Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçirilir
14 İyun 2016 13:24 SosialAndorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, "Qloballaşmaya yeni baxış" panelində çıxış edənlər qloballaşan dünyada artan bərabərsizlik, şirkətlərin ucuz işçi qüvvəsindən və məhdud sosial müdafiədən yararlanması səbəbindən qloballaşmanın istənilməyən nəticələrinin aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparıblar. Paneldə qlobal biznes və demokratiya arasında balansın saxlanılması, həmçinin, daha yaxşı idarəçiliklə qloballaşmanın çatışmazlığının aradan qaldırılması yolları müzakirə olunub. Panel iclasında eləcə də qloballaşan dünyada qüvvələr balansı, beynəlxalq hüquq, iqtisadi məsələlər, texnoloji inqilablar və digər əhəmiyyətli mövzulara da toxunulub. Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa müasir dövrdə dünyada gedən inkişaf proseslərinə toxunub və bugünkü tədbirdə üç əsas məsələnin müzakirəsinin vacibliyini vurğulayıb. O eyni zamanda, kasıblıq, qeyri-sabit vəziyyət, sülh prosesi, Qərb ölkələrinin yürütdüyü siyasət, terrorçu təşkilatlar və digər məsələlərə də toxunub. Somalinin keçmiş Baş naziri Abdiveli Şeyx Əhməd isə milli maraqların təqib olunması, texnologiya, əmək münasibətləri, iqtisadi transformasiya və s. məsələlərlə bağlı fikirlərini bildirib. İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin isə öz çıxışında "Beynəlxalq ticarətdə qaliblər və itirənlər kimlərdir, onların arasında tarazlıq yaranacaqmı?" "Qalib gələnlər itirənləri kompensasiya edəcəkmi?" kimi suallara cavab tapmağa çalışıb. İ.Seragəldin çıxışında son 30 ildə ətraf mühit, sağlamlıq, iqtisadiyyat və digər sahələrdəki dəyişikliklərə toxunaraq, müasir dövrdə işsizliyin problemə çevrildiyini, 50 faiz gəncin işsiz olduğunu diqqətə çatdırıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli Toplantısı işini davam etdirir.