir.
Eyni zamanda, səfir dünyada gedən proseslər, o cümlədən neft və digər xammal məhsullarının qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi irəliləyişin təmin olunması istiqamətində hökumət tərəfindən görülən tədbirlərdən, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlardan söhbət açmışdır. Bildirilmişdir ki, biznes fəaliyyəti üçün lisenziyalar verən qurumların və lisenziyaların sayı azaldılmış, gömrük və vergi proseduraları sadələşdirilmiş, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılmış, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti genişləndirilmişdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda ixracın stimullaşdırılması və idxaldan asılılığın azaldılmasının prioritet olduğu və bu istiqamətində, xüsusən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat və logistika xidmətləri və digər sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilmişdir.
Səfir E.Süleymanov həmçinin şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu söyləmiş və regionun ticarət-tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışmışdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlardan birinin məhz tarixi İpək Yolunun
canlandırılması olduğunu deyən səfir bu layihələrin reallaşdırılması ilə Asiyadan Avropaya və əksinə yük daşımaların dəniz yolu ilə müqayisədə daha qısa və sərfəli olacağını vurğulamışdır.
E.Süleymanov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inteqrasiyasında ciddi maneə olduğunu bildirmişdir. Bu xüsusda, o qeyd etmişdir ki, Cənubi Qafqaz regionunda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı digər region dövlətləri üçün bariz nümunə olmalıdır.
Azərbaycanın nümayəndəsi çıxışında eləcə də ölkəmizin tolerant cəmiyyətə malik olduğunu önə çəkmiş, müsəlman Şərqində ilk demokratik dövlətçilik ənənəsinin Azərbaycanda yarandığını xatırlatmışdır.
Çıxışının sonunda səfir iştirakçıların suallarını cavablandırdı.