Göyçay və Şamaxı su altında qaldı

Göyçay rayonuna güclü yağış yağıb.

EL TV  (Region TV) xəbər verir ki, leysan yağışı nəticəsində dağlardan axıb-gələn sel suları rayonun Yekəxana, Qaraməryəm, İncə kəndlərindəki evlərə, həyətyanı və əkin sahələrinə ciddi ziyan vurub.

"Bir az bostan əkmişdim. Qarğıdalı, pomidor, əkmişdim ki, özümüz üçün, dolanışıq üçün", - deyə kənd sakini Zabil Babayev bildirib. Kənd sakinlərinə məxsus ev quşları, meyvə ağacları, xırdabuynuzlu heyvanlar sürətlə axan suyun qurbanı olub. Bir ədəd avtomobili sel aparıb. Həyətlərdə keçilməz su gölməçələri yaranıb.

"Bir-iki heyvanım vardı, ana-bala, heç bilmədim necə oldu, nə təhər oldu, hara getdi", - deyə kənd sakini Sona Babayeva vurğulayıb. Beton və metal suötürücülər, arxlar üzərindəki kiçik körpülər dağılıb. 100 hektardan çox otlaq və taxıl sahəsi suyun altında qalıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın avtomobillərin hərəkəti üçün bağlı qalıb. Asfaltın üzərində hündürlüyü 40-50 santimetrə çatan su nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Dörd tərəfi dağlarla əhatə olunan Aşağı Qaraməryəm və İncə kəndlərində sel suyunun hündürlüyü 4,5 metr olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00