Azərbaycan dünyanın 152 ölkəsi ilə ticarət əməliyyatı aparıb
13 İyun 2016 16:09 Sosial2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 92 ölkəyə məhsul ixrac olunmuş, 143 ölkədən idxal olunmuşdur. Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 6453,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3859,7 milyon dollar, idxalın dəyəri 2594,2 milyon dollar təşkil etmiş, nəticədə 1265,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Ticarət dövriyyəsinin 42,3 faizi Avropa İttifaqı ölkələri, 10,7 faizi MDB üzvü dövlətləri, 47,0 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür. İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.