Banklar kredit şərtlərində yenilik ediblər

İstehlak kreditini necə almaq olar?

Azərbaycan Mərkəzi Bankı (AMB) keçirilən son depozit hərracı ilə bağlı məlumat açıqlayıb. Məlumata görə, 13 iyun 2016-cı il tarixində keçirilmiş hərracın nəticələrinə görə banklardan 129 mln. manat depozit cəlb edilib. Depozitlərin orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil edib. Qeyd edək ki, AMB ilk hərracda 150 milyon manat vəsait cəlb etməyi planlaşdırırdı. Bankdan verilən məlumata görə, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir. Bankdan xatırladılıb ki, müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb. Açıqlamada həmçinin bildirilib ki, depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib. Göründüyü kimi Mərkəzi Bank bununla da gözləriyi vəsaiti cəlb edə bilmədi. Bu arada onu da qeyd edək ki, Azərbaycan banklarının kredit portfeli kəskin şəkildə azalıb. Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, 2016-cı il mayın 1-ə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 758,7 milyon manat təşkil edib. Bu ilin əvvəlinə nisbətən 2 milyard 971,7 milyon manat və ya 13,67% azdır. Hesabatdan aydın olur ki, kreditərin azalması iqtisadiyyatın bütün sahələrində baş verib. Belə ki, ticarət və xidmət sektoruna ayrılan kreditlərin həcmi 2 milyard 676,6 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 481,4 milyon manat və ya 15,24% azdır. Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlərin həcmi 296,3 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 20,2 milyon manat və ya 6,4% azdır. Kənd təsərrüfatı və emal sahəsinə verilən kreditlərin həcmi 432 milyon manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 76,1 milyon manat və ya 15% azdır. İnşaat və əmlak sektoruna verilən kreditlər də azalıb. Hesabata görə, mayın 1-ə bu sahəyə verilən kreditlərin həcmi 2 milyard 846,5 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə, 216,7 milyon manat və ya 7,07% azalıb. Sənaye və istehsal sektoruna verilən kreditlərin həcmi 1 milyard 208,8 milyon manat təşkil edir. Bu ilin əvvəli ilə müqayisədə, 739,5 milyon manat və ya 37,95% azalıb. Nəqliyyat və rabitə sahəsinə verilən kreditlərin həcmində isə artım var. Hesabata görə, bu sahədə kredit porotfelinin həcmi 1 milyard 512,3 milyon manat təşkil edib. Bu götərici ilin əvvələ ilə müqayisədə, 46,7 milyon manat və ya 3,2% artıqdır. İstehlak kreditlərinin həcmində də kəskin azalma var. Hesabata görə, mayın 1-ə olan vəziyyətə ölkədə istehlak kreditlərinin həcmi 7 milyard 185,4 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə, 1 milyard 198,2 milyon manat və ya 14,3% azdır. Bununla yanaşı, istehlak kreditlərinin içərisində əmlak almağa yönrəldilən kreditlərin həcmi artıb. Belə ki, hazırda bu sahədə kredit portfeli 1 milyard 570,3 milyon manat təşkil edir. İlin əvvəlindən etibarən bu göstərici 27,9 milyon manat və ya 1,8% artıqdır. Başqa sözlə, hazırda istehlak kreditlərinin daha böyük hissəsi ev və əmlak almağa yönəlib. İlin əvvəlində istehlak kreditlərinin 18,4%-i ev almağa sərf edilirdisə, hazırda bu göstərici 21,85%-ə çatıb.
 Məhz bu kimi amillərin nəticəsi olaraq Azərbaycanda investisiya şirkətləri fəaliyyət üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət etməyə başlayıb. Palatadan bildirilib ki, indiyədək investisiya fəaliyyəti üzrə lisenziya almaq üçün 3 şirkət tərəfindən MBNP-yə daxil olub. Palatadan o da bildirilib ki, bir müraciət üzrə təqdim olunan sənədlərə əlavə və düzəlişlərin edilməsi barədə məktub göndərilib, digər iki müraciətə isə baxılır. Nəzarət Palatasının tövsiyyələrindən sonra bir sıra banklar kredit siyasətini yumuşaltmağa start veriblər. Əldə etdiyimiz məlumata görə, artıq "GünayBank" manatla kreditləşməyə davam edir. Krediti yaşı 21-63 arasında olan müştərilər əldə edə bilər. Günay Bankda kredit 2000 AZN məbləğədək 12 ay müddətinə qədər, illik 24%-lə verilir . Borcalanın bütün kreditləri üzrə ödəniləcək aylıq məbləğ onun aylıq gəlirlərinin 65 faizindən çox olmamalıdır. Əsas borc və faizlər bərabər hissələrlə annuitet şəklində ödənilir. Kredit əldə etmək üçün, şəxs iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından son 6 ay üzrə çıxarışla banka yaxınlaşmalıdır. Kredit verilərkən ailə üzvlərinin sayı, gəlir və xərclər və s. nəzərə alınır. Aylıq ödəniş məbləği hesablanarkən yaşayış minimumu (136 manat) və ali üzvlərinin sayı nəzərə alınır. "Unibank" da kredit şərtlərini dəyişib. Daha dəqiq, iyun ayının 13-dən etibarən kredit götürənin minimal aylıq gəliri ilə bağlı tələb 410 AZN-dən 160 AZN-ə endirilib. Belə ki, Unibankdan kredit götürmək istəyən şəxsin aylıq gəliri, vergilər çıxıldıqdan sonra minimum 160 manat təşkil etməlidir. Unibankın yeni kredit şərtlərinə görə, məbləğindən asılı olmayaraq kredit verilməsi üçün zamin tələb edilmir. Unibankda kredit illik 29%-lə, 300-5000 AZN məbləğində və 3-24 ay müddətə verilir. Komissiya faizi- 1% (min. 20 AZN) təşkil edir. Yeni müştərilər üçün, yaş həddi 20-60 ( kreditin bitmə tarixi) və son iş yerində staj minimal 12 ay təşkil etməli, təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır. Kredit götürmək üçün şəxsiyyəti təsdiq edən sənəd və gəlirləri təsdiq edən sənədlə birlikdə bankın filialına yaxınlaşmaq tələb olunur. Dövlət işində şəxslər iş yerindən arayış, özəl müəssisədə çalışanlar isə elektron arayış və əmək haqqı kartından son 6 ay üzrə çıxarışı təqdim etməlidirlər. Unibankdan təkrar kredit götürmək üçün, ilk kreditin götürülməsi vaxtından 12 ay keçməli və ya əsas borcun 50%-dən çoxu artıq ödənilmiş olmalıdır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00